dini radikalizm və ekstremizmlə mübarizə

İqtisadçı: Prezidentin fərmanı iqtisadi artımın stimullaşdırılmasına yönəlib

İqtisadçı: Prezidentin fərmanı iqtisadi artımın stimullaşdırılmasına yönəlib
Azərbaycan prezidenti İlham Əliyevin əhalinin problemli kreditlərinin müəyyən hissəsinin dövlət büdcəsi hesabına ödənilməsi ilə bağlı fərmanı həm cəmiyyətdə, həm də ekspert icması arasında böyük əks-səda doğurdu.

Dövlət başçısının bu qərarı 2015-ci ildə iki dəfə baş vermiş devalvasiya nəticəsində faizlərdən əziyyət çəkən çox sayda insanı əhatə edir. Bütün çətinliklərə rəğmən, kredit borcunu bağlaya bilmiş vətəndaşlar da unudulmayıb. Onlar devalvasiyadan sonra ödədikləri artıq faizlərə görə təzminat alacaqlar.

Vəziyyəti şərh edən Dmitri Qolubovski Oxu.Az-a verdiyi müsahibədə hökumətin bununla milli valyutanın kəskin dəyərdən düşməsinə görə məsuliyyəti öz üzərinə götürməsi kimi qiymətləndirib.

“Ona görə əxlaqi-etik nöqteyi-nəzərdən hər şey düzgündür. Bu, hər kəs üçün – həm bu yolla öz aktivlərini dirçəldəcək bank sektoru, həm də istehlakçılar üçün müsbət bir addımdır. Çünki fərman borc yüklülüyünü aradan qaldıracaq”, - deyə analitik qeyd edib.

Digər müsbət məqam bu qərarın bilavasitə borc götürənlərə dəstək olmaq məqsədi daşımasıdır.

“Dövlət istəsəydi, vəsaiti problemli kreditlərdən əziyyət çəkən banklara ayırardı. Ancaq bu düzgün olmazdı, çünki borcdan nəfəs ala bilməyən adi insanların həyatını yaxşılaşdırmayacaqdı.

Analitik Rusiyanın da 2014-cü il devalvasiyasından sonra (xarici valyutada) borc götürənlərə dəstək məqsədilə bir sıra ölçülər qəbul etdiyini əlavə edib.

“Xarici valyutada ipoteka, ümumiyyətlə, qadağan olundu. Vətəndaşların öz üzərinə əsassız valyuta risklərini götürməsinə görə həm də dövlət məsuliyyət daşıyır, ona görə ki, dövlət yürütdüyü siyasətlə bunun baş verməsinə imkan vermişdi, ikincisi, özləri qismən bu riskləri yaratmışdılar.

Buna görə də dövlət xarici valyutada kreditlərin, ələlxüsus uzunmüddətli kreditlərin verilişinə məhdudiyyətin qoyulması ilə bağlı qabaqcadan məhdudlaşdırıcı ölçülər qəbul etməlidirlər”, - deyə ekspert bildirib.

D.Qolubovski Azərbaycan liderinin bu qərarının daxili tələbatı yaxşılaşdıracağını, xidmət və daşınmaz əmlak sahəsində işgüzar aktivliyi artıracağını düşünür.

“Məlum olduğu kimi, bank sektorunun həmişə pul vəsaitlərinin ayrılmasına ehtiyacı var. Bu olmasa, bank sektoru və ümumilikdə ölkədəki maliyyə sabitliyi sarsıla bilər. Bu, özü də ölkə iqtisadiyyatına pul yatırılmasının müəyyən formasıdır”, - deyə o bildirib.

İqtisadçı bu fərmanın faktiki olaraq iqtisadi artımın stimullaşdırılmasına yönəldiyi qənaətindədir.

“Düşünmürəm ki, bu, Azərbaycan üçün o qədər də böyük məbləğdir, ancaq onu dəqiq deyə bilərəm ki, bu fərmanın müsbət təsiri olacaq. Digər yandan, ödənişlərə görə təzminat sosial təmayüllüdür. Çətin duruma düşmüş vətəndaşların müəyyən qrupunun sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlib”, - deyə Qolubovski fikrini tamamlayıb.

Oxunub: 640
Oxşar xəbərlər
SON XƏBƏRLƏR