Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı başlayıb.
"Report" xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Ceyhun Bayramov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, dövlət və hökumət nümayəndələri, deputatlar, tanınmış ziyalılar, media qurumlarının rəhbərləri iştirak edirlər.
Qurultayda əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Sonra Prezident İlham Əliyevin qurultay iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub. Məktubu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.
Qurultaya ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə 200-dən çox nümayəndə qatılıb.
Tədbirdə "Azərbaycan Respublikasında təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn məsələlər və qarşıya qoyulan əsas hədəflərin həyata keçirilməsi məsələləri müzakirə olunur. Eyni zamanda ümumi təhsil sahəsi ilə bağlı panel müzakirələr aparılır.
Qurultay çərçivəsində həmçinin Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Əməkdar müəllim” fəxri adı və “Tərəqqi medalı”na layiq görülən 100-dən artıq təhsil işçisinə dövlət təltifləri təqdim ediləcək.