dini radikalizm və ekstremizmlə mübarizə

GÜLLƏ DƏYMİŞ DƏSMAL VƏ YA YAŞAYAN ÖLÜ ADAMIN NAĞILI (Bir həyat hekayəsi)


Onlar bir-birini sevib evlənmişdilər. Əmisi qızıydı sevdiyi. Evlənənə qədər nə xəyallar qurmuşdular! Çətin zamanlar idi. Sovet hökuməti hamıya bərabərlik vəd edərək onların ata-baba torpaqları da alınıb kalxoza qatılmışdı. Hamı səhərdən-axşama kimi qarışqa kimi işləyirdi. Əliqulunun yeganə arzusu işləyib pul toplamaq, əmisi qızını şəhərə apararaq buranın cəhənnəm əzabından qurtarmaq idi. O vaxtacan iki bacısına və baldızına elçi gəlməsini arzulayırdı ki, onlara görə ilişib qalmasınlar. Qaynı da hələ çox balacaydı, özləri ilə də apara bilərdilər. Atası da, əmisi də dünyadan köçmüşdülər, hər iki evin məsuliyyəti Əliqulunun çiynində idi. Ağır tayfa olsalar da Əliqulu nə ağırlıq olsa özü çəkmək istəyirdi. Sevimli həyat yoldaşı bütün işlərdə ona kömək edir, ruhdan düşəndə ürək-dirək verərək gələcək firavan günləri barədə nağıllar uydururdu. Əliqulu çox mətin oğlan idi. Tayfalarında ən igid adam hesab olunurdu. Əmiləri ən çıxılmaz vəziyyət yarananda onu haraylayırdılar. Həyat ağır bir məcrada davam etsə də o kəndin ən gözəl xanımı hesab olunan əmisi qızı ilə xoşbəxt idi. Amma altı ayın evliliyi tamam olan gün ağır bir xəbər qara yel kimi onların da kəndlərinin üstünü aldı. Müharibə başlamışdı. Xəbər gələndən cəmi üç gün sonra Əliqulu cəbhəyə yola düşdü. Sevimli Zöhrəsi: "Bax, sağ qayıt, birdən ölsən mən də özümü öldürəcəm, qoy ruhlarımız yenə bir yerdə olsun", deyə burnunu çəkirdi. Əliqulu isə Zöhrənin gözlərini onun özü ilə götürdüyü yaylığı ilə silə-silə:"Heç razı olaram sən öləsən, qayıdacam, əmiqızı, gecələr rahat yatarsan, gəlsəm sübh çağı gələcəm", deyərək onun başını sinəsinə sıxmışdı.
Sovet -Alman müharibəsi 5 ildən çox çəkdi. Əliqulu dəfələrlə ölümün düz bir saniyəliyində oldu, meyidlərin içərisində altı gün ac-susuz qaldı, əsir düşdü, qaçdı, yenə vuruşdu, axır ki, ölmədi. Hər ölüm ayağında, hər müharibənin qızğın vaxtı sevimli əmisi qızı gözlərinin önünə gəldi, düz ürəyinə tuş gələn güllə son anda Zöhrənin özü ilə götürdüyü dəsmalını qorumaq üçün nemes kaskasından kəsib düzəltdiyi nazik qutuya ilişib qaldı. Güllə dəmirin birinci qatını və dəsmalı dəlib keçsə də ikinci qatı aşa bilməmişdi.
Müharibə bitdikdən sonra heç yerdə yubanmadan kəndlərinə,sevimli Zöhrəsinin, doğmalarının yanına can atan Əliqulu meşənin içində yerləşən kiçik kəndlərinə axşam hava qaralandan sonra çatdı. Müharibədən yorğun çıxan kənd mal-qarasını ertədən sahman edərək evlərinə çəkilmişdilər. Əliquluğilin ikiotaqlı kiçik evlərinin balaca akoşkasından həyətə süzülən işıqda yəhərli bir at görsənirdi. At onalrın həyətindəki gedəndə cavan pöhrə olan, indi isə əməlli başlı ağac olmuş armud ağacına bağlanmışdı. At qabağına tökülmüş yemi yeyib qurtarmışdı. Bu onu göstərirdi ki, atın yiyəsi kim idisə çıxıb gedəcəkdi.
