dini radikalizm və ekstremizmlə mübarizə

“Azərbaycanda səhv fikir var ki, ermənilər Rusiyada hər şeyə qadirdir” – KUZNETSOV

“Azərbaycanda səhv fikir var ki, ermənilər Rusiyada hər şeyə qadirdir” – KUZNETSOV

Rusiyalı analitik: “Ermənistanda “Qarabağ klanı”nın yenidən hakimiyyətə gəlməsi mümkün deyil”

Ermənistanın sabiq Prezidenti Robert Köçəryan, daha əvvəl yazdığımız kimi, ölkədən Moskvaya 2 günlük (3-5 fevral) çıxmaq üçün icazə aldı. Vətəninə qayıtdıqdan dərhal sonra “Sputnik Ermənistan”a müsahibə verdi, burada Paşinyan hökumətini tənqid etdi, onu gözlənilən bir populist adlandırdı və böyük siyasətə qayıtdığını bildirdi.

Əvvəldən də aydın idi ki, məhz Rusiyaya səfərindən sonra Köçəryan böyük siyasətə qayıdacaq və Paşinyanı kənarlaşdırmaq üçün Kremldən və Rusiyadakı erməni diasporundan müəyyən dəstək almağa çalışacaq. Bu barədə yazmışdıq, amma indi, Köçəryanın müsahibəsindən sonra sirr reallığa çevrildi.

Ermənistanda hansı proseslər inkişaf edir? Köçəryanın Paşinyan hakimiyyətini devirmək şansı varmı və bu vəziyyət necə inkişaf edəcək?

KONKRET.az Oleq Kuznetsovun AYNA-ya verdiyi müsahibəsini təqdim edir:

– Moskvadan Ermənistana qayıtdıqdan dərhal sonra Köçəryan böyük siyasətə geri döndüyünü elan etdi. Onun Rusiyadakı bəzi hakim dairələrin “dobro”sunu aldığını söyləyə bilərikmi?

– Mən dəqiq bilirəm ki, Robert Köçəryan Moskvaya səfəri zamanı Rusiya rəsmilərindən heç biri ilə görüşməyib. Ölkəmizdə bir çox erməni mənşəli oliqarx var, lakin bu, heç bir şəkildə onların və ya onlardan birinin yüksək kabinetlərə asanlıqla girməsi demək deyil. Azərbaycanın ictimai rəyində ermənilərin Rusiyada hər şeyə qadir olduğu barədə səhv bir fikir var, lakin bu, real vəziyyətdən çox uzaqdır. Bu, böyük ölçüdə Azərbaycan xalqının Birinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra, 1990-cı illərin əvvəllərində aldığı psixoloji travmanın bir qalığıdır. Ancaq keçən payız müharibəsində qələbə qazandınız və bu stereotipdən uzaqlaşmağın vaxtı gəlib. Köçəryan, biznes aktivləri açıq-aşkar cinayət mənşəli olan və buna görə də Kremlin yüksək dairələrinə girməsi qadağan edilmiş, Rusiya standartlarına görə çox zəngin olmayan bir dollar milyoneridir.

İndi isə gəlin, Robert Köçəryanın Ermənistanda böyük siyasətə qayıtmaq barədə dediklərini nəzərdən keçirək. Bunu erməni dilində deyil, danışığı zamanı vurğuları və intonasiyaları düzgün şəkildə işlədərək yaxşı rus dilində bildirdi. Və bunu Marqarita Simonyana tabe olan “Sputnik Ermənistan”a – faktiki rus nəşrinə dedi. Yəni, əslində bu çıxışı erməni cəmiyyətinə və ya erməni siyasi sinfinə deyil, onunla əlaqə qurmaqdan imtina edən Rusiyanın ən yüksək siyasi rəhbərliyinə ünvanladı.

Niyyətlərini erməni xalqına bəyan etmək istəsəydi, bunu erməni dilində və bəzi məşhur erməni nəşrlərində edərdi. Ancaq belə olmadı. Buradan yalnız bir nəticə çıxarmaq olar – Ermənistan mediası onu qətiyyən qəbul etmir və Köçəryan özü bunu yaxşı başa düşür. Onun ətrafında bir informasiya vakkumu yaradılıb ki, bunu da Köçəryan Rusiyadakı erməni diasporunun bu və ya digər şəkildə idarə etdiyi media vasitəsi ilə qırmağa çalışır. Görünür, erməni auditoriyasına təsir edəcək başqa bir mənbəyə sahib deyil.

– Paşinyan hakimiyyətinə qarşı Köçəryanın inqilab etmək şansı nə qədərdir? Orada vətəndaş qarşıdurması gözlənilə bilərmi?

