Ailədə kişinin müdiriyyətinin rolu
Hər bir ictimai qurumun müdiriyyətə ehtiyacı var. Ailə də ictimai bir qurumdur. Əgər ailədə düzgün müdiriyyət olmazsa, onun işləri dolaşar, nizam-intizam aradan götürülər. Himayə və müdiriyyətin zəif olduğu ailələr müxtəlif baxımlardan problemə məhkumdurlar. Ailə qadının lətafətinə, hisslərinə, mərhəmətinə ehtiyaclı olduğu kimi, qüdrət, çətinlik, tədbir, müdiriyyət və rəhbərliyə də möhtacdır. Bu xüsusiyyətlər isə təbii və fitri şəkildə kişidə daha güclüdür. Ailədə müdiriyyəti İslam dini kişinin öhdəsinə qoymuşdur. Qadın bu müdiriyyəti təmkinlə qəbul etməlidir ki, ailə işlərinin tənzimində problem yaranmasın.
Burada zəruri bir nöqtəyə işarə etmək lazım gəlir: ailədə müdiriyyəti təhkim, zor, sərtliklə eyni tutmaq olmaz. Bütün ictimai qurumlar, o cümlədən ailədə müdiriyyət işlərin daha yaxşı idarə olunması və ixtilafların qarşısının alınması üçündür. Təəssüf ki, bəzi kişilər özünü ailə-övladın mütləq hakimi kimi aparır və onların heç bir haqqını tanımır. Adətən, belə kişilər rəftarını dəyişmək istəmir. Onlar eqoizmə, kobudluğa o qədər yer vermişlər ki, bütün tövsiyələri qulaqardına vururlar. Etiraf edək ki, bu sayaq qaba fərdlərlə birlikdə yaşamaq olduqca çətindir.
Bəzi ailələrdə, xüsusi ilə şəhərlərin modern zümrələrində vəziyyət tamam başqadır. Bu ailələrdə qadın kişinin rolunu əlinə almağa, ailənin idarəçiliyini öz öhdəsinə götürməyə çalışır. Belə bir ruhiyyə sağlam qadın üçün təbii deyil və fitrətin ziddinədir. Bəzən də kişinin müdiriyyət zəifliyi qadında belə bir ruhiyyə yaradır. Hər halda belə bir vəziyyət nə təbiidir, nə də qadın və ailənin xeyrinədir. Belə rəftar qadının fizioloji və problem durumu üçün də zərərlidir.
Ailə üçün yetərli ideal budur ki, qadın və kişi öz xüsusi vəzifəsini yerinə yetirsin və əl-ələ verərək ailə vəzifələrini öhdəyə götürsün. Ailə mübarizə və rəqabət meydanı yox, həmkarlıq və uyğunlaşma ocağıdır.
Bəzi ailələrdə isə kişi müdiriyyət rolunu əldən vermişdir və hər kəs azad şəkildə öz yolunu gedir. Belə ailələrdə böyüyən qızlar da azaddır. Onlar ailə həyatı qurduqdan sonra da azadlıqlarını qorumağa çalışırlar. Bu səbəbdən də əri saya saymır, onun istəklərinə məhəl qoymurlar. Elə bu məqamda ziddiyyət yaranır. Bu fərdlər öz ruhiyyələrini islah edib dəyişənədək uyğunsuzluq aradan qalxmır, əmin-amanlıq bərqərar olmur.
Ailə işlərinin idarəçiliyində kişi elə bir üsul seçməlidir ki, qadının əks reaksiyasına səbəb olmasın. Yəni kişi qadının şəri hüquqlarını qorumaqla onda belə bir inam yaratmalıdır ki, öz baxışlarını məcburi şəkildə qəbul etdirmək fikrində deyil. Adətən, kişinin səmimiyyəti, xoş niyyəti sübuta yetdikdə ailədə uyğun problemlər yaranmır.
Qadın kişinin müdiriyyət rolunu qəbul edib ailə işlərinin idarəsində həmkarlıq göstərməklə ailə və övladların tərbiyəsi üçün möhkəm bünövrə qurmalıdır.
