Güvənlə atılan təməl, inamla gedilən yol
Xarici ölkələrin nüfuzlu ali məktəblərini, elm adamlarının həyatını araşdırarkən, bir məqam üzərində həmişə düşünürəm: elmin inkişaf tarixinə nəzər saldıqda görmək mümkündür ki, Azərbaycanın, eləcə də Şərq dünyasının görkəmli alimləri zaman-zaman bu inkişafa öz layiqli töhfələrini veriblər.
Ədəbiyyatdan, poeziyadan tutmuş fizika, riyaziyyat, astronomiya, tibb, kimya, pedaqogika, musiqi sahəsinə qədər Azərbaycanlı alimlərin, sənət adamlarının nailiyyətləri dünyada bu elm sahələrinin inkişafında təməl rolunu oynayıb. Görkəmli Azərbaycanlı alim Xudu Məmmədov yazır: “Hər bir xalq dünya sivilizasiyasına nə qədər pay verirsə, ancaq o qədər də götürə bilər.”
Bu baxımdan Azərbaycan xalqının dünya silizasiyasından götürməli çox payı var. Biz sivilizasiyanın inkişafına öz bilik və intellektimizlə çox şeylər bəxş etmişik. Xalqımızın genetik kodlarında yaşayan intellekt müasir dövrümüzdə də bəşəriyyət üçün faydalı işlər görməyə imkan yaradır. Bu gün biz daha çox xaricdə yaşayan alim həmyerlilərimizin timsalında qlobal miqyaslı elmi nailiyyətlərin əldə edilməsinin şahidi oluruq. Amma bu məqam məni narahat etmir, əksinə, sevindirir.
Birincisi ona görə ki, onlar azərbaycanlıdırlar, harada olsalar, hansı uğurlara imza atsalar belə, adlarının qarşısında azərbaycanlı olduqları yazılır. İkincisi isə onlar Azərbaycan məktəb mühitinin, Azərbaycan təhsil mühitinin, mənəvi mühitinin yetirmələri kimi dünyanın elmi sisteminə qoşulur, görkəmli alim Xudu Məmmədovun da dediyi kimi, bəşər sivilizasiyasının inkişafına öz paylarını bəxş edirlər. Üçüncüsü, düşünərəm ki, millətimizin intellekt, bilik yaddaşı əsrlərdən əsrlərə, nəsillərdən nəsillərə ötürülərək bəşəriyyət, insanlıq üçün yaşayır. Bu, günümüz üçün, gələcəyimiz üçün, gənclərimizin öz intellektlərini, elmlərini, mənəvi hazırlıqlarını dəyərləndirmək, cəmiyyətdə motivasiya yaratmaq baxımından da vacib amildir. Elm bir zəncir kimidir. Bir elm sahəsi öz daxilində yaşayıb inkişaf etdiyi kimi, digər elm sahələrinin də inkişafında iştirak edir. Kimyada fizikanı, riyaziyyatda ədəbiyyatı, incəsənəti, bütün elmlərdə isə fəlsəfəni görmək mümkündür.
1990-cı illərin sonlarından başlayaraq dünyanın müxtəlif ölkələrinə elm və təhsil üçün yol alan gənclərimiz bu gün artıq öz elmi nailiyyətləri, dünya elminə töhfə verən ideya və kəşfləri ilə ən nüfuzlu universitetlərin elmi dairələrində sayılıb-seçilən alim kimi görünməkdədirlər. Onlar öz sahələri üzrə ən nüfuzlu elmi jurnallarda aktual mövzularda çıxış edir, alimlər, elmi dairələr tərəfindən qəbul edilir, istinad olunur, etimad göstərilirlər. Sevindirici haldır ki, Avropada və dünyanın digər ölkələrinin elmi təşkilatlarında nüfuz qazanan həmyerlilərimizin böyük qismi gənclərdir. Almaniyanın Köln Universitet klinikasının Diaqnostik Radiologiya və İnvaziv Radiologiya İnstitutunun şöbə müdiri, həkim-radioloq, Avropa, Amerika və Almaniya Radioloqlar Cəmiyyətinin üzvü, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru Nuran Abdullayev də bu sıradadır.
Nuran Abdullayev 1989-cu ildə Bakı şəhərində anadan olub. Nuranın gələcək ömür yolunun müəyyənləşməsində 5-ci sinifdən təhsil almağa başladığı Bakı şəhərindəki Xarici Dillər Təmayüllü Gimnaziyanın təlim-tərbiyə mühiti əhəmiyyətli rol oynayıb. O, ölkənin ən yaxşı orta məktəblərindən biri olan Xarici Dillər Təmayüllü Gimnaziyada ingilis dilində sərbəst danışmaq bacarıqlarına yiyələnib. 2006-cı ildə məktəbi fərqlənmə attestatı ilə bitirərək Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olub. 2012-ci ildə Universiteti fərqlənmə diplomu ilə başa vurub. Nuran həkimliyi təsadüfü seçməyib. Bu sənətə yiyələnmək onun uşaqlıq arzusu olub. Əmilərini, bibilərini, dayılarını həkim kimi görən Nuranın qəlbində, böyüdükcə həkimlik istəyi də böyüyüb. Atasının tövsiyələri isə bu istəyin düşüncələrinə hakim kəsilməsinə, marağının daha da artmasına yol açıb. İnsanın uşaqlıqdan seçdiyi peşə ilə bağlı fikirləri formalaşarsa, bu onun beynini, düşüncələrini xaotiklikdən azad edir, fikirlərində dəqiqlik, nizam-intizam yaradır. Şübhə yoxdur ki, bu düşüncə tərzi uşaq böyüdükcə onun xarakterinin formalaşması zamanı əhəmiyyətli rol oynayır. O, Tibb Universitetində nəzəri və təcrübi bacarıqlara mükəmməl şəkildə yiyələnib. Hələ tələbəlik illərindən yalnız universitetdə aldığı biliklərlə kifayətlənmir, dünya tibb aləminin tarixi və müasir inkişaf tendensiyaları, tibbin hazırkı vəziyyəti, onun inkişafını şərtləndirən amilləri, tibbin ən aktual sahələri ilə maraqlanmağa başlayıb. Hələlik Avropaya əli yetməsə də, tədqiqatlarına Türkiyədən başlayır. Türkiyənin müxtəlif universitetlərində, o cümlədən Çapa Universitetində təcrübə mübadiləsində, yay təcrübələrində iştirak edir. Azərbaycanda ilk dəfə keçirilən türkdilli dövlətlərin ilk tibb konqresinin təşkilinə qoşulur. Gənc həkimin məqsədi bu idi ki, tibb sahəsində xarici ölkələrin ən mütərəqqi təcrübələrini Azərbaycana gətirsin, ölkəsində, seçdiyi sahənin, radiologiyanın inkişafına öz töhfəsini verə bilsin. Bəs nə üçün o, məhz radiologiya sahəsini seçdi? Tibbin ən mühüm sahələrindən olan radiologiya Nuranı ona görə cəlb edirdi ki, bu sahə hər şeydən öncə diaqnostika ilə bağlı idi. Xəstəliyin sağalması məhz düzgün diaqnostikaya əsaslanır. Bütün xəstəliklərin ən xırda patologiyaları belə radioloji diaqnostika ilə müəyyənləşir. Tibbi texnologiyalar nə qədər yüksək inkişaf etsə də, düzgün diaqnoz həm də ürəyə, ruha, qəlbə, sərrast gözə, ağıla, düşüncəyə bağlıdır. Həkimlik başqasının ağrı-acısını hiss etmək bacarığıdır. Bu fitrən olmalıdır. Oxumaqla bu hissi özünə aşılamaq çətindir.
