dini radikalizm və ekstremizmlə mübarizə

“Ermənistanın xilası Türkiyə ilə əməkdaşlıqdadır” – Qulu Məhərrəmli

“Ermənistanın xilası Türkiyə ilə əməkdaşlıqdadır” – Qulu Məhərrəmli

Professor Qulu Məhərrəmli Sürix protokollarının bərpasının vacibliyindən danışdı

Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış Ermənistan II Qarabağ savaşında ağır məğlubiyyətə uğrasa da, ölkəmiz əleyhinə informasiya-təbliğat müharibəsini davam etdirir. Yerevan Qərbdəki ənənənəvi tərəfdarları, o cümlədən bu məğlubiyyətlə barışmayan erməni diasporunun köməyi ilə dünya mediasında Azərbaycanla münaqişəyə dini-etnik don geyindirməyə, Dağlıq Qarabağı “sivilizasiyaların toqquşduğu” məkan kimi təqdim etməyə, hər fürsətdə Türkiyə və Azərbaycan əleyhinə addımlar atmağa çalışır.

Tanınmış jurnalist və siyasi icmalçı, BDU-nun professoru Qulu Məhərrəmli Ermənistanın bu addımlarını səmərəsiz və keçici davranış kimi qiymətləndirib. O, İctimai Televiziyanın “Pressinq” verilişindəki çıxışında bildirib ki, Qarabağ probleminə dini don geyindirilməsi Avropada bu münaqişənin mahiyyətindən xəbərsiz olanlar üçün müvəqqəti cazibədar görünə bilər, əslində isə problemə belə absurd yanaşma xristian həmrəyliyi kontekstində Ermənistanın Azərbaycan ərazilərini işğal etmək niyyətini pərdələməyə yönəlib. Amma Bakının möhtəşəm qələbəsi ilə sona yetən 44 günlük müharibə göstərdi ki, Yerevanın siyasi rəhbərliyinin seçdiyi yol siyasi-strateji baxımdan yanlışdır və bu yol erməni xalqını daha ağır fəlakətlərə sürükləyə bilər.

Professor onu da bildirib ki, Ermənistan indiki hərbi-siyasi və iqtisadi böhrandan yalnız yaxın qonşuları, ilk növbədə isə Türkiyə ilə münasibətləri nizamlamaqla çıxa bilər. Türkiyə Qərbdir, azad iqtisadiyyatı, demokratik institutları və Avropa ilə güclü infrasrukturları olan ölkədir. Ona görə də Yerevan tarixi düşmənçiliyi və nifrəti bir kənara qoyaraq Ankara ilə əməkdaşlıq yolunu seçməlidir. Bunun üçün də vaxtilə ümidverici nüans kimi ortaya çıxmış Sürix protokolları bərpa olunmalı, iki ölkə arasında münasibətlər qaydaya salınmalıdır. Q.Məhərrəmli qeyd edib ki, bu gün Ermənistanda hakimiyyətə can atan və köhnə siyasi təfəkkürün daşıyıcısı olan qüvvələrin “Türkiyə əleyhinə koalisiya yaratmaq” şüarı reallıq deyil, əsas reallıq Sürix protokolları əsasında qonşu ölkə ilə əməkdaşlığın vacibliyinin dərk olunmasıdır. Düzdür, hazırda Moskvadan artan asılılıq bu strateji xətti reallaşdırmağa mane olacaq, amma Ermənistan forpost deyil, müstəqil dövlət kimi yaşamaq istəyirsə, mütləq bu addımı atmalıdır-deyə siyasi icmalçı əlavə edib.

Professor Q.Məhərrəmli onu da qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsi və kommunikasiyaların açılması şəraitində birgə əməkdaşlıq istiqamətində addımların atılması da bölgədə sülh və əmin-amanlıq üçün zəmin yarada bilər. Bir sözlə, Ermənistan rəsmiləri öz ölkəsini və xalqını düşdüyü dərin siyasi-iqtisadi və psixoloji böhrandan çıxarmaq istəyirsə, milli strategiyasını dəyişməli, Türkiyə və Azərbaycanla münasibətlərini düzəltməli, beynəlxalq hüquqa hörmət etməli və öz ərazisi daxilində öz gələcəyini qurmaq haqqında düşünməlidir.

Oxunub: 614
Oxşar xəbərlər
SON XƏBƏRLƏR