Sağlam düşüncəli gələcəyin, huzurlu cəmiyyətin təməli isə uşaqların düzgün üslubda, sağlam mühitdə, huzurlu ailədə yetişməsi ilə qurulur. Uşaqların beyni ağ vərəq, münbit torpaq kimidir. O vərəqə nə yazılsa onu oxuyacaq, hansı toxumu əksək sabah onun bəhrəsini toplayacağıq. Həm də cəmiyyət olaraq. Çünki o uşaqların formalaşmasında ixtisasından asılı olmayaraq hamımız məsuliyyət daşıyırıq.
Ailədən sonra uşaqların sosyallaşdığı ilk qurum, ilk mühit bağçadır. Uşaqların inkişafında ailədən sonra ilk kövrək addımı da məhz pedaqoqlar atır. Ailə, vətən, cəmiyyət haqqında fikirlər, sevgi, mərhəmət, paylaşmaq hislərini bağçada, inkişaf mərkəzlərində formalaşmağa başlayır. Milli, mədəni, mənəvi, vətənpərvər dəyərlərimizi uşaqlar uşaq dilində bağçada öyrənir. Bu baxımdan bağça, uşaq inkişaf mərkəzlərinin pedaqoq kollektivinin də bu dəyərlərə sahib olması, üstünlük verməsi böyük əhəmiyyət daşıyır.
Bu günlərdə Bakıda təqdirə layiq bir təşəbbüsə imza atılıb. Bakı şəhər Xəzər rayonu Buzovna qəsəbəsində fəaliyyət göstərən Uşaq İnkişaf Mərkəzi 44 günlük Vətən müharibəsi şəhidlərimizdən şəhid Ağa Əmi Heybətov və şəhid Mayor Elnur Hacıyevin adı ilə fəaliyyətinə davam etdirəcək. Bununla bağlı hər iki Uşaq inkişaf mərkəzində açılış mərasimi keçirilib. Bu təşəbbüs şəhidlərimizin ailəsi, İcra Hakimiyyəti, valideynlər, qonaqlar tərəfindən təqdirlə qarşılanıb. Djb.az xəbər saytımıza təəsüratlarını bölüşən qonaqlar uşaqların məhz şəhid adları daşıyan təhsil mərkəzlərində, məktəblərdə yetişməsini alqışlayıb. Onlar vətənin, dəyərlərimizin, şəhid və qazilərimizin kimlər olduğunu, nələr olduğunu bilərək böyüməlidirlər. Unutmayaq ki, nə şəhidlər unutulmamalıdr, nə vətən bölünməməlidir. Bu irsi uşaq yaşlarından öyrənərək gələcək nəsillərə mirsa qoymalıyıq.
Hər iki Uşaq İnkişaf Mərkəzinin rəhbəri Lamiyyə Məmmədovanı bu təşəbbüsünə görə alqışlayır və təbrik edirik. Müəllim və işçi kollektivinə uğurlar diləyirik.
Oxunub: 0