dini radikalizm və ekstremizmlə mübarizə

Kreml təlimat verdi: “Ermənistanda şübhəli fəallıq...” – Müsahibə

Kreml təlimat verdi: “Ermənistanda şübhəli fəallıq...” – Müsahibə

“Zənn etmirəm ki, Köçəryanın hakimiyyətə gəlməsi ilə bağlı birmənalı qərar verilib. Kreml o qədər də sadəlövh deyil. Sadəcə, Kreml Köçəryandan istifadə oluna biləcəyini düşünə bilər. Ayrıca, Köçəryan və onun maliyyə resursları ilə müxalifət qüvvələrini bir mərkəzdə konsalidasiya etməyi hədəfə alması ehtimalı da mümkündür. Rusiya ona görə sadəlövh deyil ki, Ermənistanın ictimai rəyində Köçəryan-Sərkisyan klanına qarşı patoloji nifrətin olduğunu bilir”.

KONKRET.az politoloq Natiq Mirinin teleqraf-a müsahibəsini təqdim edir:

– Ermənistanın ikinci prezidenti Robert Köçəryan Moskvadan gəldikdən sonra böyük siyasətə qayıtdığını, erkən seçkilərdə iştirak edəcəyini açıqladı. Sizcə, bu, təsadüfdürmü, yoxsa Rusiya Prezidenti Putinin xeyir-duasını alıb?

– Əlbəttə, Köçəryan Rusiyadan qayıtdıqdan sonra belə bir açıqlama verməklə həm də Moskvanın mövqeyini ifadə etdi. Eyni zamanda Ermənistan ictimai rəyində bir əminlik yaratmaq istədi ki, guya Köçəryan və onu müdafiə edən qüvvələrin arxasında Rusiya amili dayanır. Yəni bu, daha çox Ermənistanın daxili auditoriyasına hesablanmış bir açıqlama idi. Əks təqdirdə, belə bir açıqlamanın verilməsinə lüzum yoxdu. Habelə Köçəryan bununla dolayısıyla seçki prosesində iştirakına yol açdı.

Məlumdur ki, bir müddət əvvəl Baş nazir Nikol Paşinyanın tələbi ilə ölkədə erkən parlament seçkilərinin keçiriləcəyi bildirilib. Hələlik bu məsələ hüquqi çərçivədə deyil, amma bu istək artıq ifadə edilib, bu yöndə müəyyən qüvvələrlə danışıqlar aparılır. Hətta bir neçə dəfə Ermənistan parlamentində də müzakirə olunub.

Başqa sözlə, Robert Köçəryan bu açıqlama ilə erkən seçkilərin keçirilməsinə razılığını ifadə edib. Yəni Paşinyanın bu istəyinin dəstəklənməsi kimi şərh edilə bilər. Əlbəttə, ilk növbədə, bu açıqlama Moskvadan Köçəryana yandırılan “yaşıl işıq” kimi dəyərləndirilməlidir. Təsadüfi deyil ki, bu ərəfədə Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistanın müxalifət partiyalarının və “Qarabağ klanı”nın rəhbərləri ilə intensiv görüşlərə başlayıb.

Qənaətimə görə, bu görüşlər Paşinyana qarşı olan qüvvələrin nəbzini yoxlamaq xarakteri daşıyır. Bu kontekstdə, gələcəkdə Paşinyana qarşı müxalif konsalidasiya yaratmaq niyyəti güdülə bilər. Bu baxımdan, düşünürəm ki, Kopırkinin İrəvanda keçirdiyi görüşlərlə Köçəryanın Moskva səfəri arasında əlaqələr var.

– Baş verənlər nəyə xidmət edir, Köçəryanın hakimiyyətə gətirilməsinə, yoxsa..?

– Zənn etmirəm ki, Köçəryanın hakimiyyətə gəlməsi ilə bağlı birmənalı qərar verilib. Kreml o qədər də sadəlövh deyil. Sadəcə olaraq, Kreml Köçəryandan istifadə oluna biləcəyini düşünə bilər. Ayrıca, Köçəryan və onun maliyyə resursları ilə müxalifət qüvvələrini bir mərkəzdə konsalidasiya etməyi hədəfə alması ehtimalı da mümkündür. Rusiya ona görə sadəlövh deyil ki, Ermənistanın ictimai rəyində Köçəryan-Sərkisyan klanına qarşı patoloji nifrətin olduğunu bilir.