Əliqulu hisli -paslı şüşədən içəri boylandı və gözlərinə inanmadı. Kolxoz sədri onun düzəldib getdiyi stolun baş tərəfindəki kətildə oturmuşdu. Damağına qoyduğu siqaret tüstülənirdi. Onun sevimli Zöhrəsi isə dalına bağladığı qundaqla yerə çömələrək kişinin ayaqlarını yuyurdu. Haradasa iki yaşlı əlavə bir uşaq da Zöhrəyə söykənərək siqaret fısqırdan kişiyə baxırdı. Əliqulu yerindəcə donub qalmışdı, necə hərəkət edəcəyini dəqiqləşdirə bilmirdi. Amma getdikcə duman seyrəlirdi. Deməli Zöhrə onu gözləməmiş, kalxoz sədrinə ərə getmişdi. Deməli onu ölmüş biliblər, qara kağız gəlməsəydi o bunu edə bilməzdi. Bu tərəflərdə kəbinli qadına sataşmaq ola bilməzdi. Ondan qara kağız gəlməsindən istifadə edən sədr bu gözəl kəkliyi o dəqiqə ovlamışdı. At da kalxoz sədrinin idi. Bir azdan sədr onun sevimli Zöhrəsi ilə işini bitirəcək, bəlkə qarnına da yeni bir bəbə qoyub qonşu kənddəki evlərinə, birinci arvadının yanına dönəcəkdi.
Əliqulu əvvəlcə evə girərək hər ikisini öldürmək istədi, sonra iki balaca körpəni fikirləşərək fikrindən vaz keçdi. Atın yal-quyruğunu qırxmaq istədi, onun gəldiyini bilərlər deyə bundan da vaz keçib kənd aşağı götürüldü, meşəyə girdi, oradan çaya çatıb üzü üstə suya uzandı. Bağırtısını su udsa da hönkürtüsünü suların yuyub şip-şimal etdiyi göyərmiş çay yatağı saxlaya bilmədi. Qərib və ürək dağlayan inilti vadi boyunca əks -səda verdi.
O yerindən qalxdı. Yenə çay aşağı qaçmağa başladı. Yıxılacağının, nəyəsə ilişəcəyinin fərqində deyildi. Bir qədər qaçdıqdan sonra paltarları sürtündüyü hava axınında üstdən qurusa da, daxildən gələn yanğı bədəninin suyunu çıxarıb çayın suyunda islanmış alt paltarlarına qarışdıraraq kürəklərində köpükləndirirdi. O qaçdıqca qaçırdı, hara qaçırdı, niyə qaçırdı, özü də bilmirdi...əslində o özündən qaçırdı, öz bəxtindən, taleyindən qaçırdı.
Əliqulu qonşu rayonda bir qədər qalıb işlədi. Onun sağ qalması bilinməməliydi. Heysiyyəti tapdalanmışdı, arına, namusuna əl uzadılmışdı, sevdiyi, halalca arvadı əlindən tutulub alınmışdı. Doğrudur, ətrafında gedən söhbətlər zamanı məlum olurdu ki, onun başına gələn yeganə hadisə deyildi. Müharibəyə aparılmayıb yerlərdə saxlanılan bir çox vəzifə sahibləri müharibənin yaratdığı acınacaqlı vəziyyətdən istifadə edərək sahibsiz qalan əsgər ailələrinə tamah salır, onları yoldan çıxarmağa cəhd edirdilər. Əliqulu 1949-cu ildə İrana keçən Sovet qoşunlarından istifadə edərək sərhəddi adlaya bildi.
