Son günlər Bakıda müşahidə olunan mülayim hava qışdan çox yaz, yaxud yay fəslini xatırladır. Qış fəslinə xarakterik olmayan günəşli və yağıntısız hava şəraiti davam edir. Qış fəslinin iki ayı arxada qalsa da, Bakıda qardan əsər-əlamət yoxdur. Əksinə, mülayim, günəşli günlərin sayı daha çoxdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, son günlər Bakıda müşahidə edilən mülayim hava şəraiti paytaxt üçün ilk deyil. Onun sözlərinə görə, Bakıda əvvəlki illərdə də belə hava müşahidə edilib.
Baş sinoptik əlavə edib ki, cənub küləklərin üstünlüyü nəticəsində Bakıda havanın temperaturu 8-10 dərəcə isti təşkil edir:
“Yaxın günlərdə Bakıda havanın temperaturunun 12-13 dərəcə isti olması gözlənilir”.