2018-ci ilin yanvar-sentyabr ayları üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) kredit təşkilatlarına aid 11 ədəd 560 mln. manatlıq, digər təşkilatlara aid 44 ədəd 350,2 mln. manatlıq, sığorta təşkilatlarına aid isə 2 ədəd 50,8 mln. manatlıq səhm emissiyasını dövlət qeydiyyatına alıb.
Palata xəbər verir ki, məlumata görə, 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin eyni dövründə kredit təşkilatlarına aid dövlət qeydiyyatına alınan səhm emissiyası say etibari ilə 2 ədəd, məbləğ etirbarı ilə 2,2 dəfə azalıb. Digər təşkilatların səhm emissiyası üzrə say etibarı ilə 19, məbləğ baxımından 2,8 dəfə azalma müşahidə olunub. Müqayisə olunan dövrdə sığorta şirkətlərinə məxsus səhm emissiyasında say etibarı ilə azalma olmasa da məbləğ baxımından 3,9 mln. manatlıq azalma qeydə alınıb.
Məlumata görə, hesabat dövründə həmçinin kredit təşkilatlarının 25 ədəd 108 mln. manatlıq, digər təşkilatların isə 15 ədəd 871,2 mln. manatlıq istiqraz emissiyaları qeydiyyata alınıb.
Xatırladaq ki, 2017-ci ilin 9 ayında 205 mln. manat və 1 051,4 mln. ABŞ dolları məbləğində 35 korporativ istiqrazlar dövlət qeydiyyatına alınıb. Dövr ərzində kredit təşkilatlarına məxsus ümumilikdə 3,7 mln. manat və 1 002,2 mln. ABŞ dolları məbləğlərində 20 korporativ istiqrazlar dövlət qeydiyyatına alınıb.