Mingəçevir şəhərində sərnişin daşıyan mikroavtobusun aşması nəticəsində xəsarət alanların sayı 6 nəfərə çatıb.
Djb.az-ın Report-a istinadən məlumatına görə, qəza mikroavtobus Təbriz küçəsi ilə hərəkətdə olan zaman baş verib.
"Niva" markalı avtomobil avtoyuma sexindən qəfil əsas yola çıxıb. Mikroavtobus qəzadan yayınmağa çalışsa da, buna müyəssər ola bilməyib. Avtomobillərin toqquşması nəticəsində sərnişin avtobusu aşıb. Nəticədə 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Yaralılardan hələ ki, 4 nəfərin şəxsiyyəti məlumdur. Bunlar 1994-cü il təvəllüdlü Bərdə rayon sakini Nuriyev Yaşar Aqşin oğlu, 1990-cı il təvəllüdlü şəhər sakini Aslanova Şərafət Elşən qızı, 1984-cü il təvəllüdlü şəhər sakini Fərəcova İlhamiyə Feyruz qızı və 1956-cı il təvəllüdlü Məmmədova Gülnazdır.
Sonuncunun vəziyyəti ağırdır. O, tibb işçisidir və Energetiklər yaşayış massivində yerləşən poliklinikada işləyir.
Yaralılardan Şərafət Aslanova xəsarətləri ciddi olduğundan təkrar müayinə üçün Gəncə Beynəlxalq Xəstəxanasına aparılıb.
Hadisə nəticəsində yaralı olaraq xəstəxanaya gətirilən 6 nəfərdən dördü ilkin müayinə və tibbi yardımdan sonra evə buraxılıb.