Sevgi və həsrət.
Bu yaxınlarda Facebook səhifəmdə dəyərli dostumuz, hörmətli ziyalımız Nəsib Abidinin görkəmli şairəmiz Nəcibə İlkinin yaradıcılığına həsr olunmuş yüksək səviyyəli araşdırma yazısını oxudum. Peşəkar filoloq yanaşması ilə qələmə alınmış bu yazı məndə, Nəcibə İlkinin yaradıcılığına xüsusi maraq doğurdu. Bunun bir səbəbi də Nəcibə xanımı uzun illər əvvəl nəşriyyat mühitindən və həm də təcrübəli, peşəkar mətbuat nümayəndəsi kimi tanımağımdan irəli gəldi.
Vaxtilə təsisçisi olduğum "Vətən Övladı" və "Dəyənək" qəzetin, eləcə də digər qəzetçi dostlarımın nəşrlərinin hazırlanması prosesində Sevda xanımın kompüter mərkəzində tez-tez rastlaşardıq. Onun işinə böyük məsuliyyət və sevgi ilə yanaşması o zamanlar da diqqətimdən yayınmamışdı. Elə bu maraq və oxuduğum yazıdakı rəngarənglik məni Nəcibə İlkinin Facebook səhifəsinə yönəltdi.
Orada bir-birindən maraqlı süjet xətti olan, obrazlı ifadələrlə, poetik dillə yazılmış şeirlər məni ciddi düşünməyə vadar etdi. Bir çox şeirini oxudum. Hamsı da bir-birindəndə maraqlı və düşündürücü olduğundan elə ilk paylaşımlarından iki şeirini seçiməli oldum. Sonda bu şeirlərin yazılma tarixlərinə fikir verdim. Altı il fərqi ilə yazılmış, biri sərbəst vəzində, digəri isə ənənəvi üslubda qələmə alınmış “Nə qəribə təsadüf…” və “Eyləsin” şeirlərini təhlil üçün seçdim.
Hamımıza məlumdur ki, sevgi və həsrət mövzuları Azərbaycan ədəbiyyatının bütün inkişaf mərhələlərində aparıcı poetik xətt kimi çıxış edib. Klassik poeziyada bu mövzular daha çox romantik ideallaşdırma və açıq emosional ifadə ilə təqdim olunduğu halda, müasir poeziyada daxili psixoloji vəziyyətlərin simvolik və dolayı yolla ifadəsi üstünlük təşkil edir.
Məhz bu baxımdan seçdiyim iki şeir vasitəsilə sevgi və həsrət mövzusunun müasir və ənənəvi poetik düşüncə sistemlərində fərqli estetik prinsiplərlə necə təqdim edildiyini müəyyənləşdirməyə çalışdım. Bunun üçün diqqəti dörd əsas amil üzərində cəmləmək lazım olduğunu anlayırdım:
Bunlardan birincisi şeirlərin mövzu və ideya xüsusiyyətlərinin müəyyənləşdirilməsi idisə, ikincisi, poetika daxilində obraz və simvolların funksional təhlili, digəri, üçüncü, romantizm, modernizm və simvolizmin əsas əlamətlərinin şeirlərdə təzahür formalarının araşdırılması idi. Dördüncü isə bizim hamımızın adət etdiyi, ənənəvi və müasir poetik düşüncənin müqayisəli şəkildə qiymətləndirilməsi olmalıydı.
Şairin 2013 və 2019-cu illərdə yazdığı bu iki lirik şeirin təhlili onun poetik düşüncəsində baş verən transformasiyanı izləmək baxımından mühüm material təqdim edir. Qeyd etmək lazımdır ki, hər iki şeirdə dil son dərəcə emosionaldır, bəzən hətta daşqın təsiri bağışlayır. Bu isə şairin daxili aləminin səmimiliyindən irəli gəlir.
“Nə qəribə təsadüf…” şeirinə diqqət yetirsək görərik ki, şeir, modernizm, simvolizm və qismən postmodern poetik elementlər baxımından diqqətəlayiqdir.
Nə qəribə təsadüf...
Dayanmışdıq üz-üzə...
Ayaqlarımız elə bil yerdən üzülmüşdü,
Payız xəyallarımın üstünə
Yaz çiçəkləri düzülmüşdü...
Yenə göyün yeddinci qatında
Yenə sevgi atında
Çapırdıq dörd nala..
Sevgi yüklü baxışlarda
Əriyirdik az qala....
Susub, danışmırdıq...
Uzun illərin acısını gözündə söndürmək
üçün üşüyən baxışlarımız danışırdı...
Sevgi yaşlarını yarpaq-yarpaq
bükən ürəyimiz gizli-gizli alışırdı.
Həsrətindən donmuş dodağımıın pıçıltısında
eşitdim adını.
Sonra o səs qulaqlarımda, başımda uğuldadı:
-Niyə aldatdın o qadını?!
Gözümdəki buludların leysana dönüb
puçur-puçur yanağımda çiçəklənməsindən ayıldım.
