"Atmosfer havasına atılan tullantıların zərərsizləşdirilməsi məqsədilə ölkənin iri şəhərlərində 500-ə yaxın iri ictimai-iaşə obyektində təmizləyici qurğuların quraşdırılması təmin olunub".
APA xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasında (YAP) keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.
Nazir qeyd edib ki, nəqliyyat sektorunda hazırda istismar olunan 1 milyon 402 mindən artıq nəqliyyat vasitəsindən 35%-nin istehsal tarixi 10 ildən, 23%-nin istehsal tarixi 20 ildən, 19,1%-nin istehsal tarixi isə 30 ildən yuxarıdır: “2016-cı illə müqayisədə 2018-ci ildə avtomobil idxalı 5 dəfədən çox artıb. Nəqliyyat sektorundan atmosferə zərərli təsirlərin azaldılması üçün ölkənin avtomobil parkının yenilənməsi, habelə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsini təşviq edən müxtəlif vergi, gömrük güzəştləri, subsidiyaların tətbiq edilməsi səmərəli ola bilər. Ölkədə ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq üçün köhnəlmiş, texniki təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanır".
Oxunub: 526