“Qartal uçur qayadan,
Səsi – igid oyadan.
Mən də tənha səyyadam.
Yardımlı yollarında!”
(Əlizadə Əhmədli) Azərbaycanın ilk müstəqillik illərində Yardımlı ərazisi Lənkəran qəzasının tərkibində Vərgədüz rayonu kimi tanınmışdır. Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra Milli hökumətin bayrağı bu ərazidə çökdürülmüşdür. Sivdaş bəyləri, Perimbel seyidləri, Bərcanlı Qaçaq Həsənin və Şahverənin dəstələri Qırmızı Orduya qarşı inadla vuruşaraq 1928-ci ilə kimi mübarizəni davam etdirmişlər. Dəstələri tam zərərsizləşdirmək məqsədi ilə Azərbaycan Sovet Respublikasının Dövlət Siyasi idarəsinin rəisi Novruz Rizayev özü xüsusi təyinatlı dəstə ilə əraziyə gəlmiş və 1928-ci ilin yayında qanlı döyüşlər olmuş, qaçaqların başçıları İrana qaçmışlar. Bolşeviklər həmin dövrdə qaçaqlara himayədarlıq edən Bərcan, Şıxlar, Gügəvar, Astanlı, Musalar və
Honuba kəndlərində 147 ev yandırmış, kənd sakinlərini pərən-pərən salmışlar.
Azərbaycan Respublikası Xalq Komissarları Sovetinin Vərgədüz rayonundakı vəziyyəti araşdırmaq məqsədilə yaratdığı komissiya 1928-1929-cu illərdə rayonda olmuş və komissiyanın rayon haqqında verdiyi
hesabat Xalq Komissarlığı Sovetində 19 oktyabr 1929-cu ildə müzakirə edilərək, buradakı vəziyyətlə əlaqədar qərar qəbul edilmişdir. Qərarda Vərgədüz kəndinin rayon mərkəzinin fəaliyyəti üçün münasib olmaması əsas götürülərək, komissiyanın təklifinə əsasən rayon mərkəzi kimi Yardımlı kəndi seçilmiş və rayon Yardımlı adlandırılmışdır. Həmin qərara əsasən 1930-cu ildən rayon mərkəzi Yardımlı kəndinə köçürülmüşdür.
«Yardımlı» sözünün etimologiyası bu ərazidə atəşpərəstliklə əlaqədardır. Əjdər Fərzəlinin VI-X əsrlər «Dədə Qorqud yurdu» kitabında Yardımlı yaşayış məntəqəsi «Yardam» kimi göstərilmiş və od, günəş mənalarından biri kimi bildirilir. Bu da Odlar yurdunun qədimliyi, keçmişi ilə bağlılıq təşkil edir. Sonradan «Yardam» sözü assimilyasiya olunaraq Yardımlı kimi deyilmiş və bu gün də bu formada istifadə edilir.
1937-ci ildə Respublikada başlanan repressiya Yardımlıdan da yan keçmədi. Tək-tək fərdlərlə bərabər bütün yaşayış məntəqələri də repressiya olundu. 1937-ci ilin yayında Azərbaycan K(b)P MK-nın birinci katibi Mircəfər Bağırov Yardımlı rayonuna səfər edir. Azərbaycan rəhbərinin bu səfərinin nəticələri arxivlərin ən mötəbər sənədli mənbələrində əsasən iki qəmli hadisə ilə tarixləşib: Yardımlının İran ilə sərhəddə yerləşən bir neçə kəndinin köçürülməsi və görkəmli din adamlarının, antisovet qüvvələrinin repressiya edilməsi!
Hələ bu səfərə qədər, 1936-cı il 15 fevral tarixində SSRİ Xalq Komissarları Soveti ölkənin təhlükəsizlik tədbirlərini əsas götürərək Vərgədüz və Astara rayonlarının İran ilə sərhəddə yaxın kəndlərinin 250 təsərrüfatının köçürülməsi haqqında qərar qəbul etmişdi. O sistem şəraitində başqa cür hərəkət etmək imkanı olmayan Mircəfər Bağırov mərkəzi hakimiyyətin göstərişlərini sözsüz yerinə yetirmiş, 1936-cı ilin dekabr ayında ölkə rəhbəri İ.V.Stalinə göndərdiyi tamamilə məxfi məktubunda ötən bir il içərisində İran ilə sərhəd kəndlərində yaşayan 700 ailənin SSRİ-nin digər ərazilərinə, 300 ailənin isə Azərbaycanın müxtəlif rayonlarına köçürüldüyü barədə hesabat vermişdi.
