dini radikalizm və ekstremizmlə mübarizə

Sosial şəbəkələrdə yayılan video ilə bağlı həqiqət üzə çıxdı


2013-cü ilə aid bu peyk görüntüsündə “Abşeronneft” neft-qazçıxarma idarəsinin (NQÇİ) Buzovna-Maştağa yatağı, Buzovna-Maştağa yolunun sol tərəfində “kanal kənarı” adlanan ərazi əks olunub.

Djb.az
xəbər verir ki, bu görüntüdə mədən sahəsinin böyük hissəsinin boş olduğunu, cəmi bir neçə yaşayış evinin tikildiyini müşahidə edilir.
Eyni ərazinin 2023-cü ilə aid digər görüntüsündə isə mədən ərazisinin böyük hissəsinin ötən 10 il ərzində bəzi vətəndaşlar tərəfindən özbaşına zəbt edildiyini, üzərində qanunsuz yaşayış evlərinin tikildiyini görürük.

Təəssüf ki, neft mədənləri ərazisində yaşayışın təhlükələri barədə əhaliyə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu tendensiya hələ də davam edir, intensiv neftçıxarma sahələrində boş torpaqlar zəbt edilərək yeni yaşayış evləri tikilir.
Mədən ərazisini zəbt edib uzun müddətdir ki, burada yaşayan ailələrdən biri də Famil, Xəyyam, Cəmil Kərimov qardaşlarıdır. Lakin Kərimov qardaşları bununla kifayətlənməyərək yaşadıqları evlərin ətrafındakı boş torpaq sahələrini də ələ keçirməyə çalışırlar. Onlar özbaşına zəbt etdikləri ərazilərdə qanunsuz yaşayış evləri tikərək satırlar.

Bir neçə il əvvəl Famil Kərimov təqribən 20 sot torpaq sahəsini zəbt edərək öz həyətyanı sahəsinə qatıb. Təkcə aprel, may, iyun aylarında mühafizəçilər Kərimov qardaşlarının beş dəfə yeni torpaq zəbt etmək cəhdlərinin qarşısını ala bilib.

Bu zaman “Security Operation Services” (“SOS” MMC) şirkətinin mühafizəçiləri ilə Kərimov qardaşları arasında bir neçə dəfə münaqişə baş verib.

Qardaşlar mühafizəçilərə hücum çəkərək onların öz peşə fəaliyyətlərini yerinə yetirməsinə müxtəlif yollarla mane olmağa çalışıblar. Kərimov qardaşları bunun üçün ətraflarına bir neçə şəxs də toplayıblar. Onlardan biri İlqar Hacıyevdir. İlqar oktyabrın 24-də “SOS” MMC-yə məxsus xidməti avtomobilin yolunu kəsib və mühafizəçiləri təhqir edərək ərazidən uzaqlaşmalarını tələb edib. Bununla bağlı “SOS” MMC tərəfindən DİN-in “102” xidmətinə məlumat verilib və onlara məsələnin Xəzər RPİ-nin 2-ci polis bölməsində araşdırılacağı bildirilib.
Lakin oktyabrın 31-də İlqar sərxoş vəziyyətdə öz vəzifə borcunu yerinə yetirən mühafizə xidmətinin yolunu yenidən kəsərək onları təhqir etməyə başlayıb və mədən ərazisinə baxış keçirməyə icazə verməyəcəyini bildirib.

İlqar Hacıyev mühafizəçinin yaxasından tutaraq öncə ayaq hissəsinə, sonra isə boyun və üz nahiyəsinə zərbə vuraraq onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib.
Mühafizəçi İlqarın əlini sinəsindən ayırmaq istəyərkən o əvvəlcədən qəbul etdiyi spirtli içkinin təsiri altında müvazinətini itirərək yerə yıxılıb və xəsarət alıb.

Münaqişə zamanı əraziyə gələn Famil Kərimov mobil telefonu vasitəsilə video çəkiliş aparıb və hadisəni kontekstdən çıxararaq tamamilə yalan məlumatlarla birlikdə sosial şəbəkələrdə paylaşıb.

Təəssüf ki, bəzi media orqanları və sosial şəbəkə səhifələri hadisənin baş vermə səbəblərini araşdırmadan və qarşı tərəfin mövqeyini öyrənmədən yalan məlumatları yayıblar.

Kərimov qardaşları bu yolla “SOS” MMC şirkətini nüfuzdan salmağa, ictimai qınaq yolu ilə mühafizəçilərə təzyiq göstərib öz qanunsuz əməllərinə göz yumulmasını təmin etməyə çalışır.

Bütün bunlara baxmayaraq, “SOS” MMC şirkətini şirkətindən neft sənayesinə aid torpaqların etibarlı mühafizəsinin təşkilinin daha qətiyyətli şəkildə davam etdiriləcəyi bildirilib.

Qeyd edək ki, İlqar Hacıyev və Kərimov qardaşlarının qanunsuz hərəkətləri barədə aidiyyəti dövlət qurumlarına məlumat təqdim edilib.

Oxunub: 436
Oxşar xəbərlər
SON XƏBƏRLƏR