Masallıda diqqət çəkən və böyük marağa səbəb olan hadisə baş verib.
Türkiyə vətəndaşı Gül Kurnaz avqustun 23-də Masallı rayonunda kirayə yaşadığı evdə ( H.Əliyev pr.31) təkbaşına oğlan övladı dünyaya gətirib.
Doğuşdan sonra maddi çətinliklə üzləşən Gül Kurnaz Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədova yazılı müraciət edərək hazırda maddi vəziyyətinin ağır olduğunu, kirayə haqqını ödəyə bilmədiyini və dəstəyə ehtiyacı olduğunu bildirib.
Müraciətdən xəbər tutan rayon rəhbəri dərhal məsələyə reaksiya verərək İcra Hakimiyyətinin aidiyyəti strukturuna ana və körpənin vəziyyətinin nəzarətə götürülməsi ilə bağlı tapşırıq verib.
Bu gün Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru İlqar Ramizoğlu və tibb işçiləri ilə birlikdə Gül Kurnazın kirayə yaşadığı ünvanda olub.
Rayon rəhbəri ana və yeni doğulan körpənin səhhəti ilə maraqlanıb, onların ehtiyaclarını öyrənib.
Gül Kurnaza və körpəyə zəruri əşyalar təqdim olunub. Həmçinin bildirilib ki, onun aylıq kirayə haqqının ödənilməsi, ərzaqla təmin olunması və digər zəruri ehtiyaclarının qarşılanması istiqamətində köməklik göstəriləcək.
Daha sonra ana və yeni doğulan körpə həkimlər tərəfindən müayinə olunub və onların səhhətləri ilə bağlı vəziyyət qiymətləndirilib.
Türkiyə vətəndaşı Masallıda necə yaşayırdı?
Məlumata görə, Gül Kurnaz Türkiyə vətəndaşıdır. Bir müddət Bakı şəhərində ticarətlə məşğul olub və mağazaları fəaliyyət göstərib. Lakin biznesinin uğursuz olması nəticəsində maddi çətinliklərlə üzləşdiyi bildirilir.
Məlumata əsasən, Gül Kurnaz Bakı şəhərində Quba rayon sakini olan şəxslə rəsmi nikah olmadan birlikdə yaşayıb. Hal-hazırda isə Masallıda tək yaşayır.
Hazırda əsas diqqət isə ana və körpənin sağlamlığının qorunmasına, onların zəruri ehtiyaclarının qarşılanmasına yönəlib.
Masallıda baş verən bu hadisə bir daha göstərir ki, çətin vəziyyətə düşən insanların müraciətlərinə operativ yanaşılması və onlara dəstək göstərilməsi cəmiyyət üçün mühüm humanist nümunədir.
Oxunub: 0