Kənd Təsərrüfatı naziri İnam Kərimov nazir vəzifəsində ilk xarici səfərini Türkiyəyə edib.
"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, səfər çərçivəsində Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı sahəsindəki əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə edilib.
İ.Kərimov və nümayəndə heyətinin üzvləri Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq naziri Əhməd Əşrəf Fakıbaba ilə görüşüblər. Türk nazir iki ölkə arasında aqrar sahədə əməkdaşlığın inkişafı üçün böyük potensial imkanlar olduğunu, bitki, heyvandarlıq, taxılçılıq, toxumçuluq və digər sahələrdə əlaqələrin inkişafına hazır olduqlarını bildirib.
İ.Kərimov qeyd edib ki, aqrar sahə Azərbaycanda qeyri-neft sektorunun inkişafı baxımından mühüm sahələrdən biri kimi müəyyən edilib. Bu sahədə dünyada qabaqcıl ölkələrdən biri hesab edilən Türkiyə ilə əlaqələrin daha da genişləndirilməsi, qardaş ölkənin təcrübəsinin öyrənilməsi və tətbiq edilməsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.
Görüşdə əməkdaşlıq üçün prioritet istiqamətlər müəyyən edilib, müvafiq fəaliyyət planının hazırlanması, birgə layihələrin həyata keçirilməsi, iki ölkənin mütəxəssisləri, özəl sektor nümayəndələri arasında təmasların intensivləşdirilməsi, tədris, strateji tədqiqat, aqrar elm və digər sahələrdə konkret addımların atılmasına dair razılıq əldə olunub.