dini radikalizm və ekstremizmlə mübarizə

İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik olan Hadrut əməliyyatı


Ermənistanın Azərbyacana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, 44 gün davam edən Vətən müharibəsi Azərbaycan, o cümlədən dünya tarixinə qızıl rəqəmlərlə yazılmış Şanlı zəfərimizin ömrüdür. Artıq 2-ci ildir ki, Vətən müharibəsi, 2-ci Qarabağ savaşı, “dəmir yumruq” əməliyyatı, böyük qələbə kimi də adlandırılan bu 44 günlük şanlı zəfər tarixini qeyd edirik. Dünya xəritəsində kiçik bir yeri əhatə etməsinə baxmayaraq Azərbaycan dövləti 44 gün ərzində dünyaya səs salaraq bütün gücünü göstərdi. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. 44 gün ərzində həyata keçirilən sürətli döyüş əməliyyatları ilə Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olunub. 1992-ci ildə Ermənistan qoşunları tərəfindən işğal edilmiş Azərbaycanın Xocavənd rayonunda yerləşən Hadrut və ona bitişik kənd və yüksəkliklər 28 il sonra 9 oktyabr 2020-ci il tarixində II Qarabağ müharibəsi zamanı Müzəffər Azərbaycan Ordusu tərəfindən geri qaytarıldı. Həmin tarixdə Hadrut ilə bərabər aşağıda adları qeyd olunan ərazilər də erməni işğalından azad edildi.
Bunlar:
•Xocavənd rayonunun Sur kəndi
•Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri
•Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndləri
•Tərtər rayonunun Çaylı kəndi.
Hadrut döyüşlərində uğursuzluğa dözə bilməyən düşmən yalan məlumatlar yaymağa başlayıb. Ermənistan rəhbərliyi, bu ölkənin rəsmi şəxsləri və düşmən dəyirmanına su tökən bəzi xarici jurnalistlər Hadrutun guya ermənilərin nəzarətində olduğu barədə dezinformasiyalar yayıblar. 2021-ci ilin martın 16-da Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağını qaldırıb və çıxış edib. Ali Baş Komandan çıxışında Hadrutun işğaldan necə azad olunduğunu açıqlayıb. Dövlət başçısı bildirib ki, Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olub: “İlk növbədə, ətraf dağlar götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi.Hadrut düşmən işğalından azad olunduqdan sonra bərpa-quruculuq işlərinə başlanılıb və bütün infrastruktur bərpa edilir. Artıq Hadrutda Ailə Sağlamlıq Mərkəzi (ASM) fəaliyyətə başlayıb. Sağlamlıq mərkəzinin binası əsaslı təmirdən sonra istifadəyə verilib və 6 min vətəndaşa xidmət göstərilməsi nəzərdə tutulub. Müəssisə bütün zəruri tibbi avadanlıqlar və vasitələrlə təmin edilib. Bundan əlavə, ASM-də 24 saat ərzində təcili və təxirəsalınmaz tibbi yardım xidməti təşkil edilib və reonomobil ambulansla tam təchiz olunub.
Qeyd etməliyəm ki, bu ilin mayın 5-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hadrut qəsəbəsinə səfər ediblər. Səfər zamanı Prezident və birinci xanım Hadrutda 360 şagird yerlik məktəb binasının bərpa layihəsi ilə tanış olublar. Elə həmin gün dövlət başçısı və xanımı Hadrut qəsəbəsində salınacaq ilk yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak ediblər. İlk yaşayış məhəlləsi 28 fərdi evdən ibarət olacaq. Tikiləcək evlərin ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olması nəzərdə tutulur. Mənzillərin sahəsi 70-120 kvadratmetr təşkil edəcək. Bu gün Azərbaycan işğaldan azad etdiyi bütün dədə-baba torpaqlarında sürətli yenidənqurma işləri həyata keçirir və bu proseslə yanası hazır olan bir neçə rayon və kəndlərdə artıq köç başlanılmışdır. Bu gün artıq 30 il bundan əvvəl öz torpaqlarından məcburi köçkün kimi evlərindən çıxanlar artıq qürurlu və qalib bir vətəndaş kimi, qayıdırlar. Bu qayıdışı təmin edən “Dəmir yumruq“ əməliyyatının müəllifi Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə, şəhidlərimizə,qazilərimizə, əsgər və zabitlərimizə,arxa cəbhədə ordu-xalq birliyə dəstək verən millətimizə borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin qazilərimizə isə can sağlığı versin. Şəhidlərimizi daim dərin hörmətlə anır ehtiramla yad edirik.

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Oxunub: 123
Oxşar xəbərlər
SON XƏBƏRLƏR