dini radikalizm və ekstremizmlə mübarizə

Canlı klassikimiz.

Canlı klassikimiz.



Azərbaycanın gözəl, dilbər guşələrindən biri də, cənnət ərazisi olan Gədəbəy torpağıdı, Gədəbəy elidi, Gədəbəy yurdudu. Gədəbəy qoynunda istirahət edəndə, dağlarında dincini alanda elə bil hansısa xarici ölkələrin birində istirahət edirsən. İllahki yaz, yay ayları bu torpaqda istirahət etməyin ayrı bir gözəlliyi var. Gədəbəy torpağında doğulasan, o yerin havasın udasan, bulaqlarından suyun içəsən, qatığından, qaymağından, südündən pendirindən, çörəyindən dadasan. Əlbəttə həmin adam ya alim olmalıdı, ya şair, ya yazıçı, ya da jurnalist, ya həkim ya başqa bir sahənin peşəkar mütəxəssisi. Mənim əziz müəllimim, klassik şairimiz, böyük söz ustadımız Dəmir Gədəbəyli də Gədəbəy torpağındandı. Dəmir Gədəbəyli 1939- cü ildə martın 9-unda Gədəbəy rayonunun Ataxal kəndində dünyaya göz açıb.1961- ci ildən, 1991-ci ilə kimi AzTV-də müxbir, redaktor və məsul katib vəzifələrində işləyib. 1991-1994-cü illərdə "20 yanvar" qəzetinin baş redaktoru olub. Doktorluq dissertasiyasını müdafiə edib
Sınaqlar adlı ilk şeir kitabını 1961 - ci ildə dərc edib. Dəmir müəllimin sonralar Baba ocağı, Daşlar, gözlər, məhəbbət, Ayrılığın əlində, Qeyrət qalası, Ellərin əziz qızı, Xatirələrdə yaşayan illər, Xalqın Heydər babası, XX əsrin Nyutonu, Tuğ harayı, Türk qızı, Atatürkün əsgəri, Türk ana, Türk generalı, Acılı, ağrılı dünya, Oyun dünya, Ellər vurğunu kimi 50-dən çox kitabları işıq üzü gördü. 100 -dən çox şeirlərinə mahnılar bəstələndi. O mahnılar, o nəğmələr xalqımızın dillərində əzbərdi. Hamının ürəyində taxt-tac quran nəğmələrdi. Məsələn, "Sən yadıma düşəndə", "Bir qız qocaltdı məni", "Ey vətən", "Qarabağ", " Ağlamasın salxım söyüd", "Bacara bilsən" kimi neçə-neçə yüzlərlə ölməz nəğmələrin, sözlərini yazan Dəmir Gədəbəyli imzası bu gün xalqımıza, bütün türk dünyasına yaxşı tanışdı. Sözün keşiyində dayanan 5-10 şair varsa onlardan biri də Dəmir Gədəbəylidi. Şair şəxsiyyət olmalıdı. Şair yazdığı şeirlərlə haqqın tərəfində olmalıdı, düzlüyü ilə, səmimi olmağı ilə seçilməlidi. Şair şəxsiyyət olmadısa onun yazdıqlarına da yaxşı baxmayacaqlar. Şair Dəmir Gədəbəyli də sözün əsl mənasında qürurlu, dağlar kimi vüqarlı şəxsiyyətdi. Ac qalar, susuz qalar. Amma kiməsə boyun əyməz, kimdənsə kömək istəməz. Mən onun bir tələbəsi kimi, yaxın dostu kimi xasiyyətinə yaxşı bələdəm. Dünyanın varında heç vaxt gözü olmayan söz sərrafımızdı Dəmir müəllim. Uşaqla uşaq, böyüklə böyük kimi davranmağı var. Mənim Dəmir müəllimlə tanışlığım tələbəlik illərindən başladı. Yadıma gəlir, Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetində ikinci kursda oxuyurdum. Tələbə yoldaşlarımla parta arxasında əyləşmişdim. Dərs başladı. Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin əməkdaşı Ceyhun Eyvazov sinifə daxil oldu. Və yanında da saçları ağ, yaşlı bir adam. Ceyhun müəllim bu adamı bizə təqdim etdi və Dəmir müəllim Gədəbəyli olduğunu dedi. Sonra Ceyhun müəllim mənə dedi ki, Dəmir müəllimin də çoxlu mahnıları var ha. Öz də məşhur müğənnilər oxuyub. Çünki onda mənim "Sənsən günahkar" adlı ilk mahnımı Xatirə İslam oxumuşdu. Dəmir müəllim biləndə ki, mən yaradıcılıqla məşğul oluram və şeir yollarında təzə-təzə, kövrək addımlarımı atıram. Ustadım nəhayət mənim də şeir yazmağımı bildi. Çağırıb tələbələr qarşısında bir şeirini oxu dedi. Mən də oxudum. Nə gizlədim şeirim çox zəif idi. Amma Dəmir müəllim şeirlərimdə səmimi olmağımı, heç kimi təkrarlamamağımı çox bəyənmişdi. Hətta bir tələbə yoldaşım da, şeirlərini ona oxudu. Mən də başqa şeirlərimi oxudum. Yenə də mənim şeirlərimi bəyəndiyini dedi. Dəmir müəllim heç kimdən təmənna güdməyən şairdi, professordu. Tələbə vaxtı heç bir tələbənin qiymətini kəsmədi. Hamının qiymətini yazdı. Ona görə bu gün tələbələri bu müdrik, qocaman şairimizi sevə-sevə xatırlayır şad və ad günlərində ustadlarına telefon açırlar. Sonralar Dəmir müəllim ikinci kitabıma da ön söz yazdı. Hətta AYB üzv olmağıma görə də mənə zəmanət yazdı. Beləcə ustad şairlə dostluğumuz başladı. Qızı Aysel bacımızın da toyunda iştirak etdim. Evlərində tez-tez qonaq oluram. Həyat yoldaşı Rüxsarə anamız çox sağ olsun həmişə məni İlqar qardaşımdan, Türkel qardaşımdan, Aysel bacımdan ayırmır. Öz doğmalarımın qapısına getmirəm. Amma ustadımın qapısına ürəklə gedirəm. Ustadım özü də mənə deyir ki, bu ev sənin ata ocağındı. Nə vaxt istəyirsən gəl bizə. Əziz oxucularım başınızı çox ağrıtmayım. Bu gün ustadım Dəmir müəllim Gədəbəylinin 79 yaşı tamam olur. Sözün keşiyində dayanan, Nizaminin, Füzulinin, Molla, Pənah Vaqifin, Səməd Vurğunun layiqli davamçısı, sağlığında ürəklərdə heykəli ucalmış, xalqın şairi, canlı klassikimiz Dəmir Gədəbəylinin çox arzusu var. Arzularından biri Qarabağ torpaqlarının düşmənlərdən azad olmasıdı. Bir arzusu da Türkellə, mənim toyumu görməkdi. Əziz ustadım sizə yalnız can sağlığı, uzun ömür arzu edirəm. Osman Sarıvəlli demişkən "Hər kəs yüz il yaşamasa, Günahın onun özündədi".
İnşallah, 80-90-100 yaşlarında görüşmək ümidiylə.

P.S Sonda əziz ustadımın dilindən Gədəbəy dağlarına yazdığım bir şeirimlə ad gününə yazdığım yazıma nöqtə qoymaq istəyirəm.

Dağlar!

Ustadım, şair Dəmir Gədəbəylinin dilindən.

Üstündə dumanın, çənin şəkili,
Məğrur duruşuna dərddi çökülü...
Qaldım baxa-baxa, boynu bükülü,
Bu yay da başına çıxmadım, dağlar!

Nə idi məramı, niyə qıyırdı,
Düşmən qayaların köksün oyurdu?
Yamacda gülün yox, indi çayırdı,
Gülündən sinəmə taxmadım, dağlar!

Gəlmədim bu il də mən dizin-dizin,
Bir çadır qurmadım qoynunda özüm.
Bağışla nə olar, ay canım, gözüm,
Mən səni köksümə sıxmadım, dağlar!

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident Mükafatçısı, əziz tələbən Fuad Biləsuvarlı

Oxunub: 1 152
Oxşar xəbərlər
SON XƏBƏRLƏR