1990-cı ildə Qorbaçovun Bakıya qoşun yeritməsinin pərdə arxası kimi açılan İran -Azərbaycan sərhəddi uzun müddət tam bərpa oluna bilmədi. Bunun qarşısını almaq üçün İrana keçid məsələsini qanuniləşdirməkdən ötəri bir çox tədbirlər görüldü ki, onlardan da biri sərhədboyu məntəqələrdə yaşayan insanlara İrana keçmək üçün müvəqqəti pasportların verilməsi idi. Səhv etmirəmsə bu pasportlarla 40 gün İranda qalmaq olardı. Belə imkanlardan birində yolum Parsabad şəhərinə düşdü. Əslində bura ikinci səfərim idi. Birinci səfərimdən qabaq bu şəhərdə yaşayan bir nəfərlə öz tərəfimizdə tanış olmuşdum. Bazarı gəzərkən dükan sahiblərindən bir nəfər atasının arada Yardımlı barədə danışdığını dedi və məndən xahiş etdi ki, onunla evlərinə gedim, bəlkə atasından bəzi şeyləri öyrənə bilsinlər. Adı Mətləb olan bu gəncin xahişini yerə salmadım. İmkanlı adam idilər. Bazarda sayılıb-seçilən ən yaxşı dükanlar onların idi. Evlərinə gedəndə bunun bir daha şahidi oldum. İki mərtəbəli evə girəndə zəngin olduqları bir daha görsənirdi. Ağsaqqal üçüən xüsusi mənzil ayrılmışdı. Kişi məni görən kimi çətinliklə də olsa ayağa qalxdı. Hiss olunurdu ki, gənclikdə igid adam olub.75 yaşı var idi. "Vətənindən gəlib, Yardımlıdan", deyə Mətləb məni təqdim etdi. Gözlədiyimin əksinə olaraq ağsaqqal xüsusi bir reaksiya vermədi. Yüngülcə qımışmaqla mənə yanında yer göstərdi. "Bu, mənim yanımda danışmayacaq, keşmişindən heç nə demir, deyir, müharibədə yadımdan çıxıb, başıma güllə dəyib, yaddaşımı itirmişəm. Deyirəm a kişi, camaat famillərini tapır, sən də de, gedəx biz də tapax da, demir heç nə. Mən gedirəm, sizi baş-başa qoyuram, bəlkə sən bu kişini danışdırasan. Ağa, səndən də başqasını gətirmişəm, heç nə deməyib. Sən də şansını bir yoxla", deyə Mətləb gülümsünərək bizdən ayrıldı. Söhbətimiz soyuq məcrada davam edirdi, hətta o səviyyədə ki, canım sıxılırdı. Mən bura kimdənsə kəlbətinlə söz çıxarmağa gəlməmişəm ki,işim -gücüm var. Öyrənirəm ki, adı Nüsrətdir. "Yardımlıdansız?" sualıma da gülümsünür, "Əşi, uşaqlar belə deyir, mən orada o vaxt olmuşam, əsgərliydə", deyə cavab verir. Ancaq bilirəm ki, nəyisə gizlədir. Yəqin o vaxt adam-zad öldürüb, qaçıb bura, ya da nə bilim nə üçün gəlib. Onu bilirəm ki, gələndə burada heç bir tanışı, qohumu olmayıb. Mən də yaşadığım yeri düzgün demirəm, deyirəm, bizə yaxın yerdən olar və buna görə həqiqəti deməz. Rayon mərkəzində yaşadığımı, amma uşaqlıqdan buradan köçdüyümüzü, yalnız institutu qurtarandan sonra yalnız işləmək üçün bura döndüyümü deyirəm. Rayonda heç kimi tanımadığımı deyəndə bir az qırışığı açılır. Axşama qədər söhbət edirik, ordan-burdan. Hiss edirəm ki, söhbətimiz uzandıqca kişinin gözlərinə həsrətdən yaranan kədər çökür, daha çox söhbətə can atır, əvvəlki soyuq, yapışıqsız kişi əsil həmsöhbətə çevrilir. Axşamüstü Mətləb dostumla gəlir. Dostum ağsaqqalın mənim onlarda qalmaq təklifinə razılaşmır. İmkan tapan kimi, kişi qulağıma: "Sabah tezdən gəl bazara, maşın göndərəciyəm, orada olarsan, səni Yardımlını görməyə aparaciyəm", deyə pıçıldayır. Razılıq əlaməıti olaraq başımı yelləyirəm.
