"ABAD həbsdən çıxan qadınlara dəstək olacaq yeni layihə üzərində işləyir".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABAD-ın direktoru Rüfət Elçiyev deyib.
Direktor bildirib ki, bu layihə məhbus həyatı yaşamış qadınların reabilitasiyası, həyata qayıtması üçündür: "Əgər həbsdən azad olan qadınlar dekorativ tətbiqi xalq sənəti əşyalarının istehsalı ilə məşğul olarsa, biz satışına dəstək ola bilərik. Çünki elə insanlar iş tapmaqda müəyyən çətinliklərlə üzləşirlər".
Direktor qeyd edib ki, ABAD bir ildən artıqdır fəaliyyət göstərir və artıq 200-dən çox ABAD-çı var: "Bu göstərici günü-gündən artır. Biz satış mərkəzlərinin sayının artırılmasına çalışırıq. Hazırda Bakı şəhərində 3, regionlarda 2 mərkəzimiz fəaliyyət göstərir. 2018-ci ildə isə Şəkidə, İmişlidə və Bakıda Fairmont otelində yeni mərkəzlərimizin açılışı nəzərdə tutulur. Bu il həmçinin Şəkidə və Nardaranda Keramika və Tətbiqi sənət mərkəzlərimiz açılacaq".