– Köçəryan və ətrafındakı “Qarabağ klanı”nın Ermənistanda güclərini təkbaşına bərpa edə bilməsi üçün heç bir ilkin şərt görmədiyimi dəfələrlə demişəm. Erməni cəmiyyətinin əksəriyyəti Köçəryana və ətrafındakılara, ölkədə “Qarabağ klanı”nın hakimiyyəti dövründə Ermənistanın bu klanın xammal əlavəsinə çevrilməsinə və çətin bir sosial-iqtisadi vəziyyətə düşdüklərinə görə nifrət edir. İrəvan ermənilərinin əksəriyyətinin Azərbaycanla müharibə nəticəsində bir şey itirdiyini düşünmürəm, amma “Qarabağ klanı” 2018-ci ilin mayından sonra qoruduğu bir çox şeyləri, ölkənin ictimai şüuruna təsir vasitələri də daxil olmaqla, hamısını itirdi. Buna görə Paşinyan bu qədər asanlıqla çox şeylə razılaşır və hətta, parlament seçkilərinə təşəbbüs göstərir, çünki qələbəsindən tamamilə əmindir. Bu arada müxalifət də bunu başa düşür. Ermənistanın hərbi məğlubiyyəti nəticəsində hər şeyini itirən, lakin Qarabağ kökənli olmayan yalnız bir ovuc qışqıran – bütün ölkə daxilində 10-12 min nəfər – itirdiklərini geri qaytarmaq ümidi ilə Paşinyanın siyasi rejiminə qarşı etiraz mitinqlərinə çıxır.

Köçəryanın yenidən hakimiyyətini bərpa etməsi üçün heç bir vasitəsi yoxdur – nə güclü bir siyasi təşkilat (Ermənistanın Respublika Partiyası yalnız formal olaraq mövcuddur, cəmiyyətdə 2 faizdən çox olmayan dəstəyi var), nə də orduda (Qarabağdan olan bütün hərbi hissələr son müharibə zamanı fiziki cəhətdən məhv edildi) ciddi dəstək. Düşünmürəm ki, erməni oliqarxları ona maddi dəstək verəcək, xüsusən də biznesi Qərbə yönəlmiş olanlar, ona görə maliyyə məsələsində problem yaşayacaq. Beləliklə, onun üçün Rusiyadakı erməni diasporunun iradə və mənəvi dəstəyi xaricində təsirli bir güc mübarizəsi üçün heç bir real mənbə görmürəm və bu, açıq şəkildə Paşinyanı devirmək üçün yetərli deyil. Əlbəttə ki, sonunda o, uca səslə qapını çırpmaq istəyəcək – insanları özü haqqında danışmağa məcbur edəcək (hətta nifrət hissi ilə), Navalnıdan nümunə götürərək, ölkədəki daxili siyasi vəziyyəti çalxalamağa çalışacaq, ictimai qarşıdurma yaratmağa yönəlik addımlar atacaq, erməni cəmiyyətində parçalanmaya səbəb olacaq və bu da onun geri dönmə cəhdinə son qoyacaq.

– Burada xatırladım ki, Paşinyanın həyat yoldaşı da bu günlərdə ABŞ-da idi. Sizcə, ABŞ siyasi isteblişmenti Paşinyanın hakimiyyətini dəstəkləyəcəkmi?

– Əlbəttə, bəli. İndi Paşinyan üçün paradoksal görünsə də, çox faydalı bir situasiya yaranıb, şəxsən həm Qərbi, həm də Rusiyanı eyni dərəcədə razı salır. Qərblə hər şey aydındır – onlar Paşinyanı Ermənistanda hakimiyyətə gətirdi və Rusiya bir vaxtlar Gürcüstanda siyasi nüfuz itkisi ilə olduğu kimi, bu həqiqətlə də barışdı. Paşinyan, Qərbin asanlıqla imtina etmək istəmədiyi bir siyasi investisiya obyektidir.

Paşinyan Rusiya üçün də sərfəlidir, çünki indi heç bir etiraz etmədən, Cənubi Qafqaz bölgəsində və bütün Qərbi Asiyada Moskva üçün yeni ticarət və iqtisadi perspektivlər açan Dağlıq Qarabağ tənzimləməsinə dair bütün sənədləri imzalayır və tətbiq edir. Köçəryanın hakimiyyətə gəlməsi bu prosesi məhdudlaşdıracaq, buna görə Kreml hücum təşəbbüsü əldə etmək üçün “Robertin dostu” fiqurunu qurban verməyə qərar verdi – Paşinyan Moskvanın “Qarabağ klanı”nı dəstəkləməkdən imtina etməsinin möhkəm zəmanətini almasaydı, Qarabağ məsələsində Kremlə güzəştə getməzdi. Nəticədə şahmat dilində desək, qarşılıqlı faydalı fiqurdəyişmə baş verdi. Buna görə də Paşinyan hər tərəfdən özünə siyasi dəstəyi təmin etdi.

Artıq nəşrinizə müsahibələrimin birində demişəm və indi də təkrarlayacağam: Paşinyanı indiki şərtlər daxilində Ermənistanda hakimiyyətdən uzaqlaşdırmağın yeganə yolu – onun öldürülməsidir.

Oxunub: 395
Oxşar xəbərlər
SON XƏBƏRLƏR