Dünyada inkişaf edən radiologiya özü ilə bərabər tibbi də inkişaf etdirir. Ən mürəkkəb müasir beyin əməliyyatları belə neyroradioloqların müdaxiləsi ilə aparılır. Nuran bu gücü özündə hiss edirdi. İkinci məqam isə radiologiyanın təkcə diaqnostika ilə deyil, həm də cərrahiyə ilə əlaqədar olması idi. Tibbin bu iki sahəsinin bir-biri ilə fundamental bağlılığı, bu bağlılığın müalicədə əhəmiyyətli rol oynaması Nuranı cəlb edən amillərdən idi. Amma hər iki sahəyə mükəmməl sahib olmaq üçün dünyanın qabaqcıl təcrübəsini öyrənmək, aparıcı klinikalarda, elmi-tədqiqat mərkəzlərində təcrübə keçmək, bir sözlə tibb elminin müasir fundamental əsaslarını öyrənmək lazım idi.
Nuran tibb sahəsi inkişaf etmiş ölkələri götür-qoy edəndən sonra Almaniyanın üzərində dayanır. Almaniya universitetləri, bu universitetlərdə tibb təhsili ilə tanışlığıma rəğmən Nuranın seçimini uğurlu hesab edirəm. Bu ölkənin tibb təhsili dünyanın hər yerində birmənalı olaraq ən yaxşılardan sayılır. Tibb təhsili verən universitetlər, universitet klinikaları, elmi-tədqiqat institutuları, tədqiqatçılara, tələbələrə yaradılan şərait, laboratoriyaların təchizatı, elmi kadr potensialı ilə yaxından tanış olduğum üçün mən də bu qənaətdəyəm.
“İnanırıq ki, Almaniyada gözlədiyimiz həkimlərdən olacaqsınız”
Beləliklə, Nuran Abdullayev 2012-ci ildə tibb təhsilini davam etdirmək üçün Almaniyanın Köln Universitetinə müraciət edir. Xoşbəxtlikdən qısa müddət ərzində universitetin klinikasından, tibb elmləri doktoru, professor David Maitzdan müsbət cavab alıb Almaniyaya yollanır. O, müraciət etdiyi alman professordan bu məzmunda qısa cavab almışdı: “Mən motivasiyalı gənclərə hər zaman dəstək verirəm.” Gənc alimin elmi fəaliyyəti göstərəcəkdi ki, o, Almaniyaya yalnız elm və təhsil, karyera arxasınca deyil, ürəyindəki, xəyalındakı böyük ideyaları gerçəkləşdirmək üçün getmişdi və ürəyində Azərbaycan sevgisi aparmışdı. 2012-ci ilin yayında Kölnə gələn Nuran Universitet klinikasının Radiologiya və İnvaziv Radiologiya İnstitutununda təcrübə keçməyə, eyni zamanda alman dilini öyrənməyə başlayır. 3 ay ərzində alman dilində danışıq bacarıqlarını xeyli təkmilləşdirən Nuran onu Almaniyaya dəvət edən professorun tövsiyəsi ilə bu ölkədə fəaliyyətini davam etdirir və Köln Universiteti klinikasında rəsmi həkim ştatında işə baslayır, eyni zamanda, Almaniya tibbinin ekvivalentlik imtahanına hazirlaşır. 9 ay ərzində saat 5-ə kimi xəstəxanada təcrübə keçir, təcrübədən sonra isə gecə saatlarına qədər kitabxanada imtahanlara hazırlaşırdı. Nəhayət gərgin hazırlıqlardan sonra imtahanlardan keçib, Avropada ömürlük həkim işləmək hüququ qazanır. İmtahan bitdikdən sonra komissiyanın sədri: “Biz inanırıq ki, siz Almaniyada gözlədiyimiz həkimlərdən olacaqsınız” deyərək gənc həkimə inandığını vurğulaır. Bu, Nuran üçün böyük şans, gələcək elmi və praktik fəaliyyəti üçün motivasiya idi.