Səhər təzə bir "Pejo" ilə yola düşürük. "Ərəbə sürə bilirsən?" deyə ağsaqal soruşur. "Bəli", deyə cavab verirəm. "Saxla maşını", deyə ağsaqqal maşını sürən cavan oğlana əmr edir. Maşın dayanır. "Düş aşağı, biz qayıdana kimi Mətləbin gözünə görsənmə, hara getdiyimizi də demə, bildin?" deyə kişi yenə acıqla oğlana tapşırır. Oğlan "Bəçeşm, ağa", deyə təzim edib maşından uzaqlaşır. Sükanın arxasına keçirəm, kişi yanımda əyləşir. Getdikcə dünyanın hər üzünü görmüş bir cəngavərlə yol-yoldaşlığı etdiyimin fərqində oluram. Ağsaqqal İrana varid olduğu gündən Cənubi Azərbaycanın ən qaynar proseslərində iştirak edib. Uşaqları isə İran-İraq müharibəsinin sayılıb-seçilən döyüşçülərindən olublar. Uzun bir yol qət etdikdən sonra Germinin dağın başında, güneybasarda qərar tutan bir kəndində dayanırıq. "İlk dəfə bu kəndə gəlmişəm", deyir. Sonra əlini uzadıb qarşıdakı təpəni göstərir: "Bax, o təpəni görürsən, bir az dincələk, səni o təpəyə aparacam, oradan Yardımlını görəcəksən, o təpələrin o üzü sizin Daşkəndin ərazisidir."
Kənddə hamı ağsaqqalı böyük hörmətlə qarşılayır. Məlum olur ki, bu kəndin torpaqlarının böyük əksəriyyətini bu kişi alıb. Kənddəkilər də əslində bu kişi üçün çalışırlar. Yemək yeyib bir az dincələndən sonra kənddən olan cavan bir oğlan öz pikap "Neysan"ı ("Nissan") ilə bizi həmən təpəyə aparır. Kişi sürücünü "Gün batar çağı gəlib bizi apararsan", deyərək geri qaytarır. Təpənin aşağısındakı dərəni göstərən ağsaqqal: "Bax, o dərədən o tərəf sizindir", deyir. Qarşıdakı təpədə bizim sərhədçi qülləmiz görsənir. Qüllənin o üzü Yardımlı ərazisidir. Kişinin sözlərinə görə hələ sovetin sərhəddləri ciddi şəkildə qorunduğu dönəmlərdə mənə əli ilə uzaqlarda göstərdiyi yerdə telin altında hazırladığı xüsusi yerdən keçərək dəfələrlə bizim tərəfə keçərək uzaqdan da olsa kəndlərinə tamaşa etmiş, heç kimlə bir kəlmə kəsmədən geri dönmüşdür. Ağsaqqal əyləşərək bütün başına gələnləri mənə danışdı. Əmisi qızı və sədr barədə suallar verəndə gözlərində nifrətqarışıq bir təəssüf hissi ilə iki damla göz yaşı donub qaldı. Bu göz yaşları uzun müddət durduqları yerdə qərar tutdu və nə vaxt hara yoxa çıxqdıqlarının fərqində olmadım. Soruşduğu şəxsləri tanıyırdım, bu boyda etirafdan sonra yalan danışmaq istəmədim: "Tanıyıram", dedim, "amma heç biri həyattda deyil, uşaqları da hərəsi bir tərəfə dağılıb, haqlarında heç bir məlumatım yoxdur" dedim. Amma