Belə bir durumda parlament seçkilərinə getmək və uğur qazanmaq o qədər də əlçatan görünmür. Əlbəttə, Kreml bunları hesaba alır. Buna görə Köçəryana verilən tapşırıq və təlimatın daha çox müxalif qüvvələrin bir mərkəzdə birləşdirilməsinə xidmət edəcəyini düşünürəm. Əlbəttə, bunun üçün böyük maliyyəyə ehtiyac var, bu da Köçəryanda mövcuddur.

Robert Köçəryan Ermənistanda iki dönəm prezident olmuş adamdır. O gündən bəri hələ də Köçəryanın qurduğu oliqarxiya sistemi və biznes strukturları öz mövcudluğunu saxlayır. Əlbəttə, seçkilərdə uğur qazanmaq üçün qüvvələrin bir mərkəzdə birləşdirilməsi ilə yanaşı, böyük maliyyə vəsaitlərinə də ehtiyac var. Hesab edirəm ki, Köçəryan bu xüsusda seçilə bilər. Məlumdur ki, Köçəryan “Qazprom”un idarə heyətinin üzvlərindən biridir. Yəni seçkilərdə iştirak və prosesin idarə olunması Rusiya tərəfindən Köçəryana həvalə edilib. Müxalifət də yaxın vaxtlarda bununla bağlı öz qərarını verəcək.

Bildiyiniz kimi, parlamentdəki hakim “Mənim addımım” blokunun iştirakı ilə Nikol Paşinyanla bir görüş keçirilib. Əldə olan məlumatalara görə, parlamentdə təmsil olunan siyasi partiyalar növbədənkənar seçkilərin keçirilməsinə birmənalı olaraq etiraz ediblər. Maraqlıdır ki, bu seçkilərin keçirilməsi üçün ciddi sosial tələblər də mövcud deyil. Yəni, bu gün xalq küçələrə çıxıb erkən seçkilərin keçirlməsini tələb etmir. Əgər, belə bir ictimai tələb yoxdursa və parlament qüvvələri də seçkilərin keçirilməsinin əleyhinədirsə, bu, Paşinyan hökumətini razı sala bilər. Hesab edirəm ki, erkən seçkilərin keçirilməsi tələbləri arxada qalmış kimi görünür.

– Köçəryan və birləşmiş müxalifətin vahid namizədi Vazgen Manukyan isə erkən seçkilərin keçirilməsinə təkid edir. Bəs Paşinyana qarşı bu müqavimətin nəticələri nə ola bilər?

– Əslində, Manukyanın təmsil olunduğu düşərgə də seçkilərin keçirilməsini istəmir. Çünki Manukyanın rəhbərlik etdiyi qüvvələr ən kritik məqamlarda belə meydana 3-4 min etirazçı çıxara bilmədi. Bu fakt da göstərdi ki, əgər parlament seçkiləri keçirilərsə, bu, müxalif düşərgənin ağır məğlubiyyəti ilə müşayiət olunacaq. Bu da müxalifət üçün arzuolunan situasiya deyil. Çünki bu, mövcud hakimiyyətin mövqelərini gücləndirə bilər. Buna görə də Paşinyan bir növ qabaqlayıcı tədbir kimi erkən seçki məsələsini ortaya atdı. Paşinyan bu hiyləsi ilə nəbzləri yoxlamaq istədi, bununla da müxalifət liderlərinin ağızlarını bağlmış oldu. İndiki şəraitdə Ermənistanda hakimiyyəti yalnız seçkilərlə dəyişmək mümkündür. Əgər müxalifət də seçkilərə getmək istəmirsə, o zaman deyiləcək başqa söz qalmır.

Paşinyan ortaya belə bir ideya atmaqla, demək olar ki, bütün müxalif düşərgəni zərərsizləşdirdi. Amma Köçəryan fərqli bir davranış sərgilədi. O, seçkilərə gedəcəyini və iştirak edəcəyini açıqladı. Moskvadan gəldikdən sonra verdiyi açıqlama ilə Rusiyanın onun arxasında durduğuna işarə etdi.

Ancaq bu yetərli deyil. Çünki Köçəryan və onu müdafiə edən siyasi qüvvələr parlamentdə təmsil olunmurlar. Parlamentdə iştirak edən qüvvələr, o cümlədən Qagik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası da erkən seçkilərin keçirilməsində maraqlı deyillər. Çünki Ermənistanda aparılan sosialoji sorğular onların istədiklərinin əksini ortaya qoyur. Buna görə də belə bir məğlubiyyətə düçar olmamaları üçün seçkilərin vaxtından əvvəl keçirilməsində maraqlı görünmürlər.

Oxunub: 399
Oxşar xəbərlər
SON XƏBƏRLƏR