Köln Universiteti klinikasında fəaliyyətə başlaması Nuran Abdullayevin qarşısında həkimlik və elmi-tədqiqat işləri üçün yeni geniş imkanlar açırdı. O, üfüqdə parlayan ulduza doğru addımlayırdı. Biz bilmirik bu gün kiçik bir uğur qazanan insan sabah daha hansı böyük nailiyyətlərə qovuşacaq. Bəlkə hansısa bir laboratoriyanın kiçik bir guşəsində təcrübə aparan alim sabah bəşəriyyət üçün mühüm əhəmiyyət daşıyan bir kəşfə imza atacaq. Bu gün parta arxasında əyləşən, müəlliminin adi bir sualına utana-utana cavab verən bir fidan sabah bütün dünyaya kölgə salacaq, nəfəs verəcək qollu budağlı bir ağaca çevriləcək – biz bilmirik...
Köln Universiteti klinikasında Azərbaycan haqqında az məlumata malik idilər. Nuranın çalışdığı institutun rəhbəri isə, ümumiyyətlə, Azərbaycanı tanımırdı. Bu vəziyyət Nuranı bir tərəfdən narahat etsə də, digər tərəfdən məsuliyyətini artırır və daha çox uğurlar əldə etməyə sövq edirdi. Düşünürdü ki, burada Azərbaycanı məhz ona görə, onun əməlləri, onun şəxsi keyfiyyətləri ilə tanıyacaqlar. O, sübut etmək istəyirdi ki, Azərbaycan ərazi baxımından kiçik olsa da, zəngin tarixi, keçmişi ilə, elm, sənət sahəsində görkəmli şəxsiyyətləri ilə həmişə seçilib. Azərbaycan istedadlı insanların vətənidir. Bu ölkənin bacarıqlı həkimləri, müəllimləri, elm və sənət adamları var. Vətəndən uzaqlarda onu ləyaqətlə təmsil etmək əsl vətəndaşlıq mövqeyidir.
O, klinikada fəaliyyətinin ilk vaxtlarında müşahidə edirdi ki, Almaniyada fəaliyyət göstərdiyin sahədə araşdırmalar aparıb fərqləndikcə, diqqətləri cəlb edirsən. Fərqi yoxdur, hansı millətdən olursansa ol, səndə azacıq bir işıq varsa, o işığı sönməyə qoymurlar. Bu ölkədə “gəncdirsə təcrübəsi azdır” düşüncəsi yoxdur. Əgər bir gənc uğur əldə edirsə, düşünürlər ki, onun üçün daha geniş şərait yaradaq. Əgər gənc yaşında bu uğuru qazanıbsa, demək yaşa dolduqca daha böyük nailiyyətlərə imza atacaq...
Nuran Almaniya səhiyyəsini, ümumiyyətlə dünya tibb elmində gedən yenilikləri, aktual problemləri araşdırdıqca özü üçün də elmi işin mövzusunu müəyyənləşdirməyə çalışırdı. Tibb elmləri doktoru, professor Anastasios Mpotsarislə mütəmadi olaraq fikir mübadiləsi aparır, düşüncələrində gələcək araşdırmalarının xəritəsini çəkirdi. Beləliklə, professor Anastasios Mpotsarisin elmi rəhbərliyi ilə “Spektral kompüter tomoqrafiyanın kontrastsız beyin müayinəsində beynin təsvir keyfiyyətinin virtual monoenergetik təsvirlərdə polienergetik müayinə metodu ilə müqayisə edilərək artırılması” mövzusunda elmi araşdırmalara başlayır. Nuran bu mövzunu ona görə seçir ki, bu yeni kompüter tomoqrafiya dünyada ilk dəfə Köln Universitet klinikasında rəsmi olaraq klinik işlədilməyə icazə alıb. Dünyada ilk dəfə olaraq bu kompüter tamoqrafiyanın beyində müayinə üsuluna nə yenilik gətirə bilərik deyə düşünürdü Nuran. O, Almaniya və Avropa Radiologiya Cəmiyyətində doktorluq işinin təqdimatından sonra Köln Universitetində uğurla müdafiə edib, elmi ad alıb.
O, dünyada ilk dəfə Philips şirkətinin xüsusi növ kompüter tomoqrafiyası vasitəsilə sümükdə ödemin görüntüsünü ala bilməyin mümkünlüyünü elmi dəlillərlə sübuta yetirdi.
Nuran Abdullayevin elmi araşdırmaları zamanı meydana gətirdiyi yenilklərdən biri dünyada ilk dəfə olaraq xüsusi metodla kompüter tomoqrafiya ilə sümük sıxlığını təyin etməyi bacarmasıdır. Gənc həkimin meydana gətirdiyi bu yenilik dünyanın aparıcı tibbi mərkəzlərinin, elmi təşkilatların diqqətini cəlb etdi. Təsadüfü deyil ki, Amerikanın sümük patologiyalarına aid ən nüfuzlu elmi jurnalında gənc alimin məqaləsi dərc olundu.
Bu məqalə Birləşmiş Ştatların tibb elmi dairələrində xüsusi maraqla qarşılandı. Bu uğur Nuran Abdullayevin növbəti elmi araşdırması üçün stimul oldu desəm yanılmaram. O, dünyada ilk dəfə Philips şirkətinin xüsusi növ kompüter tomoqrafiyası vasitəsilə sümükdə ödemin görüntüsünü ala bilməyin mümkünlüyünü elmi dəlillərlə sübuta yetirdi. Gənc alimin bu nailiyyəti Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində keçirilən dünyanın ən nüfuzlu radioloji konqresində Plilips şirkəti tərəfindən təqdim olunub. Çikaqo konqresində alimlərin diqqətinə təqdim olunan bu tədqiqat işi tezliklə Avropada əks-səda verdi, nəhayət dünyanın bütün radioloqlarına nümayiş olundu. Avropanın ən nüfuzlu radioloji jurnalında dərc olunan tədqiqat işi dünyanın elm aləmində maraqla qarşılandı.
