dini radikalizm və ekstremizmlə mübarizə

ŞƏHİD ANASI


(E S S E)


Başqasının xoşbəxtliyinə,üstünlüyünə qibtə etsəm də...elə insanlar var ki, onların dözümünə,mətənətinə,səbrinə,başını necə də dik tutmağına heyrət etmişəm.Hər dəfə şəhid anası görəndə və ya onunla rastlaşanda qəribə hisslər keçib içimdən.Necə də qürurlu,vüqarlı və məğrurdur Şəhid Anası.
Ancaq qəlbinin sızıltısını,ağrı-acısını duymuşam,biruzə verməsə də...
Hətta şair olmasam da könlümdən bir bayatı da ağlayıb keçibdir:

Kimi harasın ağlar,
Kimi yarasın bağlar,
Duyan olarsa əgər
Şəhid Anasın ağlar.

Şəhid Anasının yaşı olmur.Şəhid Anasının gözlərinin qurumaz yaşı olur.Ağlama,şəhid anası!
Dağlardakı dözüm qədər,səndə də dərdə bu qədər dözüm gördüm.Bilirəm ki,Vətən,el-oba yolunda oğul itirmisən.Torpaq uğrunda döyüşənlərə "Ər,Ərən",- deyərlər.
Sən Ər doğdun,Ərən doğdun.Oğul düşmən çəpəridir,bu Yurdumun sipəridir!
Sən bir oğul böyütdün.Elə bir oğul ki, yağıdan qisas aldı,intiqam aldı...
Qəbiristanlıqda bir ana gördüm.Qara libasa bürünmüşdü.
Oğlunun məzarı ilə baş-başa verib,pıçıltı ilə söhbətləşirdi.Sonra dizlərinin üstünə əyilib...yatdığı mərmər döşəyi qucaqlamışdı.Bax...budur,heyrət! Yerimdə donub qalmışdım...
İlahi,bu şəhid anasının əsl möcüzəsi ağlımı başımdan almışdı.Necə də mətanətli,dəyanətli idi,Şəhid anası.Təmkinə bax,taba bax...Vətən-oğul sevgisinə heyran olmaya bilmirdim...
Nə çoxdur bu dünyada Analar.Şəhid anasının əvəzi,bərabəri heç yoxmuş!
Ana elə anadır.Sözsüz ki,bu ad müqəddəsdir,ülvidir,əzizdir.
Amma Şəhid anası daha kövrəkdir.Onun qəlbi sınıqdır.Qaysaq bağlanmaz bir yarası var...
"Şəhid Anası" and yeri,əhd-peyman məkanı,ziyarətgah ocağıdır,bu gün də...
Əgər dünyada bir "Şəhid Anası"ordeni təsis edilsəydi...bütün mükafatların içində ən alisi,hörmətlisi,nüfuzlusu...dəyərlisi bu orden olardı!
Bir də onu bilirəm ki, başqalarından fərqli olaraq şəhid analarının yaşadığı evin divarlarını igid,qəhrəman oğlunun portretləri,əsgər geyimli foto-şəkilləri,döyüşdə aldığığı medallar,təltiflər,fəxri fərmanlar bəzəyibdir.
Dünyanın ən ətirli çiçəkləri...ən qiymətlı,dəyərli sözləri yaraşır,Şəhid anasına...
Ağlama,Şəhid anası
Şəhidlər ölü deyil,hər vaxt diridirlər.Şəhadətə yüksəliblər.Şəhidlər Tanrının dərgahında...onun əllərinin üstündədir!
Ağlama,Səhid Anası!
Dünən sən idin,onun anası.Bu gün isə azad Vətənimiz,Azərbaycandır Onun Anası!

Səbirə Ələkbərova,
Kənd Təsərrüfatı Nazirliyi yanında AXA-nın Zəngilan rayon şöbəsinin əməkdaşı.

Oxunub: 336
Oxşar xəbərlər
SON XƏBƏRLƏR