Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutu tərəfindən Böyük Qafqazın şimal-şərq yamacı relyefinin ekoloji-geomorfoloji şəraitini öyrənmək üçün Şahdağ-Qızılqaya massivində, Xınalıq-Cek-Qırız-Qalayxudat kəndləri ərazilərində, Şahnabadçay-Qusarçay-Qudyalçay hövzələrində, Ləzə kəndi və ətraf yerlərdə tədqiqatlar aparılıb.
Bunu APA-ya açıqlamasında AMEA-nın Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi Rafael Abdullayev deyib. Onun sözlərinə görə, araşdırmalar nəticəsində ərazinin təbii tarazlığının ciddi şəkildə pozulduğu aydın olub: "Həmin ərazilərə təbii amillərlə yanaşı, antropogen amillər də təsir edir. Demək olar ki, həmin ərazilərdə otlaq sahələri qalmayıb. Bu ərazilər həddən artıq yüklənib. Buna görə də orada vəziyyət acınacaqlıdır. Təzə yolların çəkilməsi, infrastrukturun inkişafı ilə əlaqədar görülən plansız işlər sürüşmə zonalarının meydana gəlməsinə səbəb olur. Bu ərazilərdə sürüşmə zonaları arta bilər. Artıq sel ocaqları əmələ gəlməyə başlayıb”.
R.Abdullayev qeyd edib ki, Qubadan Ləzə kəndinə çəkilən yeni yol ətrafında yolun fundamenti üçün karyerlər açılır. Bu karyerlər də sürüşmələrə səbəb olur: "Araşdırmalar əsasında hesabat hazırlanacaq, sonra isə məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunacaq".
Oxunub: 522