Nuran Abdullayev 2012-ci ildən 2020-ci ilədək elmi-tibbi fəaliyyətində 50-dən artıq elmi məqalənin müəllifidir. O, elmi tədqiqatlarını həyata keçirmək üçün dünyanın müxtəlif nüfuzlu elmi mərkəzlərindən 10-dan artıq təqaüd alıb və bu mərkəzlərlə birlikdə tədqiqatlara qoşulub. Bunlarla yanaşı, o, 2019-cu ildə beyin əməliyyatları sahəsində əldə etdiyi yenilikləri araşdırmaq və tədqiqatlarını sona çatdırmaq üçün Almaniyanın Neyroradiologiya Cəmiyyəti ilə əməkdaşlığa başlayıb və bu cəmiyyətin xüsusi təqaüdünü alıb. 2019-cu ilin oktyabr ayında Frankfurt şəhərində keçirilən 2-ci alman insult məktəbinə ən gənc invaziv neyroradioloq kimi qoşulması və bunun üçün təqaüd alması da Nuran Abdullayevin uğurları sırasındadır. O, bu məktəbdə Köln Universiteti Klinikasını təmsil edən yeganə mütəxəssis idi. Bu təqaüd isə Almaniyada ümumilikdə 5 nəfərə verilir. 2019-cu ildə Köln Radiologiya İnstitutu Almaniya Rentgen konqresində 10-dan çox elmi işin təqdimatını edib ki,bu işlərin hər biri Nuran Abdullayevin də çalışdığı işçi qrupuna aid olub. O, bu elmi işlərin hər birinin hazırlanmasında bilavasitə iştirak etmişdi. Konqresdə elmi araşdırmalar nüfuzlu alimlər tərəfindən qiymətləndirilirdi. Onların arasında Almaniyanın dünya şöhrətli fiziki, spiral kompüter tomoqrafiyanı kəşf edən professor Villi A.Kalendarın da adının olması konqresin elmi nüfuzundan, eyni zamanda burada yüksək qiymət almağın nə qədər çətin olduğundan soraq verir. Ümumiyyətlə, klinikadan konqresə təqdim olunan bütün elmi tədqiqat işləri ən yaxşı işlər sırasında göstərilib. 2020-ci ildə isə elmi araşdırmalarını intensivləşdirmək məqsədilə Philips şirkəti gənc alimə təqaüd ayırıb.
Tibb sahəsində beynəlxalq jurnalların eksperti...
Nuran Abdullayevin 2019-cu ilin sonundan Köln Universitet Klinikasının Diaqnostik Radiologiya və İnvaziv Radiologiya İnstitutunda şöbə müdiri vəzifəsində çalışır. O, hal-hazırda Köln Universiteti tələbələrinə dərs deyir, dissertasiyaların imtahanlarını aparır.
Nuran Abdullayev elmi-tədqiqatçılıq və pedaqoji fəaliyyəti ilə bərabər, tibb elmi sahəsində nüfuzlu jurnallarda ekspert qismində fəaliyyət göstərir. Bu jurnallar arasında dünyanın aparıcı kardioloji jurnalları da var. Onlardan “Circulation”, “BMC Neurology”, “Plos One”, “Frontiers Neurology” jurnallarını göstərmək olar. Nuran Abdullayevin Veb of Science qrupuna daxil olan jurnallarda dərc olunan məqalələrinə ümumilikdə 250-dən artıq istinad olunub. Söhbətimiz əsnasında Nuran mənə bir elektron məktub göndərdi. Məktub Çinin Elm və Texnologiya Nazirliyindən gəlmişdi. Məktubda gənc alimdən xahiş olunurdu ki, yeni tədqiqat işi haqqında öz rəyini bildirsin. Ümumiyyətlə, dünyanın müxtəlif universitetlərindən, elm və təhsil nazirliklərindən, elmi tədqiqat mərkəzlərindən aldığı elmi tədqiqat işlərinə rəy verməklə, azərbaycanlı alim öz adını dünyada tibb elminin inkişafı tarixinə həkk etməkdədir.
2019-cu ildə Nuran Abdullayevin aldığı bir xəbər gələcək elmi və praktik neyroradioloq kimi fəaliyyətində qarşısında daha geniş imkanların açılmasına şərait yaradıb. Belə ki, o, gizli səsvermə yolu ilə üç ildə bir dəfə keçirilən 5-ci çağırış Almaniya neyroradiologiya məktəbinə üzv seçilib. Əslində bu uğur neyroradiologiya sahəsində fəaliyyət göstərənlərin ən böyük arzusudur. Azərbaycanlı gənc həkim özü də bilmədən bu uğura layiq görülmüşdü. Sözsüz ki, bu uğurun təməlində zəhmət, istedad, gərgin fəaliyyət dayanırdı. Bu seçimdən sonra o, Almaniyada ən yaxşı 21 neyroradioloqun sırasına qoşuldu.
Azərbaycandan kənarda Azərbaycan...
Nuran Abdullayevin elmi fəaliyyətini araşdırdıqca onun, eləcə də onun kimi xaricdə çalışan mütəxəssislərimizin ölkəmiz üçün bir dəyər olmaları ilə bərabər, həm də mühüm bir investisiya olduqlarını düşünürəm. Onlar elə bir dəyər və investisiyadırlar ki, gündən-günə daha ağır çəkiyə, sambala malik olurlar. Onlar Azərbaycandan kənardakı Azərbaycandırlar.
Onlar Azərbaycandan kənarda Azərbaycan dili, mədəniyyəti, elmi, adət-ənənəsi, mənəvi dəyərləridirlər. Diqqət yetirək, 2019-cu ilin dekabrından Çinin Uhan şəhərindən başlayaraq dünyaya yayılan, milyonlarla insana yoluxan, yüz minlərin həyatına son qoyan koronavirusunun tüğyan etdiyi bir zamanda xaricdə yaşayan Azərbaycanlı həkimlər sosial şəbəkələr, telekanallar, saytlar vasitəsilə öz fikir və ideyalarını bölüşdülər, təklif və tövsiyələri ilə gündəmdə dayandılar.
