dini radikalizm və ekstremizmlə mübarizə

“Basqalın Miryavər abidəsi”


İstedadlı jurnalist Daşdəmir Əjdəroğlunun bu kitabının təqdimatı İsmayıllı rayonunun Basqal qəsəbəsində keçirildi

Gözəldi

Bu günəş, bu səma, bu guşə, bu mən,
Ayaqlarım altda yamyaşıl çəmən.
Bir tablo canlandı gözümdə həmən,
Bu gözəl məkanda çiçək gözəldi,
Ləçəyi, yarpağı, tacı gözəldi.

Günəşə baxıram, səma qısqanır,
Səmaya baxıram, meşə çalxanır.
Baxdıqca baxıram, gözüm varlanır,
Yurdumun günəşi, ayı gözəldi,
Qürubu, qəməri, çayı gözəldi.

Niyaldağ olubdu ilham mənbəyi,
Qoynunda saxlayır ətraf kəndləri.
Əmrəkimiz Basqalımın dirəyi,
Kəlağayısı, halvası gözəldi,
Həlimaşısı, dolması gözəldi.

Təbiət nə gözəl, nə füsunkardı,
Bulaqlarının suyu sanki şərabdı.
Bu əsən xəzridi, telə daraqdı,
Yurdumun gecəsi, danı gözəldi,
Ayazı, şaxtası, qarı gözəldi.

