dini radikalizm və ekstremizmlə mübarizə

Görəsən, Azərbaycanda nə üçün boşanma sayı silsilə şəkildə artır?!


Sınmış körpülər, dağılmış ailələr, sönmüş ocaqlar, bədbəxt olan körpələr və s. və i.a...

Ailə həyatı qurmaq həm bəşəri dəyər, həm insanlığın davam etməsi üçün ən vacib olan bir şərt və həm də ki, nəsil artırmaqdır. Amma çox təəssüflər olsun ki, bu yola çıxanlar çıxdıqları yolu sona qədər davam etdirə bilmir və onu yarımçıq bir şəkildə dayandırırlar. Ailə həyatı qurmaq, yəni ki, evlənmək çox ciddi bir məsələdir, bir sözlə, oyun-oyuncaq işi deyildir. İndiki zəmanənin Azərbaycan gənci evlənib-boşanmağı su içmək kimi asan hesab edir, lakin gördüyü cinayətkar işin son nəticəsinin sırf özü və boşandığı adam üçün nə acı reaksiya verəcəyini isə nəzərə almır. Çünki, bu gənclər dünyanın enişindən-yoxuşundan bixəbər olan, yatıb doyunca yuxu görməyən cavanlardırlar. Özləri bədbəxt olurmuş kimi, hələ üstəlik onlardan törənən günahsız körpələr də bədbəxt olur və yetim evinə qoyulur. Tüfeyli, avara həyat tərzi keçirən insanların qurduqları ailə həyatı da məhz belə səviyyəsiz və dəyərsiz olacaqdır. Kifayət qədər həyat təcrübəsi, təfəkkürü, ailə düşüncəsi olmayan adamlar bu cür dərin işlərə girməməlidir. Bu günləri yenicə ailə həyatı quran cütlüklərin yaşamlarına baxsaq, görərik ki, cəmi 3-4 ay bir yerdə olurlar, sonra nə olur, nə olmursa, boşanmağa qərar verirlər. Boşanmaqlarının isə səbəbləri çoxdur: səfeh həyat tərzi, yelbeyinlilik, pərakəndə fikirlər, var-dövlət hərisliyi, şəhvətpərəstlik və s. Tez evlənənlər iki şeydən ötrü evlənir: ya qarşı tərəfin güclü imkanı var və ya da ki, üzr istəyirəm, öz şəhvətinin əsirinə çevrilib. Çirkin istəklərinə çatdıqdan sonra isə daha doyurlar və hər şeyi alt-üst edirlər: boşanmaq qərarına gəlirlər. Çox vaxt da qız axmaqlıq edərək erkən bir zamanda öz bakirəsini pozdurur: həmin qız ortada qalmamaq və oğlan da ki, özünə cinayət işi açılmasın deyənə, o qız ilə evlənmək məcburiyyətində qalır. Bu da ki, bir növ başıpozuqluq və əxlaqsızlıqdır. Xarici filmlər, kinolar, seriallar, gic-gic proqramlar, əxlaqsızlığı təbliğ edən saytlar, internet, sosial şəbəkələr və telefon camaatımızın evini yıxdı, mənəviyyatını sındırdı, bütün ali dəyərlərinin üstündən qara bir xətt çəkdi! Azərbaycan insanı ailə məfhumu kimi bir ali dəyərdən çox məhrum düşüb, ailənin, ərin, qadının, övladın nə olduğunu bilmir. Bu cür laqeydlik, biganəlik və etinasızlıq ilə ailə sahibi olmaq olmaz. Valideynlər hansı ağılla öz övladlarını 18-19 yaşında evləndirir? Məgər bunun məsuliyyətini dərk etmək bu qədərmi çətindir? "Hər övlad öz ailəsinin güzgüsüdür" kəlamı boş-boşuna deyilməmişdir. Mənim fikrimcə, gənclər sırf 26 yaşında evlənməli və boşanma edənlər isə dövlət tərəfindən çox ciddi bir şəkildə tənbeh edilərək cərimələnməlidirlər. Çünki, bunun istisnası yoxdur. Həyat kimlər üçün oyuncaq, kimlər üçün isə dərin bir dərya kimi təsəvvür olunur. Çalışın ki, qurduğunuz ailəni dağıtmayın, yandırdığınız o isti ocağı söndürməyin, tikdiyiniz evi sökməyin, əkdiyiniz gülləri soldurmayın, isti suyunuza soyuq su qatmayın.

Ərtoğrul Aypar

Oxunub: 623
Oxşar xəbərlər
SON XƏBƏRLƏR