dini radikalizm və ekstremizmlə mübarizə

Xatirə Həzinin poeziya inciləri



[center] Verdi

Çox insana gözəllik
Azına kamal verdi.
Laləyə həm alyanaq
Üstəlik də, xal verdi.

Qəribədir nə qədər,
Öldürər, ya dirildər.
İlan acı bir zəhər,
Arı şirin bal verdi.

Sıxdı bizi dörd divar,
Azadlıq de, ha yalvar.
Azarı xalvar-xalvar
Dərmanı misqal verdi.

Məni gözündən salan,
Az-az yadına salan.
Göydən üç alma salan
Tale payın kal verdi.

Açılmaz

Xatirə nəğməsi süzülər həzin,
Uçan bir yarpağa bənzər bənizin.
Açar yasəmənin, açar nərgizin
Arzun qönçə qalar, könlün açılmaz.

Göz yaşın şeh olar,üşüyər güllər,
Uçar çiynindəki göyərçin əllər.
Axır ki, baxışın köməyə gələr
Dodağın titrəyər, dilin açılmaz.

Danışdı gözlərim, kəlmə kəsməyim,
Bir mehə qoşulub sənçün əsməyim?
Necə inciməyim, necə küsməyim?
Səadət ovcunda, əlin açılmaz.

Külək

Əsirsən,dəli külək
Dənizə gəmi apar.
Elə əsib, yolüstü
Ürəkdən qəmi apar.

Uzaqdan bulud gətir,
Yanaqdan yaşı yusun.
Yağsın narın yağışlar
Acı yaddaşı yusun.

Əssən üzü dağlara
Naləni,ahı apar.
Ağaclara toxunma
Dərdi kökündən qopar.

Göz yaşları

İncə qəlbi həsrət sıxdı,
Acısı da gözdən axdı.
Selə dönüb bahar vaxtı
Göz yaşları, göz yaşları

Bu qan yaşdan açdı lalə,
Yana-yana çəkdi nalə.
Dərdin dağından şəlalə
Göz yaşları, göz yaşları.

Yağış oldu,közüm üstə,
Naxış oldu üzüm üstə.
Yanan vərəq,sözüm üstə
Göz yaşları, göz yaşları.

Ürək sevərək göynədi,
Öz-özün həlak eylədi.
Sevgisini pak eylədi
Göz yaşları, göz yaşları.

Nəzirə

Gen dünya bir başa dar imiş demə,
İlqarın sonu da "qar" imiş demə.
Nə rahat yaşadıq, nə rahat öldük,
Pərsəngi pozulan bazarmış demə.

Dünyanın gərdişi zor imiş demə,
Fələyin əlində tor imiş demə.
Eşqin ətəyindən tutub getmişəm
Onun da gözləri kor imiş demə.

Bənövşə sevdalı gül imiş demə,
Həyadan alışan tül imiş demə.
Bir xəfif yel ilə közərən ocaq
Gözə üfürülən kül imiş demə
[/center]

Oxunub: 373
Oxşar xəbərlər
SON XƏBƏRLƏR