İsmayıllı rayonunun Basqal qəsəbəsi Azərbaycanın elminə, təhsilinə, iqtisadiyyatına, ədəbiyyatına, bir sözlə, bir cox vacib sahəyə görkəmli insanlar bəxş edib. Belə əvəzsiz insanlardan biri də sağlığında özünün heykəlini ucaltmış tanınmış pedaqoq, görkəmli jurnalist, istedadlı söz sahibi, nəcib və xeyirxah insan Miryavər Hüseynovdur. Basqal qəsəbəsindəki “Qoşa bulaq” istirahət mərkəzində bu işıqlı ziyalımızın əziz xatirəsinin və şərəfli həyat yolunun əbədiləşdirilməsinə istedadlı jurnalist Daşdəmir Əjdəroğlunun həsr etdiyi “Basqalın Miryavər abidəsi” adlı kitabının təqdimatı keçirildi.
Tədbiri giriş sözü ilə tanınmış qələm sahibi, “Neft daşları” qəzetinin baş redaktoru Xeyrulla Ağayev açaraq, Miryavər müəllim şəxsiyyətindən, ziyalılığından söz açıb, onun Basqal kənd orta məktəbindəki 36 illik pedaqoji fəalliyyətindən danışıb, onun bir dost, bir müəllim, bir jurnalist, işini, sənətini sevən bir insan kimi xarakterizə edib. Tədbirə dəvətli olan Milli Məclisin deputatı, Qızıl Aypara Cəmiyyətinin sədri. Miryavər müəllimin yaxın dostu Novruzəli Aslanovun üzrlü səbəbdən iştirak etməməsini və səmimi salamlarını iştirakçılara çatdırıb.
Söz alan kitabın redaktoru dövlət qulluğunun baş müşaviri, elm polkovniki, “Elm və Təhsil” qəzetinin baş redaktoru Pərixanım Mikayılqızı Daşdəmir Əjdəroğlunun müəllifi olduğu “Basqalın Miryavər abidəsi” kitabına, eləcə də burada toplanmış müxtəlif mövzulu yazılara, xatirələrə münasibət bildirərkən qeyd edib ki, kitab qısa müddətə - 2 aya ərsəyə gətirilib, kitab bir əvvəl çap edilsə də, bu zamana düşməsini təsadüfi hal adlandırmayıb. Qeyd edib ki, kitabın ictimaiyyətə vaxtında təqdim edilməməsi təvazökarlıq nümunəsidir. O, həmçinin müəllifin əziyyətini, qarşıya çıxan problemləri də iştirakçıların nəzərinə çatdırıb.
Tanınmış ziyalımız, Əməkdar hüquqşünas İkram Kərimov, “Prant” firmasının prezidenti, beynəlxalq mükafatlar laureatı, BEA-nın fəxri üzvü Ağayusif Ələkbərov, istefada olan polis polkovniki Əziz Mövlamov, Əməkdar jurnalist, “Yeni təfəkkür” qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova, istedadlı jurnalist, bir çox media mükafatının laureatı Təranə Cəbiyeva öz çıxışlarında ürək sözlərini böyük kədər hissi ilə bölüşüb, Miryavər Hüseynov haqqında kövrək xatirələrini danışıb, onun belə bir anım gününə layiqli bir insan olduğunu qeyd edib, müəllifin ünvanına layiq olduğu arzuları çatdırıblar.
Miryavərsevərlər – müəllifin sənət dostları Lətifə Əliyeva, Şahməmməd Dağlaroğlu, Cəmil Dadaşov, Bəhruz Məmmədov, Yusif Məhəmmədoğlu, Rəna Mirzəliyeva, Hacıməmməd Məmmədov kitabın səbəbkarı Miryavər Hüseynovun işıqlı xatirəsindən söz açıb, eyni zamanda kitabın hazırlanıb oxucuya təqdim olunmasında gərgin əmək sərf etmiş Daşdəmir Əjdəroğlunun yaradıcılıq uğurlarını göz önünə gətirib, bu kitabı öz müəlliminə olan ehtiramın və diqqətin təzahürü olduğunu qeyd ediblər. Lətifə Əliyeva Miryavər müəllimin Basqalın abidəsi olduğunu bildirməklə yanaşı D.Əjdəroğlunu da bu abidəni tarixdə, əsərlərdə və qədirbilən insanların qəlblərində yaşadan yaradıcı insan – Miryavər Hüseynovun davamçısı kimi xarakterizə edib.
Mərhum M.Hüseynovun müəllim yoldaşları olan rayon təhsilinin aparıcı simaları – Hafiz Kərimov, Hikmət Haqverdi, Qalib Bəşirov, Əhmədağa Ələkbərov da çıxışlarında onunla bağlı xatirələrini nəzərə çatdırıblar. Qeyd ediblər ki, Miryavər müəllimin üzündə xoş bir təbəssüm, işıq vardı. Bu işıq onun ürəyindən, qəlbindən gəlirdi. Əslində, müəllim qəlbi işıqlı olmalıdır ki, onun etdikləri də işıqlı alınsın. Miryavər müəllimin yetirməsi olan D.Əjdəroğlu bu ziyanı, bu nuru oxuculara çatdıra bilibsə, özünü xoşbəxt sana bilər. Bir də müəllifin işi təkcə Basqal və onun cəmiyyətə bəxş etdikləri ilə bitməməlidir, o, həmçinin İsmayıllı ziyalıları, tanınmışları, ümumiyyətlə, rayonun adını uca tutan, şərəfləndirən insanları haqqında da kitabları qələmə almalıdır.
İsmayıllı RİH başçısının Basqal qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi Novruz Əsədov, Qarabağ müharibəsi şəhidi Rəmzi Novruzov adına Basqal qəsəbə orta məktəbinin direktoru Yeganə Ağayeva da ev sahibi kimi xatirələrini bölüşüb, Miryavər Hüseynovun Basqalın canlı ensiklopediyası olduğunu vurğulayıblar. Onun cismani yoxluğunu Basqalın böyük itkisi kimi qeyd ediblər. N.Əsədov Basqalın küçələrindən birinə Miryavər Hüseynovun adını verilməsi haqqında RİH başçısının sərəncamının mətnini oxuyaraq sənədi böyük oğlu Hacı İlqar Hüseynova təqdim edib.
Miryavər müəllimin ailəsi – ömür-gün yoldaşı Pərvizə xanımın, Hacı İlqarın, Rayihə xanımın, Zəfərin adından ortancıl oğlu Seyidrəsul Hüseynov tədbirə təşrif buyurmuş ziyalılara, dostlara, qonaqlara, miryavərsevərlərə öz təşəkkürünü bildirib.

Miryavər müəlim

Deməyə sözüm çox, deyə bilmirəm,
Onsuzluq, sonsuzluq dözə bilmirəm.
Onu kimsə ilə bölə bilmirəm,
Alimlər-alimi, Miryavər müəllim.

