dini radikalizm və ekstremizmlə mübarizə

MİRƏLİ MƏMMƏD QƏLƏMİNDƏN SÜZÜLƏN İNCİLƏR


ŞAİRİN YERİ VAR
HAQQ DÜNYASINDA
Haqqa arxalanıb, haqqa üz tutub,
Şairin yeri var haqq dünyasında.
Ədalət axtarıb, qəlbin düz tutub,
Şairin yeri var haqq dünyasında.

Vicdana baş əyən kölədirsə O,
Səxavətə ağır şələdirsə O,
Allah adamıdır, belədirsə O,
Şairin yeri var haqq dünyasında.

Yaxşılıq etməkdən doymursa əgər,
Evinə haram mal qoymursa əgər,
Xalqının zülmünə qıymırsa əgər,
Şairin yeri var haqq dünyasında.

Allahını sevən bəndədi şair,
Humanist insandı, öndədi şair,
Ondadı, səndədi, məndədi şair,
Şairin yeri var haqq dünyasında.

Mirəli Məmmədəm, bilməyən bilsin,
Nə qədər yaşayır ölməyən bilsin,
Qoy haqqın yoluna gəlməyən bilsin,
Şairin yeri var haqq dünyasında.


SƏN NİYƏ YATMISAN
AY MİLLƏT, NİYƏ ?

Düşmənlər Şuşada yallı gedirlər,
Sən niyə yatmısan ay millət, niyə?
Bizə yandıx verib rişxənd edirlər,
Yanıram, içimi dərd yeyə-yeyə.
Sən niyə yatmısan ay millət, niyə?

Az qala otuz il keçir o vaxtdan,
Bizi dəryazlayır, biçir o vaxtdan,
Zaman da quş kimi uçur o vaxtdan,
Torpaqlar alınmır, əl açıb göyə.
Sən niyə yatmısan ay millət, niyə?

Bizi arzulayır o məğrur dağlar,
Yamyaşıl meşələr, çənnət tək bağlar,
Yaddan çıxmır axı bəxtəvər çağlar,
Necə unudasan can deyə-deyə.
Sən niyə yatmısan ay millət, niyə?

Gör neçə rayonlar işğalda qalıb,
Bir milyon xalqımı didərgin salıb,
Mirəli Məmmədəm ömrüm qısalıb,
Qələbəni görüm, inanım səyə.
Sən niyə yatmısan ay millət, niyə?


KÖÇ GƏL HƏMİŞƏLİK
QƏLBİMDƏ YAŞA

Yurd-yurddan deyirlər səyalı olar,
Köç gəl həmişəlik qəlbimdə yaşa.
Yaz gələr içimdə açılar bahar,
Köç gəl həmişəlik qəlbimdə yaşa.

Həyatın yolları yoxuş, enişdi,
Hər kəsin başına gələn bir işdi,
Daxmam kiçiksə də qəlbim genişdi,
Köç gəl həmişəlik qəlbimdə yaşa.

Həsrəti əlimlə boğasıyam mən,
Səni ürəyimə yığasıyam mən,
Biləsən, sözümün ağasıyam mən,
Köç gəl həmişəlik qəlbimdə yaşa.

Sevgidən çəkdiyim dad alovunu,
Doğma hiss etdiyim yad alovunu,
Söndür ürəyimin od-alovunu,
Köç gəl həmişəlik qəlbimdə yaşa.

Mirəli Məmmədəm, mən dönə-dönə,
Deyirəm bir dinlə, qulaq as mənə,
Nəyim var hamısı qurbandı sənə,
Köç gəl həmişəlik qəlbimdə yaşa.


BİR ÖVLAD KİMİ

Dostu-dost bilənin, qohumu-qohum,
Ötmərəm yanından heç vaxt yad kimi.
Qohum da, qardaş da, oğul da, qız da,
Arxadı,köməkdi qol-qanad kimi.

Mən də yad deyiləm, doğma san məni,
Hərdən-hərdən yadına sal, an məni,
Elə möhkəm sıxıb bu dövran məni,
Bişib bərkimişəm mən polad kimi.

Daşa yazılmamış hələ daş adım,
Köhlənimi söz bağında tuşadım,
Bir ömürdə neçə ömür yaşadım,
Bir arzu, bir istək, bir murad kimi.

Dostlar bilin, nə şöhrət, nə şanım var,
Nə var-dövlət, nə geniş imkanım var,
Mirəliyəm, nə qədər ki canım var,
Borcluyam Vətənə bir övlad kimi.

Oxunub: 882
Oxşar xəbərlər
SON XƏBƏRLƏR