Kişinin nəzərdən qaçırmamalı olduğu nöqtələrdən biri budur ki, qadın və ailənin ümumi mənafeyinə olan işlərdə onunla məsləhətləşsin. İmkan həddində ailənin məsləhəti nəzərə alınmalıdır. Gerçəkdə baxışlar arasında fərq olsa da məntiqi dəlillər arasında müşkülün həllinə çalışmaq lazımdır. Öz nəzərini ailəyə məcburi qəbul etdirməkdən çəkinmək lazımdır. Ailənin idarəsində məsləhətli müdiriyyət bəhrəlidir.
Kişinin qəyyumluq rolu ailənin ümumi məsləhəti ilə rabitəlidir, və qadının xüsusi vəzifə çərçivəsinə aid deyil. Kişi evdarlıq işlərinə müdaxilə etməməli, bu sahədə qadını azad buraxmalıdır.
İctimai bir vahid, o cümlədən ailədə müdiriyyətin fəlsəfəsi üstünlüyün təmini və müdirin hər şeyə müdaxiləsi yox, nəzərdə tutulmuş işlərin ən üstün şəkildə idarəsidir.
Əgər kişi bütün bu nöqtələri nəzərdə saxlasa, yersiz müdaxilələrə, əmr və qadağalara yol verilməz.
Ailə məhəbbət, fədakarlıq, anlaşma və həmkarlıq məhəllidir. Bu prinsipə zidd üsullardan istifadə etmək olmaz.
V.Dorantdan bir sitat
Hazırkı söhbətin sonunda mühüm bir nöqtəyə işarə etmək lazım gəlir: Kişi toplumda şəxsiyyətini elə tanıtdırmalıdır ki, ailədə onun müdiriyyəti təbii şəkildə qəbul olunsun. Bu şərt gözlənilsə, bir çox qadınlar ər müdiriyyətinin qəbulunda problemə düçar olmaz. V. Dorant bu barədə deyir: “Qadın məhəllin komandanı olan kişiyə xoşluqla təslim olur. Əgər bu gün qadın itaətsizlik göstərirsə, bunun səbəbi kişilərin qüdrət və əxlaq baxımından keçmişə nisbətən zəif olmasıdır.”
Ailədə iş bölgüsü
Qədim adət-ənənələrə əsasən, iş bölgüsündə evdarlıq, uşağa qulluq və bu kimi işlər qadının, öhdəsinə ailə ehtiyaclarını ödəmək üçün qazanc əldə edilməsi kişinin öhdəsinə düşmüşdür. Belə bir iş bölgüsü təbii bölgüdür və qadın ailə səngərində bu məsələlərlə məşğul olaraq ön cəbhədə ailə ehtiyaclarını təmin etmək üçün vuruşan kişini bu sayaq işlərdən azad edir. Belə bir bölgü ailə həyatına səfa-səmimiyyət bəxş edir. Nəzərdə tutulan bölgüdə qadın övladların tərbiyəsi üçün münasib fürsət əldə edir, bütün güc və istedadını gələcək nəsillərin tərbiyəsinə yönəldir. Bu halda ailə gələcək nəslin qəbulu üçün isti bir ocağa çevrilir. Qadın qazanc əldə edilməsinin, bu işdən yaranan yorğunluğun sıxıntısından amandadır. O bütün fiziki və ruhi gücünü ailə-övladına həsr etmişdir. Onun daim evdə olması ər və övladlar üçün ailə cazibəsini artırır. Belə bir ailə daha möhkəm bünövrəyə malik olur.
Modern dünyada bütün ictimai sahələr kimi ailə qurumu da dəyişikliyə məruz qalmışdır. Belə ki, ənənəvi iş bölgüsü yenidən nəzərdən keçirilmiş, tamam başqa bir şəkil almışdır. Hazırda iqtisadi zərurətdən bir çox qadınlar ərlə çiyin-çiyinə, bəzən isə ondan da artıq, evdən xaricdə əmək fəaliyyəti ilə məşğuldur. Onlar da eynən kişi kimi evə yorğun gəlir, qulluğa ehtiyac duyurlar. Evdən bayırda əmək fəaliyyəti ilə məşğul olan qadından evdarlıq gözləmək olmaz, eləcə də, ictimai ehtiyacları nəzərə alıb qadını evdən kənardakı fəaliyyətdən məhrum etmək olmaz. Axı evdən bayırda yalnız qadının ixtiyarına veriləsi işlər var. Yenə də bəzi nöqtələri araşdırmaq lazım gəlir.