Dünyada pandemiyanın başladığı ilk günlərdə Nuran Abdullayev mətbuatda çıxış edərək həkim kimi dövlətimizə hər cür dəstək göstərməyə hazır olduğunu dilə gətirdi. Türkiyədə çalışan 19 azərbaycanlı həkim xüsusi layihə çərçivəsində özünü Azərbaycana yetirdi. Onlar öz bilik və bacarıqları ilə vətənin ağır günündə ona dəstək olmağa çalışdılar. Pandemiyanın yayılmağa başladığı ilk günlərdən Nuran Abdullayevin də siması, səsi insanlar üçün doğmalaşdı. O, demək olar ki, hər gün telekanallar vasitəsilə öz tövsiyələrini bölüşür, təkliflər verir, koronavirusla bağlı dünyada aparılan tədqiqatlardan bəhs edir, öz araşdırmalarının nəticələrini diqqətə çatdırır, cəmiyyətdə gələcəyə ümid, inam yaradırdı. Onun Almaniyada çalışan azərbaycanlı həkimlər Orxan Səfərov və Elvin Hüseynovla bu istiqamətdə birgə apardığı araşdırmalar maraqla qarşılanıb.
Miras...
Nuran Abdulayevi vətənsevər bir gənc kimi tanıyıram. Düşünürəm: necə ki, həkimlik peşəsi ona qan yaddaşı ilə ötürülüb, eləcə də vətəninə olan sevgisini ailəsindən, nəsil-şəcərəsindən miras olaraq alıb. Belə demək olarsa, o, vətən və sənət sevgisi fəlsəfəsinin vəhdətində tərbiyə alıb. Nuranın babası Cəmil Abdullayev ömrünün 55 ilini pedaqoji fəaliyyətə həsr edib, gənc nəslin təlim-tərbiyəsi sahəsində əvəzsiz xidmətlər göstərib. Nuranın əmisi Şövqiyar Abdullayev Azərbaycanın ərazi bötövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub. Döyüş meydanlarında göstərdiyi şücaətlərə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Qəhrəman şəhidin qızıl medalı Cəmil müəllimə şəxsən ulu öndər Heydər Əliyev tərəfindən təqdim edilib. Nuranın atası Elcan Abdullayev peşəkar hərbçi, xüsusi-xidmət orqanı zabiti kimi Azərbaycan dövlətinə və dövlətçiliyinə ləyaqətlə xidmət edib, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən "İgidliyə görə” medalı ilə təltif olunub.
Bəzən məşğul olduğu elm, gecəli-gündüzlü araşdırmalar, uzaq səfərlərə yaradıcılıq ezamiyyətləri, iş yerində daha çox zaman keçirmək məcburiyyəti insanı öz ailəsinə, övladlarına daha çox diqqət göstərməkdən məhrum edir. Neyləməli, hər kəsin həyatda bir qisməti var. Elm elə bir dəryadır ki, öz sadiq sahibini dərinliklərinə qədər çəkib aparır. Ən böyük gözəlliklər, ilahi füsunkarlıqlar da bax, elə o dərinliklərdə yerləşir.
Dəryaların dərinlikləri, səmaların ənginlikləri kimi. Biz bu gözəllikləri zahirən görüb ona heyran oluruq. Onu araşdıranlar isə o gözəlliklərin mahiyyətini anlayır, ona vurulur və həyatlarını ona bağlayırlar. Bəs ailə, övlad sevgisi... Nuran həkimlə söhbətimdən onun bir həqiqətini də anladım. Onu elmin dərinliklərinə endirib orada dürr axtarmağa sevdalandıran onun ailəsidir. Nuranın həyat yoldaşı Aytən xanım da həkimdir.
Onlar Azərbaycan Dövlət Tibb Universitetində bir yerdə təhsil alıblar. Hələ tələbə ikən ailə qurublar. Bu gün onların Yusif və Elias adında oğlanları var. Yusif orta məktəbin 3-cü sinfində oxuyur, dərs əlaçısıdır. Eliasın isə 1 yaşı bu ilin yanvar ayında tamam olub. Nuranı həkimlik peşəsini seçməyə ruhlandıran atası olub. Böyüdüyü ailə mühiti onu mənəvi cəhətdən həkimliyə hazırlayıb. O, insanların sağlamlığı keşiyində dayanmağın mənəvi məsuliyyətini dərk edib. Peşəsi və məşğul olduğu elm onun üçün məsuliyyətlilik abidəsinə çevrilib. Ailə qurandan sonra isə istər Azərbaycanda, istərsə də Almaniyada hər addımında həyat yoldaşının dəstəyini hissi edib. Azərbaycandan çox-çox uzaqlarda ailəsindən və qardaşı Ərşaddan duyduğu istilik, anlayış, hiss etdiyi sevgi onun düşüncələrinə ilham verib, yeni-yeni elmi tədqiqatlara ruhlandırıb. O, sanki ailəsindən aldığı ilhamla yeni tədqiqatın, ideyanın, fikrin səhifələrini yazıb. Bu səhifələr yazılmaqda davam edir.
"Sizləri bir qığılcım olaraq göndərirəm, bir alov kimi dönməlisiniz! Mustafa Kamal.”
Türkiyəli professor Mahmut Sadi Irmakın Atatürk haqqında xatirələrini çox sevir Nuran. O, bu xatirələri hər zaman bir həyat dərsi kimi yada salıb danışır. Mənimlə söhbətində də bu ənənəsinə sadiq qalıb yaddaşını təzələdi: “Lozanna müqaviləsi imzlandıqdan sonra Atatürk bir neçə tələbəni Almaniyada təhsil almağa göndərmək qərarına gəlir. Bunun üçün İstanbul universitetində elan verilmişdi. Mən də özümü sınamaq qərarına gəldim. 150 tələbə yığıldı. Onların arasından 11 nəfər seçildi. Şanslı tələbələr sırasında mən də var idim. Təsəvvür edin: ölkə ağır durumdadır. Sənə isə Avropada təhsil almaq kimi müstəsna bir şans verilib. Amma mən tərəddüd içindəydim. Gedib-getməyim deyə düşünürdüm. Fikirləşirdim ki, gedərəm, unudularam, pul göndərməzlər, çıxılmaz vəziyyətdə qalaram. Atatürk şəxsən mənim adımın qarşısından “Berlin universiteti” yazmışdı. Bu, məni ürəkləndirsə də, nagüman idim. Bu hisslər içindəykən teleqram aldım. Teleqramda yazılmışdı: "Sizləri bir qığılcım olaraq göndərirəm, bir alov kimi dönməlisiniz! Mustafa Kamal.”Deməli, Atatürk, Almaniyaya göndəriləcək hər bir tələbəyə teleqram ünvanlamışdı. Oxudum, düşündüklərimdən xəcalət çəkdim: "İndi gəl getmə, gedib də dönmə, dönüb də ölkə üçün canını fəda etmə!" deyə düşündüm. Təsəvvür edin: 1923-cü ildir. Ölkənin ağır vaxtlarıdır. O qədər işinin arasında 11 tələbənin nə zaman nə hiss etdiyini duya bilən, ona teleqram göndərən bir liderin rəhbərliyində bu ölkə üçün can qurban verilməzmi? Çox uğurlu oldum. Getdim və Atatürkün dediyi kimi, ölkəyə bir alov olaraq döndüm.
