Djb.az xəbər verir ki, XDA-Developers saytının iştirakçılarından biri Xiaomi şirkətinin yeni smartfonları barəsində bəzi məlumatları ortaya çıxardıb. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə məlumata əsasən şirkət “pyxis”, “bamboo_sprout” və “cosmos_sprout” kod adlarına sahib 3 smartfon modelinin testlərinə start verib. Son iki kod adına sahib smartfon modelləri qlobal bazar üçün nəzərdə tutulub və onlar Android One proqramı çərçivəsində satışa çıxacaqlar.
“Pyxis” kod adına sahib smartfon barəsində isə hələki məlumat yoxdur. Lakin çox güman ki, o, yerdə qalan iki smartfon modelinin Çin bazarı üçün olan versiyasıdır. Çox güman ki, yeni Android One smartfonlar keçən ilki Xiaomi Mi A2 və Mi A2 Lite modellərinin davamçıları olacaqlar. Məlumatda həmçinin qeyd olunub ki, yeni smartfonlar OLED ekranlarla təchiz olunacaqlar və ekranlara barmaq izi skanı texnologiyası inteqrasiya ediləcək. Smartfonlar həmçinin 32 MP-lik ön kamera, Snapdragon 600 və ya Snapdragon 700 seriyasından olan prosessora sahib olacaqlar. Yeni smartfonlar yaxın bir neçə ay ərzində təqdim olunmalıdırlar.