İşləyən qadınlarla bağlı bəzi nöqtələr
1. Evdən xaricdə əmək fəaliyyəti ilə məşğul olan qadın ailə büdcəsinin bir hissəsini təmin edir. Demək, ev işlərinin ağırlığını onun çiyninə qoymaq olmaz. Ər vəzifəlidir ki, işdən yorğun gəlmiş qadının ev işləri görüb üzülməməsi üçün münasib proqram tərtib etsin. Əgər qadın gücündən artıq yüklənərsə onun psixoloji durumuna zərbə dəyər. Əlbəttə ki, qadının problemi həm də ailənin problemidir. Nəzərdə tutulan halda ər və övladlar ev işlərində qadına kömək göstərməlidir.
Təəssüf ki, bəzən təqaüdə çıxmış, yetərincə boş vaxtı olan kişilər adət-ənənə prizmasından «ayıbdır» deyə qadına ev işlərində kömək göstərmirlər. Belə bir rəftar səmavi təlimlərə tam ziddir. İslam dini ev işlərini, hətta körpəyə qulluğu qadına vacib etməmişdir. Əlbəttə ki, qadın şəraiti nəzərə alaraq ev işlərini öhdəsinə götürməlidir. Amma onun bu fədakarlığından sui-istifadə edilməməlidir.
İslami təlimlər baxımından kişinin evdə iş görməsi bəyənilmişdir və ilahi mükafata səbəb olur. Hətta bildirilir ki, kişinin ev işlərində çalışması onun böyük günahlarının bağışlanması ilə nəticələnir.
İslam peyğəmbərindən nəql olunmuş bir rəvayətdə deyilir ki, yalnız Allahın dünya və axirət xeyiri verdiyi kişilər öz həyat yoldaşına xidmət etməyə müvəffəq olur.
Bizim dini adət-ənənələrimizdə də qeyd olunur ki, kişi öz imkan və gücü həddində ev işlərində iştirak etməlidir.
2. Qadınların məşğulluq vəziyyəti göstərir ki, onlardan bəziləri ictimai faydalı işlərlə məşğul olub ailə iqtisadiyatına kömək göstərir. Başqa br qrup isə maddi ehtiyac olmadığı halda ictimai mövqe qazanmaq xatirinə evdən bayırda çalışır. Belələri həddi aşmış istəklərindən əl çəksələr evdən kənarda işləməyə ehtiyac qalmaz. Belələri adətən qadın üçün münasib olmayan yerlərdə çalışırlar. Hansı ki, qadının iş yerində sağlam əxlaqi mühit olmalıdır. Qadınlarımız, xüsusi ilə gənc qızlarımız bu mühüm nöqtəni daim nəzərdə saxlamalıdırlar:
Qadın üçün şəxsiyyətini qorumaqdan dəyərli bir şey yoxdur. Qadın heç bir halda öz şan-şərəfini əldən verməməlidir. (Təəssüf ki, bəziləri yeni mədəniyyətin müsbət və mənfi cəhətləri arasından yalnız xoşagəlməz tərəfləri götürürlər. Onlar sanki könüllü olaraq özlərini bu mədəniyyətə qurban verirlər. Yüngül əxlaqlı qadınlar gəlincik tək bəzənir, maddi ehtiyacları olmadığı halda müxtəlif müəssələrdə dəyərsiz işlərlə məşğul olurlar. Öz şərəf gövhərini ucuz qiymətə satanların mövcudluğu bir həqiqətdir.)