Nüsrət əminin əmisi qızının sağ olduğunu dəqiq bilirdim. Bir müddət susub qaldıq. Kişi gözlərini bizim taydan çəkmirdi. Birdən dilləndi:" Nə vaxt qayıdırsan?". "Sabah"dedim. "Gərək bunları danışmazdım, madam danışmışam, tez-tez mənim yanıma gəl, özüm də susmaqdan bezimişəm, amma öz aramızda qalsın, yaxşı?", deyə kişi mənim söz verməyimi istəmədən yalnız xüsusi hərəkətlə bunun lazımlı olduğunu anlatdı. Mən də anladığımı başımın xüsusi işarəsi ilə bildirdim. "Qardaşoğlu, istəyirsən gəl Parsabada, sənə bir dükan verim, qəbaləsini də adına keçirim ki, uşaqlar mən öləndən sonra səndən tutub ala bilməsinlər. Nə qədər canım sağdı qal mənim yanımda, ailəni də gətir, mənə də xoş olar. Mən öləndən sonra da istəməzsən, satarsan dükanı çıxıb gedərsən, yenə elinə-yurduna, istərsən də üstünə qoyarsan, biri iki elərsən",deyə qolumdan tutdu. Qolumdan möhkəm tutmuşdu, sanki, bu dəqiqə razılığımı alan kimi, qəbaləni yazacaqdı. "Əmi, səni yoxlamağıma söz verirəm, qalanına da baxarıq", dedim.
Parsabada qayıdana kimi ürəyimdə min dəfə götür-qoy etdiyim və sonda qərar verdiyim məsələ barədə Nüsrət kişiyə heç nə demədim. Parsabadda bazara az qalmış maşını saxlayaraq sınayıcı baxışlarla onu süzərək dilləndim:
─Zöhrə bibi ilə səni görüşdürsəm necə olar? Heç olmasa uzaqdan uzağa görmək istəyərsən?
Nüsrət kişinin qalın , az qala gözlərinə girən uzun qaşları çatıldı və gözləmədiyim şəkildə mənə polad iradəli bir adam təsiri bağışlayan kişi birdən hönkürdü. Cibindən əzik dəsmalını çıxarıb gözlərini silə-silə:
─Hə, istərdim, heç olmasa bir dəfə onu uzaqdan da olsa görmək istərdim. Bütün bu illər ərzində heç yadımdan çıxmayıb, heç özüm də bilməmişəm ona nifrət etmişəm, ya elə əvvəlki kimi istəmişəm. Onun günahı olmayıb, o şərəfsiz onların çətin vəziyyətindən istifadə edib, qara kağızım gələn kimi...─kişi yenə hönkürür-amma gərək heç olmasa müharibə qurtarana kimi gözlərdi, axı mən ona görə ölmədim, iynəsiz əməliyyat edəndə başımın üstündə onu hiss edirdim, məni doğrayanda sanki o əlini alnıma qoymuşdu və mən ona baxdıqca ağrı hiss etmirdim. O isə bu anda başqasının qucağında...,-kişi dəsmalı ilə ciddi-cəhdlə gözlərnin yaşını qurutmağa çalışaraq,-amma görmək istərdim, görüm mənim qoyub getdiyim əmiqızım nə qədər dəyişilib?
─Söz verirəm, nəyin bahasına olursa olsun sizi görüşdürəcəm. Əri çoxdan ölüb, özü də uşaqları ilə bura yaxına, Biləsuvara köçüblər.