Mircəfər Bağırovun Yardımlı rayonuna səfərindən sonra Azərbaycan K(b)P MK-nın 1937-ci il 1avqust tarixli 14/2 saylı tamamilə məxfi qərarı ilə Xalq Komissarları Sovetinə sərhədə 500 metr yaxınlıqda yerləşən bütün yaşayış məntəqələrini köçürmək tapşırıldı. Yardımlı rayonunun Ləzran sovetliyində sərhəddən 60 metr aralıda yerləşən Biromot kəndindən 10 təsərrüfat, Ovra sovetliyində sərhəddən 40 metr aralıda yerləşən Ovra kəndindən 63 təsərrüfat, həmin sovetliyin sərhəddən 30 metr aralıda yerləşən Laceyir kəndindən 22 təsərrüfat, Perembel sovetliyində sərhəddən 40 metr aralıda yerləşən Deman kəndində 10 təsərrüfat köçürülməli idi. Digər kəndlər də sərhədə yaxın yerləşirdilər. Onları da acı tale gözləyirdi
1937-ci ilin oktyabr ayında Azərbaycan SSR XKS həmin kəndlərin boşaldılmasına dair qərar qəbul etdi. Azərbaycan SSR XKS-nin 1938-ci il 11 aprel tarixli 9257 saylı tamamilə məxfi məktubu yerlərə göndərildikdən sonra həmin təsərrüfatlar və digərləri köçürüldü.
Uzun illər boyu dədə-baba torpaqlarında yaşayan yardımlılar 1938-ci ilədək Zubovka, sonralar Əli Bayramlı adlandırılan indiki Şirvan, 1930-cu ilə qədər Astarxanbazar adlandırılan indiki Cəlilabad, 1938-ci ildən Puşkin adlandırılan indiki Biləsuvar rayonuna köçürüldülər. Hətta Quba rayonuna köçənlər də oldu. Ev-eşiklərini itirən bu adamların çoxu xəstəliklərdən və mühitə uyğunlaşa bilmədiklərindən dünyalarını vaxtsız dəyişirdilər.
1939-cu ildə köçürülmüş Təzəkənd, Sipronu, Alili, Abili, Birəmətə, kəndlərinin siyahısına sonralar ( 50-ci illərdə ) Abasallı, Köhnəqışlaq, Pirdovdan, Ovra, Ləceyir,Arvana, Qarovuldaş, Deman, Avaş,Binələr, Perimbel, Ərvərəz,Oncakələ, Peştəsər, Şatiker, Niyazonu, Nığlə, Fındıqlı Qışlaq, Vəlişli, Xanbulaq, Avaraq, Məceyir, Əliabad, Limar, Şələ, Ləzran və Ecara kənləri də əlvə olundu. Ümumilikdə köçürülmə zamanı 5 sovetlik, 17 kolxoz və 33 kənd ləğv edildi.
Yardımlı kəndlərinin köçürülməsi sonrakı illərdə də davam etdirildi. İkinci Dünya müharibəsindən sonra Yardımlının İran ilə sərhəddəki bir çox kəndləri, o cümlədən qədim Deman kəndi köçürüldü. Həmin dövrdə köçürülən yardımlıların nəslinin davamçıları bu gün Masallı, Cəlilabad, Biləsuvar, Lənkəran, Şirvan, Quba, Göycay, Sumqayıt, Bakı və digər yerlərdə yaşayırlar. (Musa Qasımlı "Azərbaycan türklərinin milli mücadilə tarixi. 1920-1945" adlı irihəcimli monoqrafiyasından). Bax beləcə acımasızcasına tarixi yurdlar boşaldıldı, çah-cəlallı , qoynunda şenlik qurulan ağır-ağır obalar xarabazara çevrildi.
Yardımlının dəyərli ziyalısı, şair oğlu Əlizadə Əhmədli “Ruhuma göylərdən ağ yağış yağır” (Bakı, Adiloğlu -2019)kitabında “Köçürülmüş dağ kəndinin ağısı” şeirində yatırlı ellər haqqında yazır:
“1951-ci ildə heç bir əsas olmadan rayonumuzun (oxu:Yardımlının-red.) 22 kəndini Azərbaycanın müxtəlif rayonlarına köçürmüşlər. İndi həmin kəndlər xarabalıqları xatırladır.
Sükuta qərq olub burda hər tərəf
Quzular mələmir, atlar kişnəmir.
Köhnə çəpərləri basıb ot - ələf,
Həyətdə, bacada heç kəs işləmir.
Bu yerdə bulud da qubar kimidir,
Yağan yağışlar da göz yaşlarıdır.
Hər ev bir yiyəsiz məzar kimidir,
Quruyan ağaclar baş daşlarıdır.
Nə insan nəfəsi, nə gülüş, nə səs…
Ocaq qalanmayır, tüstü qalxmayır.
Bu uçuq binalar ruhuma məhbəs,
Onun naləsinə kimsə baxmayır.
Dağlara hay salan o ellər hanı?
Söyüdlər saçını yolub görürəm.
O çiyni səhəngli gözəllər hanı?
Çeşmənin gözləri dolub, görürəm.
Səsimə səs verin, köçən ellərim,
CTBu cənnət məkanda alışdım, yandım.
Ey oddan, alovdan keçən ellərim,
Tarixin yerinə yaman utandım!
Çox şükür ki, müstəqillik dönəmindən üzübəri köçürülmə nəticəsində xarabazara çevrilmiş həmin o kəndlər yenidən məskunlaşmadadır.
Malik Balaşov
Oxunub: 346