3. Bəzi qadınlar ev işlərini özləri üçün əskiklik sayır, onu lazımınca dəyərləndirmirlər. Belə qadınlar üçün hansısa şirkətdə işləmək evdarlıqla məşğul olmaqdan, övlad tərbiyə etməkdən daha əhəmiyyətli görünür. Əslində isə:
Əvvəla, sağlam fitrətə malik bir qadın nəinki ev-eşiyə, hətta evdəki ləvazimatlara daxili hisslərlə bağlıdır. Sanki evin dam-divarı canlıdır və bütün bunlara ruhən bağlanmaq olar. Xanım Lembrozu “Qadın ruhu” kitabında bütün bu nöqtələri gözəl şəkildə açıqlayır. Kitabda qadının evə qayğıkeş münasibətindən ətraflı danışılır. Demək, qadın nə qədər ki hansısa səbəblərdən öz fitrətindən yayınmayıb ev işləri ona alçaldıcı görünmür, öz ailə övladına can-başla qulluq edir.
İkincisi, səmavi təlimlər baxımından ev işləri, övlad tərbiyəsi, ərə qulluq qadın üçün çox dəyərli işlərdir və böyük ibadət sayılır. Hətta bir rəvayətdə İslam Peyğəmbəri (s) qadının öz ərinə qulluğunu onun cihadı kimi təqdim edir: “Qadının cihadı ərə yaxşı qulluqdadır.”
Rəvayətlərdə belə nəql olunur: “Qadının öz ərinə bir qurtum su verməsi onun üçün bir ilin ibadətindən üstündür.” Qadın evdarlığının böyük dəyərə malik olmasından danışan rəvayətlər çoxdur. Bu rəvayətlərdən biri də “Əsma” adı ilə tanınır. Nəql edirlər ki, bir gün Əsma adlı bir qadın həzrət Peyğəmbərin (s) yanına gəlib dedi: “Mən sizə bir sual vermək üçün qadınlar tərəfindən seçilmişəm. Sual belədir: Allah-təala sizi həm kişilər, həm də qadınlara doğru göndərdi. Biz sizə iman gətirdik, amma biz ev işlərinə məşğul ikən kişilərin cihada getməsi onlara daha çox savab qazanmaq imkanı verib. Kişilərin əldə etdiyi bu savaba bizim şərikliyimiz varmı?” Həzrət (s) Əsmanın sualını bəyənərək buyurdu: “Bu sualı verən bütün qadınlara elan et ki, sizin ərə yaxşı qulluq etməyinizin, onun razılığını qazanmağınızın, ona itaət göstərməyinizin savabı onun gördüyü bütün işlərin savabı qədərdir.”
Demək, evdar qadınlar bilməlidirlər ki, onların gördüyü iş ən şərif və ən dəyərli işlərdəndir. Onlar öz evdarlıqlarını ucuz qiymətləndirməməli və bilməlidirlər ki, çəkdikləri bütün zəhmətlər ibadət sayılır və onları Allaha yaxınlaşdırır. Digər bir tərəfdən, həyat yoldaşı evdarlıqla məşğul olan kişilər onları lazımınca dəyərləndirməlidirlər. Evdarlıq əhəmiyyətsiz sayılmamalıdır. Kişilər öz rəftarları ilə göstərməlidirlər ki, qadının evdarlığını qiymətləndirirlər, bu üzücü zəhmətlərə biganə deyillər. Belə bir nöqtəni də xatırlatmaq yerinə düşər ki, körpəyə qulluq kişiyə yüngül iş kimi görünə bilər. Əgər qadının gün uzunu gördüyü işlərin siyahısı tutulsa, bu işin nə dərəcədə çətin olduğu üzə çıxar. Uşaqlı qadının zəhməti isə daha artıqdır. (Əlbəttə ki, müasir elektirik cihazları evdar qadının işini bir qədər yüngülləşdirmişdir. Belə qadınlar boş qalan vaxtlarında başqa faydalı işlərlə məşğul olmalıdırlar. Məsələn, zəruri kitabların mütaliəsi onların boş vaxtını doldura bilər. Qadın vaxtını səmərəli keçirməklə yanaşı, öz düşüncəsini də inkişaf etdirir. Vaxtı boş keçirmək, müsbət fəaliyyətlərdən qaçmaq insan ruhu üçün çox zərərlidir. Həzrət Əli (ə) buyurur: “İş ən yaxşı əyləncədir, Allah işsiz bəndəni sevmir.”
Ayxan Rəsul
Oxunub: 1 691