Sönmüş eşqimizin çırağını yandırmaq üçün
əlimi sənə uzatdım
Donmuşdun xəyalların kimi...
Əlində buzlamışdı xatirələrin yanan dilləri
Nəfəsinin yaza dönən yolunu qar basmışdı
Birdən ayılıb görməmiş kimi
yenidən tikdin üzümə baxışlarını...
Bilmədim qar yağmışdı...ya xatirələrin iziydi..
Bir anlıq qar adamını xatırladın...
Sən demə.....
Eşqimizin qocalıq çağı gəlmişdi!!!!
Burada gecikmiş sevgi, parçalanmış zaman anlayışı və metaforik obrazlar ön plana çıxır. Hadisələrin ardıcıllığından daha çox lirik qəhrəmanın daxili psixoloji vəziyyəti təsvir olunur. Zaman anlayışı parçalanmışdır: keçmiş və indi eyni poetik məkanda mövcuddur.
Şeirdə payız, yaz, qar, şaxta kimi mövsüm obrazları real təbiət hadisələri deyil, qəhrəmanın ruhi halının simvolik ifadəsidir. “Qar adamı” obrazı isə sevginin canlılığını itirmiş, yalnız zahiri forma kimi qalmış vəziyyətini ifadə edir. Şeirin sonunda səslənən “Eşqimizin qocalıq çağı gəlmişdi” misrası bütün poetik yükü daşıyan acı və kəskin nəticə kimi çıxış edir.
“Eyləsin” şeiri isə klassik poetik ölçü, sabit qafiyə sistemi və ahəng üzərində qurulmuşdur.
Həkim ağrın alım elə dərman yaz,
Bütün dərdlərimə çarə eyləsin,
Ya öldür, ya sağalt biryolluq məni,
Qoyma həsrət könlüm yara eyləsin.
Saçımı qəm yuyub, kədər darayıb,
Ürəyimi şaxta, boran arayıb,
Gözlərimə çökən həsrət qarıyıb,
Qoyma tər qönçəmi xara eyləsin.
Həkim ağrın alım, elə dərman yaz,
Azalsın kədərim, sevinim bir az,
Şaxtalı ömrümü vuran qar, ayaz,
Qorxuram ömrümü para eyləsin.
Bir dərmanla şirin eylə sözümü,
Kərəm kimi kül etmişəm özümü,
Qıyma, hicran hücum çəkib üzümü,
Dost-tanış yanında qara eyləsin.
Göydə Allah. yerdə sən ol amanım,
Çırpılıbdı dağa, daşa gümanım,
Sııxıb ürəyini zalım zamanın,
Çəkdirib min kərə dara eyləsin.
Həkim dinlə məni, düşünmə əbəs,
Çarə etməz Allah yazana heç kəs,
Bir ürəkdolusu həsrətini bəs-
Söyləyin Nəcibə hara eyləsin?!
Burada hisslər gizlədilmir, əksinə, açıq və birbaşa ifadə olunur ki, bu da şeiri romantizm cərəyanına yaxınlaşdırır. Lirik qəhrəman yarımçıq ağrını qəbul etmir — ya tam sağalmaq, ya da tam məhv olmaq istəyir. Bu maksimalist yanaşma romantik poetikanın əsas göstəricilərindəndir.
Eyni zamanda şeirdə realist qat da mövcuddur. Zamanın, taleyin və sosial mühitin insana göstərdiyi təzyiq realist prizmadan təqdim edilir. Xalq poeziyası ənənələri, xüsusilə aşıq yaradıcılığına xas leksika və obrazlar aydın şəkildə hiss olunur. “Kərəm kimi kül etmişəm özümü” misrası milli poetik yaddaşla əlaqəni gücləndirir. Son bənddə adın çəkilməsi isə şeiri daha şəxsi və açıq etiraf səviyyəsinə qaldırır.
Müqayisəli yanaşma göstərir ki, hər iki şeir eyni mövzuya həsr olunsa da, fərqli estetik poetik dünyaları təmsil edir. Birinci şeirdə sevgi daxilə yönəlmiş, simvolik və susqundur; ikinci şeirdə isə açıq, emosional və ictimaidir. Bu fərq ənənəvi romantik poetika ilə müasir modernist düşüncə arasındakı əsas fərqləri aydın şəkildə üzə çıxarır.
Nəticə etibarilə, bu iki şeir Nəcibə İlkinin yaradıcılığında ənənə ilə müasirliyin üzvi şəkildə birləşdiyini, onun poetik düşüncəsinin zənginliyini və çoxqatlılığını nümayiş etdirir.
P. S. Nəcibə İlkinin yaradıcılığına bu kiçik yazı ilə yanaşmamla, dəyərli ziyalımıza, hörmətli şairimizə sağlam can sağlığı, uzun ömür, sevincli günlər və yaradıcılıq uğurları diləyirəm...
Böyük səmimiyyətlə,
Elxas Comərd,
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.
Oxunub: 111