dini radikalizm və ekstremizmlə mübarizə

“SOS” əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət ediblər - FOTOLAR


Peşəkar mühafizə xidməti “Security Operation Services” (“SOS”) MMC-nin əməkdaşları Heydər Əliyev Fondunun yaradılmasının 20-ci ildönümü və 15 iyun – Milli Qurtuluş Günü ilə bağlı Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Djb.az xəbər verir ki, ziyarətdə əsas məqsəd Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev irsinin gənc əməkdaşlar tərəfindən dərindən öyrənilməsi və mənimsənilməsi, habelə xalqımızın milli-mədəni dəyərlərinin qorunub saxlanılmasına böyük töhfələr verən Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyəti ilə tanışlıq olub.

Ziyarətçilər əvvəlcə ümummilli lider Heydər Əliyevin adını daşıyan Mərkəzlə tanış olublar. Mərkəzin əməkdaşları iştirakçılara qeyri-adi, mürəkkəb quruluşa malik və unikal tikili haqqında məlumat veriblər. Qeyd olunub ki, tanınmış memar Zaha Hadid tərəfindən dizayn edilmiş Heydər Əliyev Mərkəzi 2012-ci ildə istifadəyə verilmişdir. Bina 2014-cü ildə arxitektura sahəsində London Dizayn Muzeyi tərəfindən “ilin ən yaxşı” binası seçilib. Bildirilib ki, müasir Bakının simvollarından biri hesab edilən mərkəzdə ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir.

Muzeydə Ulu öndər Heydər Əliyevin SSRİ Dövlət Təhlükəsizlik Komitəsində çalışdığı zaman istifadə etdiyi zabit və general geyimi, müxtəlif dövrlərdə istifadə etdiyi dörd xidməti avtomobil, layiq görüldüyü orden və medallar, Sovetlər zamanı və müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə dünya ölkələrinin dövlət və hökumət başçıları ilə görüşlərini əks etdirən fotolarla tanışlıq ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Ziyarətçilər ümummilli liderin həyatı və siyasi fəaliyyəti haqqında zəngin məlumatlar əldə etdikdən sonra isə Mərkəzdə yerləşən Azərbaycan İnciləri müzeyi ilə tanış olublar.

Daha sonra “Mini Azərbaycan”, ilmələrdə yaşayan irs: “Özbəkistan tikmələrinə səyahət”, “Kukla incəsənətdə” sərgilərinə baxış keçiriblər. Qeyd edək ki, altı bölmədən ibarət olan müzeydə Azərbaycanın milli-mənəvi dəyərlərini əks etdirən eksponatlar, müxtəlif regionlara məxsus Azərbaycan milli geyim nümunələri, müxtəlif məktəblərə xas milli xalçalar və qədim Azərbaycan musiqi alətləri, arxeoloji ekspedisiyalar zamanı Qobustan dövlət tarixi-bədii qoruğunda aşkarlanmış qayaüstü təsvirlər, numizmatika məmulatları, zinət əşyaları, orta əsrlərə aid gil, keramika nümunələri, Quran, Tövrat və İncilin qədim əlyazmaları, silah nümunələri, məşhur italyan rəssam Mikelancelo Merizi da Karavacconun 40-dək əsəri əməkdaşlarda unudulmaz təəssürat yaradıb. Onlar sərgi vasitəsilə qədim tarixə, mədəniyyətə, ədəbiyyata, adət-ənənələrə sahib olan Azərbaycan haqqında maraqlı məlumatlar əldə ediblər.

İştirakçılar Mərkəzdə fəaliyyət göstərən alt mərtəbədəki klassik avtomobillər sərgisinə də baxıblar. Eyni zamanda iştirakçılar Mərkəzdə yeni yaradılmış, müxtəlif dövrlərdə Bakı şəhəri və ölkəmizin bir çox regionlarında tikilmiş unikal tikililərin maketlərindən ibarət sərgi ilə də tanış oublar.

Ulu öndərin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin öyrənilməsi, həmçinin Azərbaycan tarixi və mədəniyyətinin, Azərbaycan dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılmasına böyük imkanlar açan Heydər Əliyev Mərkəzindən ziyarətçilər zəngin təəssüratlarla ayrılıblar.




























Oxunub: 45
Oxşar xəbərlər
SON XƏBƏRLƏR