dini radikalizm və ekstremizmlə mübarizə

NURAY DƏNİZ-in Maraq otağı silsiləsindən

Uşaqlar dünyanı alacaq əlimizdən - Ölümsüz ağaclar əkəcəklər..


NURAY DƏNİZ-in Maraq otağı silsiləsindən


Dünən Uşaqların Beynəlxalq Müdafiəsi Günü (International Children's Day) kimi qeyd edilirdi.

Bu bayramın ilk dəfə 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb.

Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunub.

Uşaqlar, ailənin, cəmiyyətin, dövlətin və ən nəhayətində dünyanın gələcəyidir. Onların fiziki, əqli sağlamlığı valideynlərin hər zaman diqqətində olmalı və insanlar sağlam nəsil, sağlam şəxsiyyət yetişdirmək üçün uşaq dünyaya gətirməlidir. Ancaq təəssüf ki, insanların dünyaya uşaq gətirmək niyyəti əksər zamanlar yanlış istiqamətdə olur. Kimisi dağılmaq üzrə olan ailəsindəki bağları möhkəmləndirmək üçün uşaq dünyaya gətirir, kimisi sırf soyunun davam etməsi üçün, kimi də sadəcə qocalanda ona baxacaq birinin olması üçün. Bu yanlış istiqamət isə gələcəkdə bədbəxt bir nəslin yetişməsinin əsasını qoyur.

Bu günlərdə diqqətimi bir statistik göstərici çəkdi. Azərbaycanda 1970-ci ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 5200 olubsa, bu rəqəm 2016-cı ildə 26288-ə çatıb. Bu isə sağlam və qanuni bir ailə mühitində böyüməyəcək 26288 vətəndaş deməkdir. Və əksəriyyəti imkansızlıq, təkvalideynlik səbəbindən təhsildən, sivil cəmiyyətdən uzaq qalan fərdlər...

Bununla yanaşı, sevindirici haldır ki, ölkəmizdə bir və ya hər iki valideyn qayğısından məhrum olan və internat müəssisələrində təhsil alan uşaqların sayı 1991-ci ildə 955 olubsa, bu rəqəm illər ərzində kəskin şəkildə dəyişməsinə baxmayaraq, 2017-ci ildə 639-a düşüb. Yəni, dövlət hal-hazırda 639 uşağa analıq və atalıq edir...

Digər bir statistikaya nəzər salaq. Hal-hazırda dünyada 1 milyard uşaq yoxsulluq, 240 milyon uşaq müharibə şəraiti, 575 milyon qız uşağı isə övlad ayrı-seçkiliyinin mövcud olduğu ölkələrdə yaşayır. Beynəlxalq "Save the Children" təşkilatının hesabatına görə, 1,2 milyard uşaq 3 riskdən birinin, bütövlükdə 20 ölkədə yaşayan 153 milyon uşağın sadalanan hər 3 risk faktorunun qurbanı olur.

Müharibə, aclıq, qorxu, ailəsizlik, təhsilsizlik və bunun fonunda böyüməyə çalışan 1 milyard uşaq. Sadə dillə desək, uşaqlığında bir dəfə də olsun, parka gedib dondurma yeməyən 1 milyard insan...

Biz isə onların təhsil, tərbiyə, gəzmək, kəşf etmək və hətta yaşamaq hüquqları yerinə öz eqomuzu, istəklərimizi müdafiə edirik...

Dəyərli türk şairi Nazim Hikmət Ranın dediyi kimi, dünyanı bir günlük uşaqlara versək. Raketlər yerinə çərpələnglər uçsa, qurğuşunlar yerinə dondurmalar ərisə, bombaların atıldığı yerdə çiçəklər bitsə, boşa çıxan ümidləri partlayan şarlar əvəz etsə, uşaqlar bombaların səsinə deyil, bu şarların səsinə diksinsə...

Dünyanı verək uşaqlara

Heç deyilsə, bir günlüyünə...

Allı-güllü bir şar kimi verək oynasınlar.

Oynasınlar mahnılar oxuyaraq ulduzların arasında

Dünyanı verək uşaqlara

Böyüük bir alma kimi verək, imisti bir yağ-çörək kimi

Heç deyilsə, bir günlüyünə doysunlar.

Bir günlük də olsa, öyrənsin dünya dostluğu

Uşaqlar dünyanı alacaq əlimizdən

Ölümsüz ağaclar əkəcəklər...

Məsələn, uşaqların sayını statistik göstəricilərlə deyil, xoşbəxtliyinin sayı ilə xatırlasaq.

Kim daha çox arzu tuta bilər?

Nuray Dəniz

Oxunub: 1 057
Oxşar xəbərlər
SON XƏBƏRLƏR