dini radikalizm və ekstremizmlə mübarizə

Dini Komitənin keçmiş sədri: “Həcc ziyarəti biznesdir”

Dini Komitənin keçmiş sədri: “Həcc ziyarəti biznesdir”

Həcc ziyarəti üçün Azərbaycana ayrılan kvota və gediş-gəliş məbləği artıq məlumdur. Pandemiyadan sonra ilk dəfə təşkil olunacaq ziyarətin qiyməti 5350 ABŞ dolları müəyyən olunub. Həcc ziyarətinin iyunun 24-dən iyulun 20-nə qədər olan müddətdə həyata keçirilməsi planlaşdırılır.

Ötən gün Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən rəsmən elan edilən bu rəqəmlər bəzi vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb. Bildirilir ki, 5350 ABŞ dolları Həcc üçün çox böyük məbləğdir və bunun əvəzində kimsəsiz insanlara, kasıblara və ehtiyacı olanlara yardım etmək daha məqsədəuyğun olar.

Djb.az xəbər verir ki, bu barədə Modern.az-a danışan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, "İRŞAD" İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyev xatırladıb ki, bundan əvvəl qiymətlər təxminən 5 min dollar civarında olub. Onun fikrincə, ziyarət məbləğinin yüksək olması digər xərclərin artması ilə əlaqədardır:

"Həm yolların, həm də mehmanxanaların qiyməti artıb. Bu da qiymətlərin bahalaşmasına səbəb olur. Eyni zamanda ziyarətə aparan şəxslər də qazanmalıdır. Onlar öz faizlərini qiymətin üzərinə qoyurlar. Bu adi dini mərasim deyil, bu, həm də biznesdir. İnsanları aparıb-gətirən şəxslər xərclərini çıxarmalıdır".

Sabiq komitə sədri vurğulayıb ki, Həcc ziyarətinə sərf olunan pulları digər faydalı işlərə sərf etmək ibadəti əvəz etmir:

"Həccə getmək lazımdır. Kiminsə getməyə imkanı yoxdursa, heç kim onu ziyarətə məcbur etmir. O Həccə getməyə də bilər. Burada xeyriyyə işləri ilə məşğul ola, lap xeyriyyə işləri ilə məşğul olmaya da bilər. Həccə getmək imkanı olan adamlar üçün fərz ibadətdir".

R.Əliyev hesab edir ki, ziyarətə xərclənən vəsaitlə daha çox savab iş görmək olar:

"İndi 10 min manat az pul deyil, bununla ölkədə çoxlu savab iş görmək mümkündür. 3-4 nəfərin sağalmasına, xəstəxanada müalicə olunmasına, onların hansısa işlərinə kömək etmək mümkündür. Mənim düşüncəmdə bu daha yaxşıdır. Həccə gedirsən, Hacı olursan, özün üçün savab qazanırsan. Amma burada başqalarının savabını da özün üçün götürürsən. Zənnimcə, bu daha sərfəlidir. Çünki 4 min dolların var, amma ziyarətə gedə bilmirsən. Ziyarət alınmayanda 4 min manatın xərclənib gedəcək. Amma onun bir hissəsini xeyriyyə işlərinə xərcləsən, daha yaxşı olar".

Oxunub: 354
Oxşar xəbərlər
SON XƏBƏRLƏR