dini radikalizm və ekstremizmlə mübarizə

TİBB, KİMYA, GEOLOGİYA VƏ MEMARLIQ-İNŞAAT İXTİSASLARINDA OXUYAN TƏLƏBƏLƏRİN TƏHSİLALMA QABİLİYYƏTİNƏ CİDDİ FİKİR VERİLMƏLİDİR!

Çünki, onlar gələcəkdə insan taleyinin həll olunmasında mühüm rol oynayacaqlar......

Məqalənin başlığında qeyd etdiyim ixtisaslar olduqca çox böyük və ciddi bir əhəmiyyət daşıyır. Həmin o ixtisaslarda təhsil alan tələbələr Ali məktəbi bitirdikdən sonra gələcəkdə insanların, daha doğrusu, cəmiyyətin həyatında mühüm rol oynayacaqlar.

Ancaq çox böyük bir təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu cür zəruri ixtisaslarda oxuyanların 90%-i məhz sırf həmin peşəyə sahib olmaq üçün yox, ya kiminsə həvəsinə düşmüş, ya pul ilə, ya kiminsə tapşırığı ilə, ya balı çatdığına görə və ya da ki, "Tələbə" adını qazanmaq üçün belə ixtisasları seçmişdirlər.

Bundan əlavə, adları qeyd olunan ixtisaslarda oxuyan tələbələrin çoxu semestr imtahanı zamanı o imtahanlardan öz bilikləri ilə keçmirlər. Pul, tapşırıq vasitəsilə keçirlər.

Yalnız 5-10% tələbə öz savadı, əziyyəti hesabına imtahanı başa vura bilir. Çünki, az faizi təşkil edən tələbələr qəbul olduqları ixtisasa öz istəkləri ilə qəbul olunublar, bu peşəni sevir və onu mənimsəmək istəyirlər. Bu peşələrə mənsub olaraq xalqa layiqincə xidmət etmək istəyirlər.

Gələcəkdə pul, tapşırıq ilə bu ixtisasın imtahanlarından keçən tələbələrin əlinə düşən fağır insanların isə vay halına! Çünki, o tələbələrin tibbdən, hüquqdan, kimyadan, geologiyadan, inşaatdan başları çıxmır.

Tibbi tamam-kamal bilməyən adam necə həkim, feldşer, cərrah, stomatoloq, psixiatr işləyə bilər?; tibbi bilməyən adam necə insan həyatını qoruya, onu müalicə edə bilər? Tibbi ixtisasını zahirən oxuyan, amma dərinliyinə varmayan bir həkimə insan həyatını etibar etmək olarmı? Əlbəttə ki, olmaz. Bəlkə o xəstə sağala bilərdi, lakin onu həmin savadsız həkimə həvalə etmək, ölümə göndərməyə bərabərdir.

Kimyanı bilməyən adam necə maddə hazırlaya bilər? Maddələri, onların xassələrini və xüsusiyyətlərini bilməyən adam necə kimyagər ola bilər? Axı kimyadan başı çıxmayan adam bir-birinə uyğun olub-olmadığını bilmədiyi, tərkibini bilmədiyi maddələri bir-birinə qatışdırsa, o zaman, hər yeri partladar. Çünki, bir-birinə zidd olan maddələri qatışdırarkən, o maddələr bir bazanı partladıb dağıda bilər. Eynilə kimya tibbə də bağlıdır. Çünki, kimyəvi maddələrdən dərmanlar hazırlanır. Kimyanı bilməyən adam bəlli olmayan bir dərman hazırlayacaq, onu qəbul edən xəstə də sağalmaq əvəzinə o dünyalıq olacaq.

Geologiya ixtisasını bilməyən, onu kifayət qədər mənimsəməyən bir insan necə yeri öyrənə və onu tədqiq edə bilər? Təbii ki, heç cür! Tutaq ki, Allah eləməmiş, Azərbaycanımızın mərkəzində və yaxud da ki, hər hansısa bir ünvanında zəlzələ, torpaq sürüşməsi oldu. O zaman, həmin bu savadsız, dırnaqarası geoloqu çağıracaqlar ki, bəs gəlib bu barədə bir söz desin. Bu bədbəxt coğrafiyaşünas da relyefi, yeri, geologiyanı bilmədiyi bir halda necə deyə bilər ki, həmin ünvanda 1 saatdan, 1 gündən, 1 ildən və yaxud da 10 ildən sonra zəlzələ və ya torpaq sürüşməsi olacaq, ya olmayacaq?! Bu adam relyefi, coğrafiyanı, geologiyanı bilmirsə, belə insana nasaz bir yeri tədqiq etməyi həvalə etmək ən böyük ağılsızlıqdır.

Memarlıq-inşaat da bu zəruri mövzuya daxildir. Çox binalar, evlər bir neçə ildən, yaxud 10 ildən sonra nasaz hala düşür, çürüyür, çat verir. Çoxmərtəbəli binalar çökərək yıxılır. Niyə görə? Çünki, həmin tikililəri inşa edən inşaatçı, memar və ya mühəndis, demək ki, savadsızdır. Memarlıqdan, inşaatdan, özül qoymaqdan, ev tikməkdən yetərincə başı çıxmır. Bir sözlə, mühəndislik savadı yoxdur.

Görürsünüzmü, belə peşələr birbaşa insan taleyi ilə bağlıdır. İnsan həyatını həll edir. Ona görə də tibb, kimya, geologiya və memarlıq-inşaat ixtisaslarında oxuyan tələbələr xüsusi nəzarətdə saxlanılmalıdırlar. Onlar Ali məktəbi bitirəndən sonra oxuduqları ixtisas üzrə işə qəbul olunarkən, ciddi bir şəkildə sınaqdan keçirilməli və yoxlanılmalıdırlar.

Çünki, bu məsələ zarafat deyil, olduqca mühüm işlərdir.

Bizdə savadlı, peşəkar, oxuduğu ixtisas üzrə işləməyi bacaran, professional insanlar olmadığı üçün millət xaricə qaçır. Şəfanı, çarəni xaricdə tapmağa çalışır. Həm pulu gedir, həm də ki, səfərlərdə fiziki yorğunluğa məruz qalır.

Belə olmamalıdır! Azərbaycanımızda da adlarını qeyd etdiyim peşələr üzrə yüksək səviyyəli kadrlar olmalıdır.

Ərtoğrul Mehdizadə

Oxunub: 156
Oxşar xəbərlər
SON XƏBƏRLƏR