Nüsrət kişi sürətötürücü əyləcin üstünə qoyduğum əlimin üstünə iki əlini də qoyub bərk-bərk sıxdı. "Məni evə apar", dedi. Həyətdə ağsaqqalı düşürdüm. O bərk-bərk məni qucaqladı, üz-gözümü öpdü. Sonra bir qədər duruxdu. Nə fikirləşdisə:"Bir az gözlə gəlirəm", deyib evə girdi. Çox keçmədən geri qayıdıb əlində portsiqara oxşar dəmir qutudan xırda bir giliz və ortasında deşiyi olan köhnə də olsa hələ üstündəki gözəl butalarının rəngi tam soluxmamış bir dəsmal çıxardı. "Görsəydim yaxşı olardı, ona iki kəlmə sözüm vardı, amma lazım deyil, tapsan sadəcə bu dəsmalı ona verərsən. Başqa heç nə deməzsən", deyib geri döndü və alaqapıda görünməz oldu.
Vətənə dönəndən bir müddət sonra Zöhrə xanımı tapdım. Keçmiş gözəlliyini hələ də qoruyub saxlayan bu qadın ciddi xəstəliyi olsa da yaxşı qalmışdı. Şux və təravətli görsənirdi. Çağırılmamış qonağı təəcüblə süzən ev sakinlərinə Zöhrə xanım ilə təklikdə söhbət etmək istədiyimi bildirdim. Heç nə demədən maraqla bizə şərait yaratdılar. Zöhrə xanımdan lap keçmiş vaxtlardan danışmağı xahiş etdim. O danışanda Əliqulu barədə heç nə demədi. Mən ortasını güllə yandıran dəsmalı ona uzatdım. Dəsmalı alıb diqqətlə o tərəf bu tərəfə çevirdi, gözlərinə ani duman çökdü:
─Bunu hardan tapmısan, bu bədbəxt əmioğluma mənim verdiyim dəsmaldır. Gör güllə necə deşib. Müharibəyə gedib qayıtmadı. Ah, gözəl əmioğlum.
─Zöhrə bibi, bunu mənə bu dəsmalın sahibi özü verib.
Qadın əvvəlcə diksinir sanki, sonra özünü ələ alıb gülümsünür:
─ Ay bala, İran açılandan sonra çox belə söhbətlər olub, dədəsini tapan kim, ərini tapan kim. Sonra hamısı lux çıxır,-qadın sınayıcı nəzərlərlə bir də diqqətlə mənə baxır.-Əliqulunun qara kağızını bax bu əlimə veriblər.
--Zöhrə bibi, müharibə vaxtı belə şeylər olub.Əliqulu sağdırr, bu dəqiqə İranda yaşayır. Görmək istəyərdiniz?-sonra qadının nə cavab verməsini gözləmədən Nüsrət əminin bütün danışdıqlarını ona söyləyirəm. Zöhrə xanım mən danışdıqca çiyinlərimin üstündən harasa baxıb xəyala gedir və Əliqulunun müharibədən qayıdıb gecəykən özünü kəndə çatdırmasını, pəncərədən hər şeyi görməsini danışanda qadının gözlərindən yaş sel kimi axmağa başlayır. Uzaqdan bunu müşahidə edən uşaqlardan biri tez özünü bizə yetirir: "Nənə, sənə nə oldu, niyə ağlayırsan?" deyəndə, qadın özünü toplamağa çalışıb uzun tyumanının ətəyi ilə gözlərini silir. "Get bala , mane olma, bu balam İranda yaşayan yaxın bir evladımızdan xəbər gətirib, çox yaxın olmuşuq, onu eşitdim, ürəyim xarab oldu, ged , mane olma". Uşaq bizdən aralanıb evdə öz müşahidə məntəqəsinə yollanır. Qadın sanki heykələ dönür, quruyub qalıb. Keçmiş xatirələrindən onu bir müddət baş-başa qoymaq istəyirəm. Bir qədər keçəndən sonra qəfil soruşuram:
─Bibi, Əliqulu əmi təkcə bunu sizə verməyimi istədi, əlavə heç nə danışmamağımı tapşırdı, amma mən hər şeydən öncə bir doğma adamınızın sağ olması xəbərini verməklə sizi sevindirmək istədim.
