Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva 2026- cı il sentyabrın 3-də Macarıstanın Károli Qáspár Universitetinin rektoru Prof. Dr. László Trócsányi ilə görüşüb.
Görüş zamanı iki universitet arasında mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi, birgə akademik və elmi təşəbbüslərin həyata keçirilməsi, eləcə də yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Görüşün əsas məqamlarından biri Xəzər Universiteti ilə Károli Qáspár Universiteti arasında Anlaşma Memorandumunun (MoU) imzalanması olub. Memorandum iki ali təhsil müəssisəsi arasında akademik və elmi əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, tədqiqat və akademik mübadilə imkanlarının inkişaf etdirilməsi üçün mühüm çərçivə yaradır.
Görüşdə, həmçinin, linqvistika və süni intellekt mövzusunda keçirilməsi nəzərdə tutulan “Dil, ədəbiyyat və dilçilik fəlsəfəsi üzrə 6-cı beynəlxalq konfrans”-a hazırlıq prosesi müzakirə edilib. Tərəflər konfransın təşkilati və akademik aspektləri, eləcə də gələcəkdə bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
Bununla yanaşı, psixologiya, beynəlxalq münasibətlər və siyasi elmlər sahələrində əməkdaşlıq perspektivləri də müzakirə olunub. Tərəflər birgə elmi tədqiqatların aparılması, beynəlxalq konfrans və seminarların təşkili, akademik mübadilə və digər birgə təşəbbüslərin həyata keçirilməsi üçün geniş imkanların olduğunu qeyd ediblər.
Oxunub: 0