Öncə İstanbul universitetinin Ümumi və Beynəlxalq Fizioloji İnstitutunu qurdum. Ona rəhbərlik etdim. Sonra isə ölkənin baş naziri oldum. Mən kim idim? Sadəcə iki sətirlik bir teleqramın yaratdığı elm adamı...” Bu elm adamını Mustafa Kamal Atatürk cəmiyyətə təqdim etmişdi. Bu seçimin yalnız bir təmənnası var idi: millətə, dövlətə faydalı olmaq. Nuranın mənə bəhs etdiyi bu fakt 1969-cu ildən Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin gəncləri mükəmməl təhsil almaq, yüksək ixtisaslı mütəxəssis kimi formalaşmaq üçün SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərməsini xatırlatdı.
Müstəqillik illərində də bu siyasət davam etdi. Sonralar Azərbaycan prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycanlı gənclərin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində minlərlə gənc dünyanın ən yaxşı universitetlərində təhsil alıb vətənə qayıtdı. Bu proqram Heydər Əliyevin təhsil diplomatiyasının davamı idi. Bu ənənənin əsası isə hələ çarizm dövründə qoyulub. O dövrdə kəndbəkənd gəzən Azərbaycanlı ziyalılar gəncləri toplayır, təhsil almaq üçün Qori Müəllimlər Seminariyasına göndərirdilər. Tarixdən bəlli olduğu kimi bu gənclər təhsil alıb Azərbaycana döndülər. Onlar Azərbaycanda elmin, təhsilin, mədəniyyətin inkişafında müstəsna xidmətləri ilə adlarını vətən tarixinə qızıl hərflərlə yazdırıblar. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin dövründə də gənclərin xaricdə təhsili dövlətin siyasətində aparıcı istiqamət təşkil etmişdi. Yüzlərlə gənc dövlət hesabına təhsil almaq üçün xaricə göndərilmişdi. Azərbaycanlı mesenat, “Millət atası” Hacı Zeynalabdin Tağıyev də dövlətin təhsil diplomatiyasına dəstək vermiş, neçə-neçə gəncin xaricdə təhsil almasına maddi yardım göstərmişdir.
Vətən üçün yanan ürəyin olsun!
Nuran Abdullayevin düşüncələrində də, əməllərində də vətənə bağlılıq, onun inkişafına çalışmaq arzusu aydın görünür. O, Almaniyaya yollananda da, orada ilk uğurlu addımlarını atanda da vətəninə fayda vermək arzusu bir an olsun belə onu tərk etməmişdi. Yazdığı elmi məqalələrin sətirlərində, apardığı elmi tədqiqatların nəticələrində Azərbaycan üçün gərəklilik axtarmışdı. Alman-Azərbaycan Radiologiya və Neyroradiologiya Cəmiyyətini yaratmaq istəyi də bu arzudan doğulmuşdu. Onun bu arzusunda bir “məktəb” yaratmaq istəyini də duymaq mümkündür. Böyük fransız alimi Paster demişdir: “Elmin vətəni yoxdur, lakin alimin vətəni olmalıdır.” Nuran müşahidə edirdi ki, elmi cəmiyyətlər, elmi mərkəzlər, kollektiv aparılan elmi tədqiqatlar elmin inkişafına necə böyük töhfələr verir. Dünyanın ən istedadlı alimlərini, düşünən beyinləri elmi cəmiyyətlər ətrafında toplamaq, onların elmi təfəkkürlərini bəşəriyyətə fayda verəcək istiqamətlərə yönəltmək mümkündür. O, Azərbaycanda radiologiya və neyroradiologiya sahəsindəki vəziyyəti hələ tələbə ikən bilir və onun rekonstruktiv dəyişikliklərə ehtiyac duyduğunu düşünürdü. Lakin belə bir təşkilat yaratmaq arzusunu dilə gətirəndə bir çoxları onu qəbul etmək istəmir, xüsusilə təşkilatın yaradılması sahəsində çətinliklərin yaranacağını əsas gətirirdilər. Lakin Nuran təşkilatın yaradılması ideyası üzərində qətiyyətlə dayanır və buna nail olur. Hər bir alimin fəaliyyətində bəşərilik, insanlığa xidmət düşüncəsi olmalıdır. Yalnız bu zaman çərçivələrdən çıxıb insanlığa xidmət yoluna qədəm qoymaq mümkündür. Əgər elm, sənət yoluna qədəm qoymusansa, ona vicdanla xidmət etməlisən, bunu bacarmayacaqsansa, o yola heç qədəm qoymamalısan...
