dini radikalizm və ekstremizmlə mübarizə

HEÇ KİM CAMAATDAN UTANIB DA YAS MƏRASİMLƏRİ TƏŞKİL ETMƏK MƏCBURİYYƏTİNDƏ DEYİL!


Çox böyük bir təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Səfəvi padşahlığının dövründə meydana gələn cahillik, mövhumat, xurafat bu günümüzdə də davam etməkdədir. Bu, özünü yas mərasimlərində də büruzə verir. Ölü üçün üç, cümə axşamları, yeddi, qırx, əlli iki, il, hətta ikinci il verənlər də var. Bu, ən böyük cahillik və anlayışsız bir addımdır.

Fikir verin və məntiq ilə düşünün. Bir insan vəfat edirsə, ona görə nə etmək lazımdır? Burada dörd əməldən başqa heç bir şey etməyə ehtiyac yoxdur: vəfat edən mərhum yuyulur; kəfənlənir; onun üçün cənazə namazı qılınır və ən nəhayət, torpağa tapşırılır. Vəssalam! Artıq bunların xaricində başqa bir şey etmək çox lazımsız görünür.

Kiminsə ürəyindən yeyib-içmək keçirsə, onu öz evində də təşkil edə bilər. Daha mərhumun ailəsini əziyyətə, zəhmətə, xəcalətə salmaq isə ayıbdır! Heç bir çox ailələr vardır ki, belə lazımsız şeyləri ya imkansızlıq ucbatından və ya da ki, düşüncə baxımından etmək istəmir. Lakin "Qonşulardan ayıbdır!", "Birdən, qonşular nə deyərlər?"-deyə, gecə-gündüz dərd çəkirlər. Yazıqlar borca, banka girərək pul götürüb yas mərasimləri təşkil edirlər ki, nə var-nə var, qonşuların qarnı doysun və onların arxasınca qeybət etməsinlər. Bu qədər də vicdansızlıq olmaz! Bu qədər də savadsızlıq olmaz! Dinimizdə də belə şeylər qadağan olunmuşdur!

Bəli, bir nəfərin yaxını dünyadan köçürsə, həmin nəfər onun üçün ağlayır. Bu, təbiidir. Çünki, vəfat edən onun əzizi, doğması, hətta gözünün işığı idi. Qonşu cəhənnəmə qeybət etsin! Mərhumun ailəsi nə vaxtsa gizli bir şəkildə aclıq çəkdiyi günlərdə həmin qonşuların xəbəri var idimi? Yaxud, həmin qonşular o ac ailəyə kömək əli uzatmışdırmı? Əlbəttə ki, xeyr.

Ümumiyyətlə, heç bir kəsin haqqı və hüququ yoxdur ki, bir nəfər vəfat edərkən, onun ailəsi mərhumu üçün yas mərasimi təşkil etmədiyi bir halda onu qınasın! Həmin insan da, qonşu da, cəmiyyət də, ictimaiyyət də birmənalı olaraq böyük səhv edir! Əlbəttə ki, söhbət belə cahilliyi, xurafat dəstəkləyənlərdən, bu lazımsız şeylərlə yaşayanlardan gedir. Adama deyərlər ki, əgər mərhum üçün, onun ailəsi üçün canın yanırsa, qonşuluq heysiyyatın oyanıbsa, o zaman, sən həmin ailəyə maddi kömək et, bir qazan xörək bişirib apar ver. Daha onlara yüklənmə! Ədəbsizlik də bir yerə qədər...

Qonşunun qonşuluq borcu vardır ki, əgər bir qonşusu vəfat edərsə, gedib ona baş çəksin, başsağlığı versin. Bəli, bunu etmək lazımdır. Çünki, ölüm elə bir şeydir ki, hamının başına gəlir və gələcəkdir də. Allah vaxtsız və nakam ölümdən saxlasın, amin!

Bundan əlavə, özün göstərən ailələr də var. Vaxtı ilə, ata-anasına bir kilo meyvə alıb vermirdi, lakin valideyinləri vəfat edəndən sonra onların yasında məclisə cürbəcür meyvələr düzdürür. Bunlar kimə lazımdır axı? Məsələn, bacısını və ya qardaşını heç yada salmırdı, zəng edib halını soruşmurdu, ancaq onların yasında qardaşlığı yadına düşür; məclisə cürbəcür yeməklər, meyvələr tökür. Gedib bahalı mərmər daşı alırlar. Hətta büst və heykəl qoyduranlar da var. Sadəcə olaraq, özünü göstərməkdir, başqa bir şey deyil.

Ümumiyyətlə, ölü üçün məzara şəkil, büst və heykəl qoymaq günahdır. Həm də ki, bütpərəstliyin əlamətidir. O şəkillərin, büstlərin, heykəllərin altında uyuyan ölülərə əzab verilir. Təbii ki, onlar öz ailələrinin etdiyi bu cür səhvlərin cəzasını çəkir, əzabını dadırlar. Peyğəmbərimiz(s.a.s) belə şeyləri qadağan etmişdir!

Lazımsız yas mərasimlərinə sərf edilən o külli miqdarda pulları başqa savab işlərə xərcləmək olar. Məsələn, hər hansısa kəndə yol, su, soyuq evlərə qaz çəkdirmək olar; dağılmış yolları bərpa etmək olar; tanıdığın kasıb ailələrin qarnını doyuzdurmaq olar. Bu, artıq savab və gözəl bir hərəkət olardı.

Sən bunu öz mərhumunun adından et, qoy, ona da savab yazılsın. Baxmayaraq ki, ölüb, lakin onun adına etdiyin gözəl əməllər onun üçün də savab olaraq yazılır.

Yəni ki, millətimiz artıq əməllərdən, lazımsız mövhumatlardan, mentalitetimizə uyğun və heç bir aidiyyatı olmayan adətlərdən əbədiyyən kənarlaşmalıdır!

Ümid edirəm ki, Allahın izni ilə, qələmə aldığım bu məqalə cəmiyyətimizin bir çox üzvlərinə faydalı olar. Baxmayaraq ki, xalqımızın içərisində cahil çoxdur. Lakin ziyalılarımız, təfəkkür sahiblərimiz, müdriklərimiz də az deyil.

Ərtoğrul Mehdizadə

Oxunub: 234
Oxşar xəbərlər
SON XƏBƏRLƏR