Elə bil ki, tək qalmışam
Mən anasız, bir adada
Dostlar, deyin anatək pak
Varlıq varmı bu dünyada?!
Dünyasını dəyişəndə
Ana-ana deyənlərin
Dərd ömrünü atır oda!
Övlad üçün ən dəhşətli
Bir əzabdır ana dağı!
Övladlara kədər verər,
Anaların ayrılığı!
Sərkərdələr, dahilər də
Dağ üstünə dağ qoyan da
Qartal kimi göyə qalxıb
Göy üzündə uyuyan da,
Anaların laylasının
Atəşinə sığınıbdı.
Hərarətli dünyasının
Atəşiylə qızınıbdı.
Sanıbdır can dəyanəti
Dilinin xoş kəlməsini
Ürəyinə şərbət kimi
İçiribdir bal səsini.
Övlad kimi anaların
Borcundan yox çıxan, məncə!
Anasına görə oda
Yox özünü yaxan məncə!
Öz Sərəncam anam qəfil
Əzraillə döyüşəndə
Dünyasını dəyişəndə
İldırımtək başım üstə,
Çaxdı ana ayrılığı!
Varlığımı qızmar şişə
Taxdı ana ayrılığı!
Mənə baxdı yağı kimi,
Sinələrin dağı kimi
Ürəyimə ağı kimi
Axdı, ana ayrılığı!
Dayandım mən dərdlə qoşa,
Ömür yazım döndü qışa,
Sevincimi dərhal daşa,
Çaxdı ana ayrılığı!
Taqətimi kəsdi fələk,
Qan yelitək əsdi külək,
Ürəyimi məngənətək,
Sıxdı ana ayrılığı!
Andım şirin dillərini,
Öpdüm solğun güllərini
Vida çağı əllərimi
Sıxdı ana ayrılığı!
Köçən günün gecəsində
Onu gördüm mən yuxuda!
Od içində yanan ömrüm,
Sanki oldu şən, yuxuda!
Anam dedi: qanadlanıb
Əziz atan İlyasla, bil,
Gen səmada uçuram mən!
Gözlərindən yaş axıdan.
Səmanı da qucuram mən!
Biz səmada qərar tutub
Yurd salmışıq, bir bax, oğul!
Sanma heç də sən ananın.
Ayrılığın günah, oğul!
Rahat nəfəs alıb yaşa,
Qoy narahat olmayım mən!
Övladların, nəvələrin
Mən əvəzdən öp üzündən.
Elə et ki, süzülməsin
Həsrət yaşı qoy gözündən!
Dedim: ana, qardaşımı,
Əziz canım sirdaşımı.
Qarşıla, sil göz yaşımı,
Qucaqladım baş daşını.
Hamımızdan tez qovuşdu,
Nəm torpağa tez uyuşdu,
Səmalara nə tez uçdu,
Qəm-qüssədən tez sovuşdu.
Ruhu indi rahat oldu,
Qəlbi intizarla doldu,
Yaşıl budaq nə tez soldu?
Bu yol gedər-gəlməz yoldur.
Oyan, ana aç qolunu,
Namiq gəlib bağrına bas,
Gözləyirdin sən yolunu,
Saxlayırıq anasız, yas.
Ağdamında yaşasaydı,
Son qoyardı, göz yaşına
46 yaş nə yaşdır ki?
O, çatardı yüz yaşına.
Ana! Oğlun səninlədir,
Dinlə könül sözlərini,
Sən narahat olma daha,
Yığ yollardan gözlərini.
İlyas adın yaşadanın
Qeydinə qal, dərdinə yan,
Fikir etmə ayrılığa.
Ayrılıbdı bədəndən can.
Anam dedi:
Çətin olar bu qayıtma,
Yeməyini ye, soyutma!
Axı mənim əziz ruhum
İmkan verməz dərd çəkəsən!
Qoymaram ki, göz yaşınla
Ürəyində qəm əkəsən!
Ana, ana deyib, necə
Öz səsimə ayılanda,
Hiss etdim ki, gördüklərim
Bir gerçək yox, yuxu imiş.
Necə olub, köçən çağı
O, yuxuma gəlib girmiş!
Qəm oduna alışanda,
Səmalarda bunu bilmiş.
Yuxudakı sözlərini
Yada salıb az da olsa
Bir təsəlli tapa bildim!
Yaddaşıma həkk olunan.
Bu yuxunu tez söylədim
Ayılanda, doğmalara,
Dedim, Novruz! Anam mənə
Səmalardan əl eylədi.
Qucaqlayıb məni öpdü,
Dərddən yanan ürəyimə
Ürəyini qəm eylədi.
Anam dedi: qorxma, bala,
Mən uçuram səmalarda...
Səmada hey axtarıram,
Gecə-gündüz, mən canımı.
Rəbbim çəkib dərgahına,
Qəbul edib pak anamı…
Elə bil ki, ölmüş idim,
Mən dünyaya indi gəldim!
Ana! Mənim yuxumda da,
Öz dərdimi dərdin bildin.
Mən anamın həsrətin də,
Adı kimi pak tutacam!
Təkcə ana adın deyil,
Həsrətin də yaşadacam!
Həsrətini yara sanıb,
Həsrətimlə sağaldacam!
Nə qədər ki, Rauf sağdır
O müqəddəs varlığımı,
Əzizləyib hər ikisin,
Ata-ana ayrılığın.
Ürəyimdə yaşadacam!
Ürəyimdə yaşadacam!
Rauf İlyasoğlu
Oxunub: 780