Tibb sahəsində Azərbaycan-Almaniya əlaqələrinə töhfə
2017-ci il noyabr ayının 4-də təşkilatın Azərbaycanda ilk simpoziumu keçirilir. Azərbaycan Tibb Universitetinin Cərrahiyyə klinikasının xüsusi dəstəyi ilə keçirilən simpoziumda Almaniya tərəfdən Köln Universiteti klinikasının şöbə müdiri Nuran Abdullayevlə yanaşı, tibb elmləri doktoru Volker Maus, professor Anastasios Mpotsaris iştirak edirdilər. Qeyd edim ki, bu zaman Nuran Abdullayev tibb elmləri üzrə doktorluq dərəcəsini artıq müdafiə etmişdi. Simpoziumda əsas diqqət Azərbaycanda və dünyada radiologiya və neyroradiologiya sahəsində müasir diaqnostik metodlara yönəlmişdi. Simpoziumda bununla yanaşı, Azərbaycanda qurulmasına zəruri ehtiyac duyulan insult mərkəzi haqqında da danışıqlar aparıldı. Qeyd olundu ki, qarşıdakı iki ildə radiologiya sahəsindəki ən son yeniliklərin Azərbaycanda bu sahənin mütəxəssislərinə, eləcə də rezidentlərə, tələbələrə çatdırılması, Almaniyada radiologiya və neyroradiologiya sahəsində azərbaycanlı kadrların hazırlanması istiqamətində əsaslı işlər aparılsın. Azərbaycan Dövlət Tibb Universiteti ilə imzalanan memorandum qurulan əməkdaşlığın faydalı olacağına həqiqətən də inam yaradır. Əminlik həm də ondan yaranırdı ki, Azərbaycanda tibb elminin zəngin, dünyanın da nümunə götürə biləcəyi ənənələri, intellektual baza, maddi-texniki təminatı var. Belə deyək: toxumu səpmək üçün münbit torpaqlar mövcuddur. Bernard Şou deyirdi: “Sizdə bir alma var, məndə də bir alma var, əgər biz almaları dəyişsək, hərəmizdə bir alma olacaq. Amma əgər sizdə bir ideya, məndə də bir ideya varsa və biz onları dəyişdirsək, onda hərəmizdə iki ideya olacaq.”
Milli Onkologiya Mərkəzində keçirilən simpoziumda isə diqqət mərkəzində dayanan əsas mövzu onkiloji xəstəliklərin müasir diaqnostikası, şüa və neyroradioloji müalicə metodları və ən yeni müalicə texnologiyaları barəsində idi. Simpoziumda milli radiologiyanın gələcək inkişafı, bu məqsədlə xarici təcrübədən istifadə, Almaniya modeli nümunəsində müasir serebrovaskulyar xəstəliklər mərkəzinin təşkili məsələləri müzakirə olunub. Simpoziumda Milli Onkologiya Mərkəzi baş direktorunun müavini, professor Əziz Əliyev, professor Anastasios Mpotsaris, Gettingen Universitet Klinikasının neyroradiologiya şöbəsinin müdiri Volker Maus, Köln Universitetinin həkim-radioloqu, tibb elmləri doktoru Nuran Abdullayev, Heydelberq Universitetinin professoru Kristof M.Zommer, Almaniyadan dəvət olunmuş digər məşhur mütəxəssislər məruzə ilə çıxış etdilər. Nuran Abdullayevin, eləcə də Almaniyalı alimlərin baş beyin damarlarının anevrizminin müalicəsinin Azərbaycanda indiyə qədər tətbiq edilməmiş metodlarının praktikada istifadə olunmasına dair workshop-təlimləri maraqla qarşılandı. Simpoziumda azərbaycanlı mütəxəssislər Anar Kazımov, Fuad Novruzov, Rasim Babayev və başqaları onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi sahəsində ən yeni elmi-praktiki biliklərdən danışıblar.
Azərbaycanda insult mərkəzlərinin açılması günün zəruri tələbidir
Alman-Azərbaycan Radiologiya və Neyroradiologiya Cəmiyyətinin Azərbaycanda keçirilən növbəti simpoziumu ulu öndər Heydər Əliyevin 95-ci ildönümünə həsr edilmişdi. Bu tədbirdə, eləcə də 2019-cu ildə keçirilən simpoziumda Azərbaycanda insult mərkəzlərinin açılmasından bəhs olunub. Nuran Abdullayev, eləcə də onun alim həmkarları simpoziumda insult mərkəzlərini ölkə üçün olduqca əhəmiyyətli hesab etdiklərini vurğulayıblar. Almaniyada bu kimi mərkəzlər 1996-cı ildən fəaliyyət göstərir. Son elmi araşdırmalara görə, əhalisi 1 milyon olan bir şəhərdə ən azı 2 insult mərkəzi qurulmalıdır. Almaniyadakı insult mərkəzlərində bütün beyin insult xəstələrinə mərkəzləşmiş tibbi xidmətlə yanaşı, kəskin vəziyyətdə beyin damarlarının tutulması nəticəsində (işemik insult) yaranan insultda tətbiq olunan damardaxili əməliyyatlar icra olunur. Bu mərkəzlərdə insanlarda beyin insultundan öncəki mərhələlər araşdırılıb tapılır və müvafiq əməliyyatlarla insultun qarşısı tam alınır. Bundan başqa, belə mərkəzlərdə beyindaxili damarların başqa patalogiyaları da aşkarlanıb müalicə edilir. Belə əməliyyatlar nəticəsində xəstələrin böyük qismi insultdan tam azad olur. Bu da öz növbəsində ölüm sayını azaltmaqla bərabər, əhalinin uzunömürlülüyünə gətirib çıxardır. Qeyd edim ki, Bakıda keçirilən simpoziumlar çərçivəsində Azərbaycanda ilk dəfə olaraq belə əməliyyatlar praktiki təlimlər şəklində model üzərində azərbaycanlı həkimlərə təqdim olunub, bu sahədə nail olunan elmi yeniliklər azərbaycanlı mütəxəssislərlə bölüşülüb. Xüsusilə qeyd olunub ki, alman modeli bu insult mərkəzləri arasında ən etibarlı və müasiridir. Bu simpoziumların dinamikasına, burada müzakirə olunan mövzulara diqqət yetirdikdə aydın görünür ki, Nuran Abdullayev və onun komandası dünya və Azərbaycan tibbində gedən prosesləri izləyir, həssas sahələri araşdırır, onları elmi təhlilə cəlb edir. Simpoziumların mövzusu məhz elmi araşdırmaların nəticəsi olaraq müəyyənləşdirilir. Bu kimi simpoziumlar dünya elminin, mütərəqqi təcrübənin qapılarını azərbaycanlı həkimlər, tədqiqatçılar qarşısında açır. Dünyanın qabaqcıl texnologiyalarını öyrənmək, bir sözlə dünyanı görmək imkanları yaranır.
