XOCALIM..
O günlər gözümdən getməyib hələ,
Ah-nalən göylərə yetməyib hələ.
Qeyrəti əkmişik bitməyib hələ,
Biqeyrət əlindən itən Xocalım.
Satıldın düşmənə göz görə-görə,
Heyif,qurban getdin böhtana,şərə.
Girsin namusumuz,qoy girsin yerə,
Səni tapdaladı yetən, Xocalım.
Lalsan,dilin batıb daşa dönmüsən,
Sanki yox imişsən,boşa dönmüsən.
Hələ,gözlərimdə yaşa dönmüsən,
Dərdi ürəyimdə bitən Xocalım.
Ağlayıb,kor olub gözü,dərdinə,
Kar etməz yalançı sözü dərdinə.
İndi yas tutubdur özü dərdinə,
Yanıb,qəmli-qəmli ötən Xocalım.
Saralıb gültəki solsan da belə,
Yiyəsiz,lap yetim olsan da belə.
Yağı əllərində qalsan da belə,
Vətən torağısan,Vətən Xocalım.
XOCALIM..
Çarə,yanıb,ağlayıb sıxılmağım deyil ki,
Günah bu millətindir,yıxılmağın deyil ki.
Sənin talan olmağın yox olmağın deyil ki,
Sönməyən Günəş kimi hey yanarsan,Xocalım,
Yaşayırsan bizimlə hələ varsan,Xocalım.
Sinəmə dağ çəkibdir sağalmaz dərdin sənin,
Üzünə necə baxar satqın,namərdin sənin ?
Hazırdır can verməyə yolunda mərdin sənin,
Babalardan bizlərə yadigarsan,Xocalım,
Yaşayırsan bizimlə hələ varsan,Xocalım.
De, kim oldu saxlayıb, ya tutan qeyrətləri ?
Qeyrətsizlik içində bu batan qeyrətləri.
Ah-nalən oyatmadı bax, yatan qeyrətləri,
Sən, nigaran ruhlara bir məzarsan, Xocalım,
Yaşayırsan bizimlə hələ varsan, Xocalım.
Axdı şəhid qanları töküldü daşın üstə,
Qanla dolu bir tarix yazıldı yaşın üstə.
Nə vaxt dalğalanarsa bayrağım başın üstə,
Bax, onda deyəcəyəm bəxtiyarsan, Xocalım,
Yaşayırsan bizimlə hələ varsan, Xocalım.
Üzünə heç gülmədi nə dövran, zaman sənin,
Acı talein üçün olmuşam yanan sənin.
Qafqazam,bir canım var yolunda qurban sənin,
İndi, yiyəsiz qalan bir diyarsan, Xocalım.
Yaşayırsan bizimlə hələ varsan, Xocalım.
Qafqaz Quruçaylı…
Oxunub: 1 516