dini radikalizm və ekstremizmlə mübarizə

UŞAQLARINIZI ZƏRƏRLİ VƏ BƏŞƏRİ DƏYƏRLƏRƏ ZİDD OLAN KOMPÜTER OYUNLARINDAN UZAQ TUTUN!


Zahirdə beynəlxalq səhnədə humanizmdən, insan haqlarından və insan azadlığından dəm vuran; müharibəni, zorakılığı, qəddarlığı pisləyən Amerika nə yazıq ki, təbliğ etdiyi bu ali dəyərlərə zidd olan oyun səpkili layihələr, proqramlar hazırlayaraq azyaşlı uşaqların beynini zəhərləyir.

Həmin kompüter oyunlarına bir nəzər salaq: oyunçu həmin oyunda insan; qoca, uşaq, qadın, qız öldürür; nəqliyyat vasitələrini, evləri partladır; yolları və hər yeri dağıdır; qan tökür, adam başı kəsir, insanları doğrayır, yandırır. Güya ki, oyun oynayır və öz istəyinə çatmaq üçün hər şey edir.

Artıq azyaşlı uşaqlarda psixoloji çevrilmələr olur, onlar zombiləşirlər və elə düşünürlər ki, kompüter oyunlarında etdikləri bütün zorakılıqları real həyatda da edə bilərlər. Azyaşlılarımız bilməlidir ki, onlar gerçək həyatda yaşayırlar və bu real aləm onlar üçün kompüterin dördbucaqlı balaca ekranında oynadıqları oyun səhnəsi deyil!

Uşaqlara elm, kitab-dəftər, qələm, bəşəri dəyərlər, insanlara sevgi, mərhəmət təbliğ edilməli və xeyirxahlıq hissləri aşılanmalıdır, onlar bu ruhda tərbiyə edilməli və yetişdirilməlidirlər.

Bu günləri görürük ki, Orta məktəb şagirdləri dərsə getmək əvəzinə evdəkiləri aldadaraq birbaşa kompüter klublarına gedirlər və yaxud da ki, dərsdən yarımçıq çıxaraq, ya da ki, dərs qurtarandan sonra evlərinə gəlmirlər, yenə kompüter klublarına yollanırlar. Gərəkdir ki, valideynlər oğlan övladlarının üstündə möhkəm dayansınlar və onları səhv, özlərinə aid olmayan yollara düşmələrinə heç bir vəchlə imkan verməsinlər. Bunların hamısı çox vaxt elə valideynlərin məsuliyyətsizliyindən qaynaqlanır. Əlbəttə ki, belə olmamalıdır!

Azərbaycanın bütün şəhərlərində, rayonlarında, qəsəbələrində, məntəqələrində və küçələrində nə qədər aşkar və gizli bir şəkildə fəaliyyət göstərən kompüter-oyun klubları vardırsa, hamısı birmənalı olaraq bağlanılmalıdır! Onlar gəncləri, xüsusilə azyaşlıları əsas məqsəddən xeyli yayındırırlar.

Azyaşlıların beyni və qəlbi ağ kağız kimi tər-təmizdir. Ora yalnız yaxşı şeylər yazmaq lazımdır, bu isə, heç şəkk-şübhəsiz ki, ata-ananın müqəddəs vəzifəsidir. Düzdür, böyüklərə məsləhət vermək kimi olmasın, amma bir gənc vətəndaş kimi sizlərə müraciətim və tövsiyəm budur ki, övladlarınızı hər cür pis şeylərdən, fikirlərdən və zərərli insanlardan qoruyun!

Ərtoğrul Mehdizadə

Oxunub: 676
Oxşar xəbərlər
SON XƏBƏRLƏR