Nuran Abdullayevin tədqiqatlarını, elmi fəaliyyətini araşdırarkən bir məqam xüsusilə diqqətimi cəlb edir: o, nəyin necə baş verdiyini deyil, nə üçün baş verdiyini araşdırır. Gördüyünü, hiss etdiyini və inandığı təcrübəni əsas götürür. Bax, həqiqət də bu sualın və inamın cavabında meydana çıxır. Onun elmi tədqiqatlarından, məqalələrindən alınan elmi nəticə şəxsi qənaətə və dünyanın qabaqcıl təcrübəsinə əsaslandığı üçün yüksək elmi dəyəri ilə fərqlənir. Mən Nuran Abdullayevin elmi tədqiqatlarını ona görə təqdir edirəm ki, o, öz tədqiqatlarının sonunda görəcəyi həqiqətə hələ tədqiqata başlayarkən inanır, həqiqəti elmdə görür. O, hələ yolun başlanğıcındadır. Hələ güvəndiyi həqiqətlərlə gedəcəyi yolun təməllərini atır. Güvənlə atılan təməl, inamla gedilən yol etibarlı və uzun olur...
Nuran Abdullayevin çalışdığı Köln Universiteti və universitetin klinikası
Köln Universiteti tələbə sayına görə Almaniyanın Münhen və Haren Universitetlərindən sonra üçüncü ən böyük universitetidir. Universitetin əsası 1388-ci ilin 21 mayında qoyulub. Universitet yaradılarkən nəzdində tibb fakültəsi də qurulub. Universitetin əməkdaşlarından professor Kurt Alder 1950-ci ildə, Piter Andreas Qryunberq isə 2007-ci ildə Nobel mükafatına layiq görülüb.Professorlar Anne Stroç, Axim Roş, Martin Çirnbauer, Yens Klaus Bryuninq və digərləri Qotfrida Vilhelm Leybniç adına mükafatla təltif ediliblər.
Dünyada məşhur alim kimi tanınan, professor Michael Halleki hazırda Köln Universitet klinikasının Onkologiya mərkəzinin direktorudur. Onun kəşf etdiyi dərman vasitəsindən bu gün xüsusi növ qan xərçəngi olan xəstələrin müalicəsində uğurla istifadə olunur. Bu xəstələr həyatlarına normal şəkildə davam edə bilirlər. Ümumiyyətlə, Almaniyanın 13 ən böyük onkoloji mərkəzindən biri məhz Köln Universitet klinikasındadır. Məşhur alim, professor Tomas Kreq 2019-cu ilədək Köln Universiteti tibb fakültəsinin dekanı vəzifəsində çalışıb. Avropanın ən böyük ürək mərkəzlərindən biri də məhz Köln Universitet klinikasında yerləşir. Köln Universiteti 6 fakültəyə, 16 tədqiqat və tədris mərkəzlərinə malikdir. Hal-hazırda universitetin elmi-tədqiqat mərkəzlərində beynəlxalq səviyyədə əhəmiyyətli tədqiqatlar həyata keçirilməkdədir. Bunlara misal olaraq tibbi, mühəndislik, sosial, kvant materiayası və materialları, sosial-iqtisadi, qlobal miqyasda siyasi və mədəni dəyişikliklər və digər sahələrdə aparılan tədqiqatları göstəmək olar. Köln Universiteti Köln regionunda yerləşən məşhur elmi tədqiqat institutları, eləcə də Maks Plank adına Assosiasiya, Helmholsa adına elmi-tədqiqat mərkəzi, həmçinin böyük şirkətlərlə əməkdaşlıq edir. Bu əməkdaşlıq sayəsində universitet elmi-təcrübi baza əldə etməyə nail olur ki, bu da aparılan elmi tədqiqatların səmərəliliyinin artmasına, eləcə də məzunların karyera imkanlarının genişlənməsinə, yaradıcılıq potensiallarının xarakterizə olunmasına imkan yaradır.
Köln şəhəri dünyada həmdə Köln Universitetinin klinikası ilə məşhurdur. Bu klinika elmi mərkəz, tibbin müxtəlif sahələri üzrə klinik şəbəkəyə malik olmaqla bərabər, elmi-tədqiqat laboratoriyaları ilə də məşhurdur. Klinikada dünyada məşhur olan həkimlər, professorlar çalışırlar. Burada ümumi pediatriya və uşaq kardiologiyası, dermatologiya və veneralogiya, intensiv və təxirəsalınmaz tibb, qastroenterologiya, otorinolarinologiya, psixotriya və psixomatika, hemotologiya və onkologiya, neyrocərrahiyyə, kardiologiya, doğum və ginekologiya, ümumi cərrahiyə, plastik cərrahiyə, urologiya mərkəzləri fəaliyyət göstərir. Klinikanın fərqli xüsusiyyətlərindən biri də burada palliativ və nüvə səhiyyəsi mərkəzlərinin mövcudluğudur. Köln Universitet klinikasının 2017-ci il üçün maliyyə dövriyyəsi 985 milyon avro təşkil edib. Şübhə yoxdur ki, bu vəsait klinikada həyata keçirilən elmi tədqiqat işlərinin həcmini və vacibliyini ifadə edir. Klinikada 11 minə yaxın əməkdaş çalışır. 100-dən artıq professor fəaliyyət göstərir. Klinikanın 10-dan çox professoru Leopoldina Akademiyasının üzvüdür. Universitetin kampusunda Maks Plank İnstitutunun elmi mərkəzi yerləşir. Universitet klinikasının 1500-dən artıq çarpayısı var. İl ərzində təxminən 63 min 200 xəstə stasionar, 312 min 500 xəstə isə ambulator şəraitdə müalicə olunur.
Böyükağa MİKAYILLI,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tədqiqatçı-jurnalist
Oxunub: 852