dini radikalizm və ekstremizmlə mübarizə

Nəriman Nərimanlı poeziyasının inciləri


BU QIZIN

Möcüzədir, hər fəsildə qönçə gül,
Bilinməyir qışı, yazı bu qızın.
Ədası var, yerə, göyə sığışmır,
Öldürəcək məni nazı bu qızın.

Göz oxşayır zülüm saçan cilvəsi,
Həsrətində tay-tuşunun cümləsi.
Qara günüm-gözlərində sürməsi
Öldürəcək məni nazı bu qızın.

Sinə meydan, zülf pərişan, bel incə,
Ağıl çaşdı, huşum getdi görüncə.
Bu yaşımda yaman döndüm gülüncə
Öldürəcək məni nazı bu qızın.

Qocalırsan, yorğa getmə, Nəriman,
Gözəllərdə nə din olur, nə iman.
Sevəcəkmi? Milyon arzu, bir güman
Öldürəcək məni nazı bu qızın...


BİLMİRƏM

Sağa-sola kəklik kimi səkən qız,
Sağım harda, solum harda, bilmirəm.
Gəzdiyimiz cığırları ot basıb,
İzim harda, yolum harda, bilmirəm.

Nə müddətdi ruhum pərən-pərəndi,
Həsrət gözüm o vaxt səni görəndi.
Ömür bitir, qocalıq ta dirəndi
Boşum harda, dolum harda, bilmirəm.

Sən gedəni ruhum çıxıb bədəndən,
Soruşuran halın gəlib-gedəndən,
Nə çəkirəm səni məndən edəndən
Başım harda, qolum harda, bilmirəm.

Nə görmüşdüm, həsrət qaldım səndə mən,
Sən məndəsən, fəqət yoxam səndə mən.
İstəyirəm köçüm gedim kəndə mən
Ulaq harda, çulu harda, bilmirəm.

Kaş deyəydin dönəcəksən geri sən,
Qayıt, yenə sinəm üstə yeri sən.
Həsrət qoşa, biri mənəm, biri sən
Qalım harda, olum harda, bilmirəm...


ƏYİLMƏRƏM

Susadılar qanımıza,
Az qalır gözə qan sıza.
Könül, zalıma, qansıza
Kaman olub əyilmərəm.

Yıx evimi tikə-tikə,
Doğranmışam tikə-tikə.
Sanma məni yağlı tikə
Haramlara yeyilmərəm.

Əqidəm düz, özüm düzəm,
Söz gəzirəm sapa düzəm.
Hələ deyilməmiş sözəm
Yerli-yersiz deyilmərəm.

Can əhlinə can deyirəm,
Qan əhlinə qan deyirəm.
Mən ölçüsüz don deyiləm
Hər ölçüyə geyilmərəm.

Durulmuşam, təmiz adam,
Duruldu, saflaşır adam.
Gövrəlməyən bir poladam
Aşınmaram, yeyilmərəm.

Ömür qürub, bu dünya dan,
Nələr gördün, a dünya, dan.
Köçüb getsəm bu dünyadan
Arxayınam, söyülmərəm.


NƏ EDİM?

Çəkirəm xeyli cəfa hüsnü gözəldən, nə edim?
Hüsnünə həsrət olub düşdü göz əldən, nə edim?

Bir zamanlar tər idim, qönçə budaqlardı yerim,
İndi fərqim belə yox yerdə xəzəldən, nə edim?

Baxışı verdi ümid, şükr elədim, səbr elədim,
Bəxt deyilən o mirət yoxsa əzəldən, nə edim?

Sonra da aldı əlimdən yarı amadə rəqib,
Mən gəlincə özümə, getdi yar eldən, nə edim?

İndi bax diş tökülüb, saç ağarıb, bel bükülüb,
Tək qəbrdir dedilər qəddi düzəldən, nə edim?

Nərmanam, yox ümidim ta ki, vüsal qismət ola,
Yazıram cızma-qara, şer-qəzəldən, nə edim?.


GÖZƏL

Yenə ürkək maral kimi
Nə çıxmısan düzə, gözəl?
Yeridikcə dalğalanır,
Zülfün düşüb üzə, gözəl.

Dik tutubsan məğrur başı,
Oynadırsan gözü, qaşı.
Bilərəkdən yeri naşı-
Gəlməyəsən gözə, gözəl.

Yan-yörəni yandırıb yax,
Hər sinəyə bir yara tax.
Hərdən mənə qıyqacı bax
Baxma özgə sözə, gözəl.

Nərimanam, düz ilqarım,
Sən olmusan yoxum, varım.
Tükənməzdir arzularım
Yaşım çata yüzə, gözəl.

Oxunub: 5 903
Oxşar xəbərlər
SON XƏBƏRLƏR