dini radikalizm və ekstremizmlə mübarizə

Hacı Surxay Məmmədli : “Allah dualarımızı qəbul etsin !”

Hacı Surxay Məmmədli : “Allah dualarımızı qəbul etsin !”

Bildiyiniz kimi bütün müsəlman aləmi özünün ən müqəddəs Ramazan ayına qədəm qoymuşdur. Bu ayı il boyu gözləyən insanlar nəhayət ki, onu dua edərək, imkansız ailələrə dəstək olaraq, Allaha ibadət edərək ona bir az da yaxınlaşmaq istəyirlər. Bu günlər biz də bu qeyri-adi atmosferə daxil olmaq, onu hiss etmək üçün Cümə məscidinə üz tutduq. Burda milyonlarla insanın sevimlisi ilahiyyatçı, professor Hacı Surxay Məmmədli ilə görüşüb söhbət etdik. Həmin söhbətin ən vacib məqamlarını sizə təqdim edirik.

Hacı, bu gözəl ayda xoş gördük sizi... Necə keçir Ramazan ayı?
- Mən də sizi bu xoş gündə salamlayıram. Şükür Yaradana ki, bizi bu gözəl və müqəddəs ayı yaşamağı, Allahın adına dua və ibadət etməyi bizlərə nəsib edir.
Ramazan ayı çox gözəl keçir. İnsanlar yaşından, cinsiyyətindən asılı olmayaraq məscidlərə üz tutur... Bu da hər şeydən öncə mənəvi saflığın bərpasının, dinimizə olan hörmət və etiqadın nümunəsidir.

Hacı, düşünürəm ki, dinin təbliği bizdə də geniş vüsət alsa da Türkiyədəki qədər təbliğ olunmur...
- Xeyr. Deməzdim... Sadəcə bu işi dərindən araşdırsanız görərsiz ki, bu sahədə Qafqaz müsəlmanları idarəsi böyük uğurlara imza atıb. Məsələn əvvəl 17 məscidimiz var idisə, indi bu rəqəm 2000-i keçib. Əvvəllər tək yaşlı təbəqə məscidlərə üz tuturdusa, indi gənclərin axını başləyıb. Bu da əlbəttə ki mənəvi, dünyəvi, ilahi saflaşmaya xidmət edir. Təkcə Ramazan ayında deyil cümə günləri də burdakı axın buna sübutdur.

Bildiyimə görə Dövlətimiz dini qurumlarla bağlı bir çox faydalı sərəncamlar imzalamışdır.
- Bəli. Tam doğru. Dövlətimiz dini qurumları o cümlədən bu sahədə çalışan insanları daim diqqət mərkəzində saxlayır. Belə ki Qafqaz müsəlmanları idarəsinin səlahiyyətli nümayəndələrinə, din xadimlərinə maaşlar tətbiq olunub ki, bu da dinimizə olan qayğı və diqqətin bariz nümunəsidir. May ayının 23 də Şeyx Həzrətlərinin iqamətgahında iftar süfrəsi verildi. Və bu bütün Azərbaycanın bölgələrinə şamil olunur.

Hacı təəssüflə qeyd etmək istəyirəm ki, bu gün intiharlar geniş yayılıb. Bir ilahiyyatçı kimi buna münasibətiniz ?
- İntihar insanın qəlbində bir boşluq deməkdir. Baxın dinə, Allaha bağlı insan belə bir iş tuta bilərmi ? Qətiyyən yox. Çünki o cəhənnəmin odundan qorxar, çəkinər, şeytana uymaz. Çox təəssüf ki, burda sosial şəbəkələrin də rolu az deyil. Mən də bu sahədə aktivəm. Amma sırf maarifləndirmə, təbliğat baxımından bu sahədən yararlanıram. Hamı bu yolu dərk edib, düzgün mövqe tutsa intihar da olmaz. Bir ilahiyyatçı olaraq sizinlə kütləvi informasiya nümayəndələri ilə birləşib bu sahədə təbliğatı gücləndirsək bizim də cəmiyyətə, insanlara böyük dəstəyimiz olar.

Hacı Ramazan ayının sizin üçün hansı özəlliyi var?
- Mənim üçün Ramazan ayı 3 hissəyə bölünür : 1 ci - Mərhəmət. 2 ci - Əhv. 3 cü - Cəhənnəm odundan qurtuluş.
İndi siz görun, nə mübarək bir aya qovuşdurur bizi Yaradan... Oruc tutmaq, namaz qılmaq, dua etmək, özü nə deməkdir? - Tanrıya yaxın olmaq... Tanrıya yaxın olan insan isə xalqına cəmiyyətinə və ailəsinə də yararlı olar.

Və nəhayət bu mübarək ayda insanlara arzunuz?
- Dünyamıza sülh əmin- amanlıq. Xalqımıza sağlıq, halal ruzi, bərəkət arzu edirəm. Allah bu mübarək ayda hər kəsin duasını qəbul etsin. Amin...

P.S. Hacıdan ayrılıram... Amma üzündəki nur, söhbətlərindəki səmimilik göz önümdən getmir... Düşünürəm nədir onu bu qədər xalqa sevdirən... Xalqa yaxın edən... Cavabını tapmaq o qədər də çətin deyil bəlkə də... - Tanrı və insan sevgisi... Bu sevgi qovuşanda bumeranq kimi onun özünə qayıdır. Və biz ona inanır, onu sevirik.Tanrı bu sevgini bizə çox görməsin!

Təranə Feyzullayeva.

Hacı Surxay Məmmədli : “Allah dualarımızı qəbul etsin !”

Oxunub: 1 000
Oxşar xəbərlər
SON XƏBƏRLƏR