Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) həyata keçirdiyi layihələrə 80 mln. manata yaxın investisiya qoyuluşu həyata keçirilib.
“APA-Economics”in məlumatına görə, bu barədə MİDA-nın İdarə Heyətinin sədri Sadiq Sadıqov 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat iclasında məlumat verib. Sədr bildirib ki, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi dövlət-özəl tərəfdaşlığı layihələrini davam etdirib.
“Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında 15,4 hektar ərazidə çoxmənzilli yaşayış binalarının tikintisi üzrə investisiya müsabiqələrinin qalibləri ilə müqavilələr imzalanıb. Bağlanmış müqavilələrə əsasən 60 mln. manata yaxın investisiya qoyuluşunun həyata keçiriləcəyi nəzərdə tutulur. Bundan əlavə, 15,4 ha torpaq sahəsində inşa olunan Yaşayış Kompleksinin, həmçinin Hövsan Yaşayış Kompleksinin ərazisində telefon, televiziya və internet xətlərinin çəkilməsi və sakinlərə müvafiq xidmətlərin göstərilməsi üzrə keçirilmiş investisiya müsabiqəsinin qalibi ilə bağlanmış müqaviləyə əsasən yaşayış massivlərinin ərazisində müvafiq kommunikasiya infrastrukturunun yaradılmasına 1,5 mln. manatdan çox investisiya cəlb edilib”, - deyə S. Sadıqov bildirib.
Oxunub: 541