dini radikalizm və ekstremizmlə mübarizə

BİZİM BÜTÜN HƏR ŞEYİMİZ YALNIZ "KİTABİ-DƏDƏ QORQUD" DASTANIDIR!


"Kitabi-Dədə Qorqud" dastanı çox böyük, sirrli bir xəzinə və qiymətli bir kitabdır. Biz ilk dəfə kim olduğumuzu məhz buradan öyrəndik. Bu dastan, daha doğrusu, adını çəkdiyim bu əsər bizim bir növ milli və şəxsi kimliyimizdir. Çünki, bizim kim olduğumuz; haradan gəlib, haraya getdiyimiz; tariximiz, milli adət-ənənələrimiz, şanlı keçmişimiz, kimlərin soyundan olduğumuz, hansı şərəfli kişilərin nəslindən törədiyimiz; vətənə sahib çıxmaq, dövlətin idarə olunması, hərbi qayda-qanunlar, döyüş üsulları, Allaha ibadət etmək, ağaların əmrində olmaq, dövlət başçısının daima yanında olmaq, ağsaqqallara hörmət etmək, sözünü eşitmək və onlara əməl etmək sırf bu müqəddəs kitabda qeyd olunmuşdur. Mən deyərdim ki, bu kitab birmənalı olaraq dövlət əhəmiyyətli bir kitabdır. O, çox ciddi bir şəkildə qorunmalı, təbliğ edilməli və xüsusilə gənclərə, gələcək nəsillərə ciddi-cəhdlə təlqin edilməlidir. Qorqud atamızın mübarək ağzından çıxan hər bir söz biz Azərbaycan türkləri üçün qızıldan qiymətli, əhəmiyyətli, ciddi və lazımlıdır. Vaxtı ilə, Oğuz igidləri ona qulaq asmadı, son nəticədə isə, Allahın cəzalarına rast gəldilər. Bizlər ondan sonrakı nəsillərik, heç olmasa, bizlər Dədə Qorqudun vəsiyyətlərinə, əmrlərinə, öyüd-nəsihətlərinə, kəlamlarına əməl edək və nankor, naxələf övladlar olmayaq. Bu günləri Azərbaycan xalqının bu dəyərli kitaba olduqca çox ehtiyacı vardır. Çünki, bu kitab bizlərə qaranlıqda yol göstərən bir işıq olmaqla yanaşı, həm də ki, həyatımızı xeyirli, faydalı tərəfə istiqamətləndirən yol işarəsi kimi zəruri bir vasitədir. Bu kitab bizi vətənə sahib çıxmağa, dövlətin yanında olmağa, millət kimi layiqli bir şəkildə tamam-kamal formalaşmağa, torpağa qayğı göstərməyə, daxili və xarici düşmənləri, vətən xainlərini məhv etməyə, milli-mənəvi dəyərlərimizi qorumağa, adət-ənənələrimiz ilə yaşamağa, yad-yabancı şeylərdən uzaqlaşmağa, el-obaya bağlı olmağa səsləyir və çağırır! "Vətən, Millət, Dövlət, Bayraq" kimi ali, müqəddəs bir məfhumu şüar edərək onu ən ucalara qaldırmağa əmr edir. Belə bir dastandan üz çevirmək və yaxud da ki, Allah eləməmiş, heç ona biganə şəkildə yanaşmaq olarmı? Təbii ki, xeyr. Əgər elə olarsa, o zaman, elimizin ağsaqqalı olan Dədə Qorqudun haqqı bizi tutar! Azərbaycanımızın torpağı, suyu, havası, çörəyi, hər qarışı bizə haram olar! El-oba uğrunda şəhid olan, bu torpağı öz qırmızı qanları ilə sulayan babaigidlərin ali ruhu bizlərə qənim olar! Əstəğfürullah! Biz heç vaxt o xətaya yol verərək lənət yiyəsi olmaq istəmərik! Allahdan istəyimiz budur ki, həm adını qeyd etdiyim bu dastana və həm də ki, onun içərisindəki o buyurulanlara bir vətən övladı kimi layiq olaq, onlara sahib çıxa bilək. Beləliklə, Dərbənd torpağında yatan o müdrik qocanın ruhu şad olar və bizlərə də xoş dualar edər.

Ərtoğrul Aypar

Oxunub: 1 031
Oxşar xəbərlər
SON XƏBƏRLƏR