Teatr aləmində bir ilk: caz tamaşası "Lara Martins caz klub" və ya cazla teatrın qovuşduğu yüksək sənət layihəsi.
Bu tamaşaya çoxdan baxmaq istəyirdim.. qismət oldu. Açığı, istedadlı rejissor İradə Gözəlovanın "Qadınım" tamaşasına baxdıqdan sonra bu istək ikiqat artdı.
Məni həmişə narahat edən problemlərdən biri də o idi ki, qadın mövzusu sənətdə layiqli əksini tapmır. Söhbət Azərbaycan incəsənətindən, ədəbiyyatından gedir.. və buna nə qədər susamışıq ki, artıq bəlkə də 30 ildən çoxdur ki, Anarın Təhminəsinə maraq bitmir ki bitmir.. Demək ki, insanların maraq dairəsindədir bu mövzu..
Teatrda da ara-sıra məhz belə mövzularda tamaşalarla daha çox gündəmə gələn rejissor İradə xanım demək ki, cəmiyyətin nəbzini tutub. Tamaşada musiqi, sevgi, həsrət bir səhnədə qovuşanda insanların həm ruhu dincəlir, həm də daha rahat düşünür və düşüncə də əməlin yarısıdır deyirlər.. Kimi səhnədə özünü görür, səhvlərini görür, yaxşı mənada nəticəyə doğru addım atır ki, bu da teatrın xeyirxah missiyalarından biridir.
Gələk caz tamaşamıza..
Rejissor bir caz klubunun atmosferini yaradıb.. Tamaşaçı ilə aktyorlar iç-içə.. göz-gözə.. könül-könülə.. Hamıya şərablar təqdim olunur.. Klub atmosferi daha da canlanır.. Və baş rolun ifaçısı əməkdar artist Nərgiz Kərimovanın ecazkar səsi, maraqlı oyun üslubu, obraza uyğun cizgilərin ustalıqla ötürülməsi tamaşaçı marağını anbaan artırır.. Bu dəfə də qadın cəsarəti ilə meydan oxuyur, sevgisi uğrunda ölümə belə gedir, amma əks cins buna layiq deyil..
Əməkdar artist Fərid Əliyevi də xüsusi qeyd etmək istəyirəm. O, obrazı vasitəsilə əslində özü haqqında hər şeyi açıq izah edir. Bizi inandırır ki, sevsə belə, cəsarətsizliyinin, maddiyyatın köləsidir. Ola bilər, qəlbinin dərinliyində sevgisini basdırmağa məcburdur.. Amma nəticə hər şeyi alt-üst edir. Fərid bəy nəhayət ki, obrazını bütün çılpaqlığı ilə bizə göstərməyə nail olur.
Digər aktrisa, sevimlimiz Res. əməkdar artisti Nahidə Orucovanın ana obrazı öncə xüsusi gözəlliyi, cazibəsi ilə yadda qalır.. Sonra onun xarakter etibarilə kimliyi ortaya çıxdıqca vəziyyət, münasibət dəyişir..
Aktrisa rolunun mahiyyətini gözəl anlayır və onun bizə ötürülməsini ustalıqla bacarır. Düşünürəm ki, Nahidə xanımın bu tamaşadakı performansı təqdirəlayiqdir və aktrisanın istedad və potensial imkanları rejissorlar tərəfindən tam istifadə olunmamışdır.
Tamaşa rus dilindədir.
Ara-sıra öz dilimizdə sözlər də istifadə olunur. Quruluşçu dirijor əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, musiqi tərtibatı əməkdar artisti Nərgiz Kərimova və Nərminə İsmayılova, rəssam Vüsal Rəhim, baletmeyster Res. əməkdar artisti Emin Əliyev, rej. assistenti Tamilla Aslanovadır.
Tamaşa qeyri-adi səhnə tərtibatı ilə fərqlənir.. Kulislə tamaşaçı salonunun vəhdəti, məşhur caz kompozisiyalarının tamaşaya daxil olması, səhnədəki səmimiyyət tamaşanın tamlığına, fərqliliyinə dəlalət edir.
Sanki doğrudan da bir caz klubuna gəlmisən.. və bir sevgi hekayəsinə şahidlik edirsən..
Məncə istedadlı, gənc rejissor İradə Gözəlova ən çox qadın mənəviyyatını, onun psixoloji-mənəvi problemlərini teatr müstəvisinə çıxararaq öz mesajını düzgün ötürür. Biz tamaşaçılar da öz növbəmizdə alqışlarımızı əsirgəmirik.
Təranə Feyzullayeva.
Oxunub: 0