dini radikalizm və ekstremizmlə mübarizə

Sabir Sadaxlı poeziyasının inciləri


Duman eşqinə

Dəli könlüm, gəl yollanaq
Dağlara, duman eşqinə.
Yurd yeri çağırır məni,
Düşmüşəm yaman eşqinə!.

Nəğmələr suya köklənib,
Eşqimiz göyə köklənib,
Ürəyim neyə köklənib
Düşmüşəm kaman eşqinə

Gül- çiçək mehə tamarzı,
Ləçəklər şehə tamarzı,
Imanım ruha tamarzı,
Düşmüşəm iman eşqinə.

Bulaq başı qonaqsızdı,
Lilparı yox, dolçasızdı,
Çöllər daha xalçasızdı,
Düşmüşəm çəmən eşqinə.

İzim qaldı düzdə, çöldə.
Yorulmadım uzaq yolda.
Allah, qıyma qürbət eldə
Sabirə, Vətən eşqinə.


Nərgiz


A dağların sarı gülü,
Yarı qönçə, yarı gülü,
İntizar qoyub bülbülü
Nə gəzirsən qürbət eldə?!

Meşələrin gözəlisən,
Çiçəklərin əzəlisən,
Çəmənlərdə gəzməlisən.
Nə gəzirsən qürbət eldə?!

Aşiqlər səni dərməzlər ,
Qulac tellərə hörməzlər,
Vallah qədrini bilməzlər
Nə gəzirsən qürbət eldə?!

Qayğna qalanın yoxdur,
Halına yananın yoxdur,
Qadanı alanın yoxdur
Nə gəzirsən qürbət eldə?!


u dünya belə dünyadı.

Boran keçər, duman qalar,
Yaxşı gedər, yaman qalar,
Sevda dolu ümman qalar-
Bu dünya belə dünyadı.

Kədər bizdən uzaqdaydı,
Neçə nəğmə dodaqdaydı,
Ömür hələ qabaqdaydı-
Bu dünya belə dünyadı.

Qanad açardıq uçmağa,
Arzulara tez çatmağa,
Aman verməz göz açmağa-
Bu dünya belə dınyadı.

Getdi neçə can qalmadı,
Qarabağda xan qalmadı,
Hayıf! Zəlimxan qalmadı-
Bu dünya belə dünyadı.


Bu dünya özüdür Türkün başdaşı

Mən bir Qarapapaq Türküyəm, lələ
Elimin o başı, bu başı yoxdur.
Neçəki at çapır belədən belə,
Hələ Türk oğlunun başdaşı yoxdur.
Bu dünya özüdür Türkün başdaşı!

Qayalar baş daşı, qəbri dərələr,
Sinəsi düşmənə keçilməz sipər,
Ölsə bir Əsgəri, mini dirilər -
Hələ Türk oğlunun başdaşı yoxdur.
Bu dünya özüdür Türkün başdaşı!

Neçə bahadır qumlara gömdük.
Tanrı dağlarında buzlara gömdük,
Çöllərə, çaylara, göllərə gömdük-
Hələ Türk oğlunun başdaşı yoxdur.
Bu dünya özüdür Türkün başdaşı!

Dünyaynan yaşıddır bizim yaşımız.
Vətən uğrundadır haqq savaşımız!
Çoxunun başına düşüb daşımız -
Hələ Türk oğlunun başdaşı yoxdur.
Bu dünya özüdür Türkün başdaşı!

Göylərdən etmişik biz Yerə vallah!
Biz idik Tanrı da, biz idik Allah!
Bizik bu dünyanın sahibi vallah! -
Hələ Türk oğlunun başdaşı yoxdur.
Bu dünya özüdür Türkün başdaşı...

Oxunub: 6 883
Oxşar xəbərlər
SON XƏBƏRLƏR