Qadın fikrə getmişdi, sanki canlı heykəldi. Bəlkə də səhv etmişdim. Amma bəlkə də elə-belə lazım idi. Ünvanımı, telefon nömrəmi yazıb qarşımızdakı qənd qabının altına qoydum və "sağ olun" deyib ayrılanda qadın hələ də bir məchula baxırdı.
Üstündən aylar keçdi. Bir gün ev telefonumuza zəng gəldi. Zöhrə xanımın oğlu idi. Salam-kalamdan sonra zəng etməsinin səbəbini açıqladı:
─Bağışlayın, sizi də narahat edirik, amma anam sizin tapdığınız əmisi oğlu ilə görüşmək istəyir.
Nə cavab verəcəyimi bilmədim. Özümü toparlayıb:
─Onlar həmin ünvandan köçüblər, özüm də axtarıram, tapan kimi məlumat verərəm, bir yerdə gedərik.
Nüsrət əmidən icazə almadan bunu edə bilməzdim. Çətinliklə də olsa Mətləbə telefon açdım. Aldığım xəbər məni sarsıtdı. Ağsaqqalda xərçəng tapılmışdı. Təcili Parsabada getdim. Əvvəlki kişidən əsər-əlamət qalmamışdı. Çox arıqlamışdı, gicgahlarında dərin bir çuxur əmələ gəlmişdi. Sifarişini yerinə yetirdiyimi bildirdim. Gözləri parıldadı, sifətində peyda olan məmnunluq tez də itib getdi. Zöhrə xanımın oğlunun zəngini də dedim. Bu dəfə sanki sifətini bulud aldı, tez də dilləndi:
─Yox, lazım deyil, bu vəziyyətdə məni heç kimin görməsini istəmirəm.
Bir-iki gün yanında qalıb imkan düşən kimi bacılarının məzarından götürdüyüm torpağı ona verdim və geri qayıtdım.
Üstündən bir-neçə ay da keçdi. Bu dəfə Mətləb zəhg vurdu. Atasının vəfat etdiyini dedi. Pasport düzəldənə kimi arada fasilə yarandı. İmkan düşən kimi getdim. Dedilər ki, məndən ayrılandan sonra kəndə köçüb. Hər gün biz dayandığımız təpənin başına çıxıb teldən o üzə baxır-baxır, axşam evə qayıdırmış. Bir gün isə sonuncu gedişi olur. Ardınca gedəndə kişini oturduğu daşın üstündə keçinmiş vəziyyətdə görürlər. Öz vəsiyyətinə uyğun olaraq elə orada da dəfn etmişdilər.
Mətləb ürəyimdən keçəni xəbər verdi. Məni ağsaqqalın ziyarətinə apardı.
Evə dönəndən sonra Zöhrə xanımın oğlunun mənə verdiyi telefona zəng edib əmioğlunun vəfat etdiyini bildirdim və məzarının yerini dedim.
Hər dəfə yolum o səmtdən düşəndə təpənin başındakı bu tənha məzara baş çəkirəm, nə qədər yoldan kənar olsa belə. Sinə daşının üstündə vəsiyyətinə uyğun olaraq belə bir bayatı yazılıb:
Dağların qarı mənəm.
Gün dəyər ərimərəm.
Qəbrimi dayaz qazın,
Qəribəm, çürümərəm.
Sonuncu dəfə iki il əvvəl ziyarətinə getmişdim. Və bu dəfə sanki qəribə bir şey kəşf etdim. Qərib eloğlum məzarda düz üzü vətəninə uyuyurdu, məzarın baş daşındakı şəkil isə düz əmisi qızı Zöhrənin əbədi uyuduğu səmtə baxırdı.

Zahir Məlikli

Oxunub: 1 351
Oxşar xəbərlər
SON XƏBƏRLƏR