Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına müsabiqənin nəticələrini iyunun 19-da saat 19:52-dən etibarən Mərkəzin internet saytında yerləşdirib.
APA xəbər verir ki, bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qəbul olunanların siyahısı “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.
Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 7531 bakalavrdan 6506 nəfəri respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 2799 nəfəri dövlət sifarişi, 3707 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqlar. Onlardan 4348 nəfəri ali təhsil müəssisələrinin cari, 2158 nəfəri isə əvvəlki illərin məzunudur.
Bundan əlavə, incəsənət sahəsi üzrə 2 nəfər magistratura səviyyəsinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olunub.
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunanlar 2019-cu il iyunun 27-dən iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri qəbul olduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.
Oxunub: 657