dini radikalizm və ekstremizmlə mübarizə

PEYĞƏMBƏR YOLUNUN YOLÇUSU OLAN BİR MÜQƏDDƏS DİN XADİMİ - İMAM AQİL


Ömrünü Uca Allah-Təalanın(c.c) mübarək dininə həsr edən, bu yolda izzətlənən və xəmiri İlahi tərəfindən İslam elmi ilə yoğrulmuş bir möhtərəm ruhanidən danışmaq istəyirəm.

Hörmətli Aqil Akif oğlu Əliyev 1977-ci ilin avqust ayının 25-də Ağdaş rayonunun Xosrov kəndində doğulmuşdur. Hələ kiçik yaşlarından Uca Allahın lütfünə nail olan bu gözəl insan artıq 12 yaşından etibarən dini təhsil almağa başlayıb. O, Ağdaş İslam Mədrəsəsi, Şəki İslam Mədrəsəsi, Ağdaş rayonunun Xosrov İslam Mədrəsəsi, Bakı İslam Universiteti kimi orta və ali dini təhsil ocaqlarında savadlanmış və qardaş Türkiyədə 2 il, 6 aylıq müddətdə Müftilik və Vaizlik kursunu bitirmişdir.

Belə bir şərəfli vəzifənin daşıyıcısı olan İmam Aqil ömrünün
13 ilini Kürdəmir şəhər məscidində imam müavini, imam və İcma sədri kimi fəaliyyətə sərf etmişdir. Kürdəmir vilayətinin ictimai və siyasi həyatında aktiv rolu olmuşdur: şəhid, qazi ailələrinə, aztəminatlı ailələrə və valideyin himayəsindən məhrum olan uşaqlara dəstək vermişdir. Bu da heç şəkk-şübhəsiz ki, onun mənəvi böyüklüyündən və əzəmətli Allaha olan dərin sevgi və ehtiramından qaynaqlanır.

Aqil müəllim İslami biliklərini təkmilləşdirmək və müsəlman dindarlara şəriət qanunlarını elm yolu ilə başa salmaq, öyrətmək məqsədilə "Müsəlmanın cib kitabı", "Gündəlik dualar" və "Din xadiminin cib kitabı" kimi üç ədəd dini-maarifçi kitab qələmə alaraq onların müəllifliyini etmişdir. Peyğəmbərimizin(s.a.s) təbliğ etdiyi sevgi, mərhəmət və elm məfhumlarını özündə cəmləşdirən həqiqi İslam dinini Azərbaycanın müsəlman ictimaiyyətinə doğru-düzgün bir şəkildə və elm çərçivəsində çatdırmaq üçün Aqil xocanın "İrfan" mədəni-maarif jurnalında hər ay dəyərli və səlis məqalələri yayımlanır.

Rəsulullahın(s.a.s) müridi olmaq şərəfinə nail olmuş Aqil xocanın müqəddəs ocağında üç qızı və bir oğlu yetişməkdədir.

Ümid edirəm ki, oğlu Abdullah da atasının nurlu yolunun davamçısı olacaq, inşallah! Uca Allah-Təaladan(c.c) din fədaisi, elm əhli olan Aqil müəllimə uzun ömür, can sağlığı və ona müqəddəs din yolunda uğurlu fəaliyyət göstərmək arzu edirəm!

Ərtoğrul Mehdizadə

Oxunub: 1 223
Oxşar xəbərlər
SON XƏBƏRLƏR