dini radikalizm və ekstremizmlə mübarizə

Nəcibə İlkin poeziyasının inciləri


Nə çobanı, nə qağası bilinir

Aman Allah bir od düşüb canıma,
Zəli kimi dərd daraşıb qanıma,
Bu zamanın sərt üzünü tanıma,
Nə köhləni, nə yorğası bilinir.

Oda düşdüm, yanar oldum yanmadım,
Həqiqəti düz söylədim, danmadım,
Şair gördüm sözlərini qanmadım,
Nə çobanı, nə qağası bilinir.

Tazı gördüm dovşanına qaç deyir,
Dovşan gördüm tazısına köç deyir.
Bala sərçə anasına uç deyir,
Nə kiçiyi, nə darğası bilinir.

Özgə taxtda şahlıq edir çoxusu,
Bürüyüb hər yanı yaltaq qoxusu,
Kara gəlmir əynindəki çuxası.
Nə nökəri, nə ağası bilinir.

Alovlanır ürəyimdə sözlərim,
Çox haqsızlıq görüb bu kor gözlərim,
Qında gördüm yalan, yaltaq üzləri,
Nə tülküsü, nə bağası bilinir.

Nəcibəyəm, sanki düşmüsəm tora,
Bu dərd məni nə öldürə, nə yora,
Bəzi oxuyandan üzümüz qara,
Nə bülbülü, nə qarğası bilinir.



Ölümün qoxusu gəlir burnuma,
Gözlərim cənnətə həsrət daşıyır.
Ayrılıq rəsmini çəkən ürəyim-
Göylərin üzündən bulud daşıyır.

Susur həsrətimin ağrı, acısı.
Deşir ürəyimi intihar yeli.
Yoxdu kədərimin qardaş, bacısı
Barı bircə ağız ola təsəlli...

Gəlmə yuxlarıma, ta sən də ana,
Bir sığal çəkməyə yerim yox daha.
Qarşıla ruhumu gəlir yanına,
Əzrayil imzanı qoyub sabaha.

Yer də qaçıb gedir ayağım altdan,
Tutmağa bir ümid ağacım yoxdu.
Gözümdə yuxular yenə ban verir,
Başımın altında ildırım çaxdı...

Kəfənə bükülüb baxıram bu an,
Birisi əlində baş daşı yonur.
Əlləri qurumuş elə düzəldib,
Şəklimə baxanda bədənim donur.



O gün....

Xalqımın haqq səsi oyandı o gun,
Qanıyla tarixə yazdı səsini.
Azadlıq esqiylə qalxıb ayaģa
Sərdi yollarına od nəfəsini.

Güllə-güllə şəhidləndi sinəsi,
Şəhid-şəhid çiçək açdı səhərim.
Qərənfillər görûşünə tələsdi
Körpə-korpə sevgisinə şəhərin.

Qan içdi torpaģım, bu qan qoxusun
Çəkdik ruhumuza dedik, can, Vətən!
Igid oģullarım, nər oģullarım
Alacaq qisasın qana qan, Vətən!



Sənə baş sağlığı verdim...

Sənə baş sağlığı verdim o gecə,
Dedim ki, olmasın səbrin, Vətənim!
Axı,neçə-neçə odlu ürəyin,
Qazıldı qoynunda qəbri, Vətənim!

Hayqırdı azadlıq istəyi, eşqi,
Qan boğa bilmədi bu qızıl teşti,
Sinənin üstündən zalımlar keçdi,
Kim verdi görəsən əmri, Vətənim!

Çökdü başın üstdə dumanlar, azdım,
O gecə susmadım, qəmli avazdım...
Bilmirəm, ömrümə mən necə yazdım,
"20 yanvar" adlı ömrü, Vətənim!

Oxunub: 4 565
Oxşar xəbərlər
SON XƏBƏRLƏR