dini radikalizm və ekstremizmlə mübarizə

Mirəli Məmməd poeziyasının inciləri


HƏSRƏTİN HOPUBDU
YUXULARIMA

Sənin həsrətinlə yaşayıram mən,
Əlimdə zülfünün qoxusu qalıb.
Yadında saxla ki, o sevgimizdən,
Məni mənnən alan yuxusu qalıb.

Elə tələsirəm tez düşsün gecə,
Yuxuma gələsən, dərin yuxuma.
Bir azca toxtayım səni görüncə,
Şirinlik qatasan şirin yuxuma.

Rəngli yuxuların gözəlliyindən,
Doymuram nə qədər görsəm də belə.
Yenə də az olar bilirəm ki, mən,
Gecəni gözümə versəm də belə.

Qəflətən yuxudan ayılanda mən,
Peşmanlıq duyuram, deyim biləsən.
Sənin yoxluğunu görüb yenidən,
Yumuram gözümü yenə gələsən .

Özüm də bilmirəm görəsən niyə,
İnanmadım varlığıma, varıma.
Sənin yoxluğundan, sənsizliyindən,
Həsrətin hopubdu yuxularıma.


NECƏ EYLƏYƏK Kİ,
QOCALMAYAQ BİZ

Qocalıq deyəndə sıxır adamı,
Yandırır adamı, yaxır adamı,
Nə vaxtsa sonunda yıxır adamı,
Artıq tamamlanır, bitir ömrümüz.
Necə eyləyək ki, qocalmayaq biz?

Arsızlıq edəkmi həyatda saxta ?
Yoxsa gün keçirək kəfdə, damaxda,
Desinlər əbləhdə baxa bax, baxda,
Belə həyat kimə lazım deyin siz.
Necə eyləyək ki, qocalmayaq biz?

Biganə qalaqmı hər acı dərdə?
Axı nə görmüşük böhtanda, şərdə?
Baxarsan göz yumma haqq itən yerdə,
Bizə diz çökdürər gördüklərimiz.
Necə eyləyək ki, qocalmayaq biz?

Yaxşı yemək- içmək lazımdı bəlkə?
Deyir dağ aşırar tək bircə tikə,
Nə yemək, nə içmək dərd çəkı-çəkə,
Mirəli, yaxşı bil gedir ömrümüz.
Necə eyləyək ki, qocalmayaq biz?


ÖZÜMÜ-- ÖZÜMDƏ
İTİRİB MƏNİ

Çox bəlkələr əkdim bitmədi, neynim?
Səsi qulağımdan getmədi, neynim?
Nə də ki, sevincək etmədi, neynim?
Bu fikir, düşüncə götürüb məni.
Özümü-özümdə itirib məni.

Məni ağuşuna alıb xəyallar,
Yamanca çətinə salıb xəyallar,
Çox-çox uzaqlarda qalıb xəyallar,
Dünyanı gəzdirib gətirib məni,
Özümü-özümdə itirib məni.

Mirəli Məmmədəm,canımı alıb,
Fikirlər yaxamdan yapışıb qalıb,
Gecəmi gündüzlə dəyişik salıb,
Gətirib zülmətə ötürüb məni.
Özümü-özümdə itirib məni.


ZAMANIN SAYĞACI
SÖZÜMƏ BAXMIR

Alır əllərimdən boş günlərimi,
Zamanın sayğacı sözümə baxmır.
Ömrümdən azalan xoş günlərimi,
Bir-bir azaldıqca üzümə baxmır.
Zamanın sayğacı sözümə baxmır.

Ayları illərdən qopardıqca hey,
Nə güzar anlayır, nə də ki , giley,
Başını sallayıb dinməzcə key-key,
Elə bil utanır, gözümə baxmır.
Zamanın sayğacı sözümə baxmır.

Mirəli Məmmədəm, ötdükcə günlər,
Hesabı çəkilir getdikcə günlər,
Hövsələ tükənir bitdikcə günlər,
Nə səbrə, nə də ki, dözümə baxmır.
Zamanın sayğacı sözümə baxmır.

Oxunub: 1 535
Oxşar xəbərlər
SON XƏBƏRLƏR