dini radikalizm və ekstremizmlə mübarizə

AMEA Naxçıvan Bölməsində kitab təqdimatı olub

AMEA Naxçıvan Bölməsində kitab təqdimatı olub

Nemətullah Naxçıvaninin “Əl-Fəvatih-Ül-İlahiyyə-Vəl-Məfatih-Ül-Qeybiyyə” əsərinin birinci cildinin tədqimatı olub

AMEA Naxçıvan Bölməsində görkəmli alim Nemətullah Naxçıvaninin “Əl-Fəvatih-Ül-İlahiyyə-Vəl-Məfatih-Ül-Qeybiyyə” (Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi) üçcildlik əsərin birinci cildinin tədqimatı keçirilib.

AMEA Naxçıvan Bölməsindən “İki sahil”ə verilən məlumata görə, tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək XV-XVI əsrdə yaşamış, türk-islam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr verən, təsəvvüf və təfsir alimi Nemətullah Naxçıvaninin həyat və yaradıcılığı barədə məlumat verib. Bildirib ki, “Quran”ı təsəvvüf üslubunda şərh edən ilk alim kimi tarixə düşən Nemətullah Naxçıvani həyatının çox hissəsini Naxçıvanda, sonralar isə Təbrizdə və Türkiyənin Konya vilayətinin Ağşəhər qəsəbəsində yaşayıb.

Akademik Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında” 29 oktyabr 2018-ci il tarixli Sərəncamını xatırladaraq həmin sənəddən irəli gələn vəzifələrdən danışıb. O, görkəmli alimin irsinin öyrənilməsi və tədqiqi ilə əlaqədar bu elmi müəssisədə görülən işlər barəsində məlumat verib. Diqqətə çatdırılıb ki, sözügedən Sərəncam ilə təsdiq olunan Tədbirlər Planına əsasən Azərbaycanın təsəvvüf alimləri arasında xüsusi yeri olan Nemətullah Naxçıvaninin heç bir ədəbiyyatdan istifadə etməyərək yazdığı “Əl-Fəvatih-Ül-İlahiyyə-Vəl-Məfatih-Ül-Qeybiyyə” (Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi) üçcildlik əsərinin birinci cildi bölmə əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova tərəfindən Türkiyə türkcəsindən Azərbaycan dilinə tərcümə olunaraq çap edilib. Hazırda əsərin ikici və üçüncü cildləri üzərində işlənildiyini bildirən müəssisə rəhbəri bölmənin “Taleyi və sənəti” layihəsi çərçivəsində hər il işıq üzü görən məqalələr toplusunun növbəti sayca 12-ci nəşrinin Nemətullah Naxçıvaniyə həsr olunduğunu qeyd edib. Məlumat verilib ki, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov tərəfindən Nemətullah Naxçıvaninin “Hidayətül–ixvan” (Qardaşların hidayəti) kitabı da tərcümə olunaraq çapa hazırlanıb.

İsmayıl Hacıyev görülən işlərin davamı olaraq cari ilin 5-7 iyul tarixində “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfransın keçiriləcəyini söyləyib.

Təqdimat mərasimində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Görkəmli alimin “Əl-Fəvatih-Ül-İlahiyyə-Vəl-Məfatih-Ül-Qeybiyyə əsəri” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, müstəqillik illərində milli mədəniyyətimiz və elmimizin inkişafına töhfə verən görkəmli şəxsiyyətlərin irsinin öyrənilməsi üçün geniş və münbit şərait yaradılıb, diqqət və qayğı artırılıb. Alim bu baxımdan Ali Məclis Sədrinin Nemətullah Naxçıvaninin irsinin toplanması və tədqiqi haqqında 29 oktyabr 2018-ci il tarixdə imzaladığı sərəncamını milli mədəniyyətimizin tədqiqinə, öyrənilməsinə göstərilən dövlət qayğısının daha bir ifadəsi olduğunu bildirib. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədri cənab Vasif Talıbovun tapşırığı ilə tərcümə edilən “Əl-Fəvatih-Ül-İlahiyyə-Vəl-Məfatih-Ül-Qeybiyyə” (Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi) əsərin birinci cildində 13 surənin təfsiri və şərhi yer alıb. Yeni nəşrdən bəhs edən Əbülfəz Quliyev bildirib ki, sözügedən sənəddə də vurğulandığı kimi Nemətullah Naxçıvaninin fəlsəfi irsinin geniş və hərtərəfli tədqiqinə azərbaycanşünaslıqda böyük ehtiyac var.

Tədbirdə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov və Ədəbiyyatşünaslıq şöbənin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova çıxış edərək kitabın əhəmiyyətindən söz açıblar. Onlar kitabın nəşrinə görə elmi ictimaiyyət adından Ali Məclis Sədrinə öz minnətdarlıqlarını bildiriblər.

Oxunub: 576
Oxşar xəbərlər
SON XƏBƏRLƏR