Ürək ürək deyil, müəllim, sənsiz,
Dağdan dağ olarmı sissiz-çiçəksiz.
Ölümlə üzləşdin, şərtsiz-qərəzsiz
Atamın qardaşı, Miryavər müəllim.

Qartal səni gəzir uca göylərdə,
Kəklik səni gəzir yaşıl çöllərdə.
Laləli düzlərdə, göy çəmənlərdə,
Sənin izin qalıb, Miryavər müəllim.

Ata kəlməsinə həsrət qalmışam,
Yaşa dolsam belə uşaq qalmışam.
Ömür boyu səndən ilham almışam,
Adına qurbanam, Miryavər müəllim.

Sən bizə dövlət də, var da qoymusan,
Sən bizə zinət də, zər də qoymusan.
Sən hər şeydən uca bir ad qoymusan,
Sənə minnətdarıq, Miryavər müəllim.

Daşdəmir Basqalın bir parçasıdır,
Bu qoca dünyada o, çox naşıdır.
İlqarın qardaşı, həm sirdaşıdır,
Bir pirdi. ocaqdı Miryavər müəllim.


Xatirə kitabı haqqında bildirmək istəyirəm ki, burada Miryavər Hüseynovun pedaqoji fəaliyyəti, bədii yaradıcılığı haqqında geniş məlumat, sənət dostlarının, tələbələrinin, onu yaxından tanıyan, vaxtilə yaxşılıq etdiyi insanların ürək sözləri, yaratdığı əsərlərdən nümunələr, davamçılarından bir qrupunun xatirələri, həmçinin onun ailə albomindan bir çox nümunə yer alıb.
Yığcam qeydlərimin sonunda bu sözləri tam səmimiyyətlə deyirəm: Uğurlar, Daşdəmir Əjdəroğlu! İnanıram ki, sənin gələcəyin daha da uğurlu olacaq. Bu çətin və məsuliyyətli yollarda büdrəməyərək həmişə düz yolla getməyini arzulayıram.

*
P.S. Yuxarıda bir məqamı xatırlatdım. O da ondan ibarət idi ki, kitabın təqdimatının gecikdirilməsidir. Bu barədə çox danışmaq olar. Amma bir məqama xüsusi diqqət yetirmək istəyirəm. Son illər İsmayıllı ziyalılarının bir çoxuna münasibət ürəkaçan deyil. 2010-cu illərdən başlamış İsmayıllı birliyi nədənsə bu gün zəif görünür. Rayon tədbirlərində Bakıda yaşayan İsmayıllı ziyalılarının az-az görünməsinin yaxud görünməməsinin günahkarı kimdir görən?
Nəinki Basqalın və İsmayıllının, mübaliğəsiz Azərbaycanın həqiqi, saf, pak ziyalısı, ömrünü azəri balalarının elmlənməsinə sərf etmiş Miryavər Hüseynova olan laqeyd münasibət, xəsis yanaşma bir çoxunu düşündürməlidir. Əvvəlcə rayon mərkəzində nəzərdə tutulmuş tədbirin sonradan ömrünü şam kimi dərs otaqlarında əritdiyi Basqal qəsəbə orta məktəbinə ünvanlanması, son anlarda bunun da üstündən müxtəlif bəhanələrlə xətt çəkilməsi Miryavər Hüseynov şəxsiyyətinə olan hörmətsizlik, diqqətsizlik deyilmi? Bu tədbir baş tutdu, alındı, amma Miryavərsevərlərin, insansevərlərin əlbirliyi, təşkilatçılığı sayəsində. Məkan kişik olsa da, ürəklərin böyüklüyünü, insanların mərhəmətini, diqqətini, Miryavər müəllimə olan sevgisini sözlə ifadə etmək çətindir. Əslində bu diqqəti, sevgini öldürmək böyük faciənin başlanğıcı deməkdir. Amma Miryavər Hüseynova olan xalq diqqəti, el sevgisi bu gün də güclüdür, yaşayır və yaşayacaq!
Allahdan Miryavər müəllimə rəhmət diləyirəm.

Daşdəmir ƏJDƏROĞLU

Oxunub: 270
Oxşar xəbərlər
SON XƏBƏRLƏR