12-14 sentyabr tarixlərində Bakıda 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları sərgisi (“Gift & Promo 2019”) və 2-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri sərgisi (“Adprint 2019”) keçiriləcək.
“Caspian Event Organisers”dən “APA-Economics”ə verilən məlumata görə, ölkənin və regionun yeganə ixtisaslaşmış sərgiləri həm yerli, həm də xarici mütəxəssisləri öz meydançalarında bir araya gətirir. Builki sərgidə dünyanın 3 ölkəsini təmsil edən 43 şirkət iştirak edəcək.
“Gift & Promo Fair” sərgisində Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) tərəfdaşlığı ilə yaradılacaq xüsusi stenddə əsasən mikro və kiçik qadın sahibkarların əl işləri nümayiş olunacaq.
“AdPrint” - 2-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri Sərgisi öz platformasında sənaye yeniliklərini, eləcə də reklam və çap işləri sahəsinin innovativ məhsul və xidmətlərini təqdim edəcək.
Sərgilər çərçivəsində keçiriləcək müxtəlif görüşlər, panel müzakirələr, müsabiqələr, ustad dərsləri və promo-defile Azərbaycanda reklam, çap və promo səhələrinə marağın artmasında təkan verəcək.
Belə ki, sərginin ilk iş günündə xüsusi dəvət edilən sənaye mütəxəssislərinin – nüfuzlu şirkətlərin aparıcı marketoloqları, sərginin iştirakçıları və peşəkar ziyarətçilərinin iştirakı ilə “Promo Talks” panel müzakirəsi keçiriləcək.
12 sentyabr tarixlərində sərgi iştirakçılarının yeni məhsullarının təqdimatı, 13 sentyabr tarixində isə promo sənayesinin nümayəndələri ilə potensial sifarişçilər arasında “B2B” formatlı ikitərəfli görüşlər keçiriləcək. 14 sentyabr tarixində iştirakçı şirkətlərin promo geyim və məhsullarının müxtəlif modellərdə nümayiş olunacağı promo-defile təşkil ediləcək.
Sərgilər haqqında ətraflı məlumatı adprint.az və giftfair.az saytlarından əldə etmək olar.
Oxunub: 582