Azərbaycanın bütün ali təhsil ocaqları, orta peşə təhsil ocaqları və orta təhsil müəssisələri "Smart tələbə kartları" ilə təmin olunacaq.
"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Alim Quliyev deyib.
Onun sözlərinə görə, ölkə başçısının sərəncamı ilə təsdiq olunan “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” AMB “Mastercard”la birgə "Nağdsız Azərbaycan" layihəsinin reallaşdırılması nəticəsində ərsəyə gəlib və ölkə başçısının sərəncamı ilə hüquqi status alıb.
"Bu proqramın ən mühüm prioritetlərindən biri də təhsil ocaqlarının və tələbələrin nağdsız ödəniş cəmiyyətinə transformasiyasının həyata keçirilməsidir. Hesab edirəm ki, qarşıdakı Dövlət Proqramının icrası müddətində biz bu tədbirlərin həyata keçirilməsini tamamlayacağıq", - deyə A. Quliyev qeyd edib.
Qeyd edək ki, “Smart tələbə kartı” vasitəsilə tələbələr təqaüdlərinin alıb, ölkə daxilində və xaricdə həmin kartlarla istənilən ödənişləri həyata keçirə biləcəklər. Gələcəkdə smart tələbə kartının əhatə imkanlarının daha da genişlənməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadə olunması nəzərdə tutulur.
Oxunub: 704